Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1075/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1758/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “Mercedes Vita” markalı mikroavtobus almaq məqsədilə 2019-cu ilin avqust ayının sonları, yaxud sentyabr ayının əvvəllərində sonuncuya verdiyi 5.000 avronun, həmin avtomobilin gəmi ilə daşınmasına sərf etdiyi 1.000 avronun, təmirinə sərf etdiyi 1.000 manatın və Azərbaycan Respublikasına gətirərək Gürcüstan Respublikasına qaytarmağa sərf etdiyi 500 manatın, ümumilikdə isə 12.900 manat məbləğində pul vəsaitindən ona ödəmədikləri 5.370 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin iyun ayında sərnişin daşımaq üçün özünə “Mersedes Vita” markalı mikroavtobus almaq qərarına gəlmişdir. Bu barədə əslən Zərdab rayonunun Şəftəhal kəndindən olan, hazırda ünvan 1 ünvanında yaşayan dostu X2 bildirdikdə, Vüsal ona demişdir ki, əmisi oğlu Cavabdeh2 hazırda Almaniyada yaşayır. Vüsal Xəlilov ona təklif etmişdir ki, mikroavtobusu əmisi oğlu Rəşad Almaniyada alıb ona göndərsin. Vüsal Xəlilov digər əmisi oğlu X1 Rəşadın nömrəsini almış, O da Rəşadla əlaqə saxlayıb Vita markalı mikroavtobusun alınmasında ona köməklik göstərməsini xahiş etmişdir. Rəşad bildirmişdir ki, heç bir problem yoxdur və ona bütün köməkliyi edə biləcəkdir. Rəşada mikroavtobusu almaq üçün 5 000 avro məbləğində pul verə biləcəyini demişdir. Həmçinin, onunla razılaşdırmışdır ki, avtomobilin bütün daşıma xərclərini özü ödəyəcəkdir. Rəşad həmin pulun dəyərində mikroavtobus alıb ona göndərəcəyini vəd etmişdir. Telefon danışıqları zamanı o Rəşada bir neçə dəfə təklif etmişdir ki, pulu bank vasitəsilə onun adına göndərsin. Lakin Rəşad hər dəfə bildirmişdir ki, pulu Bakı şəhərində adını deyəcəyi şəxsə verməlidir. Təxminən bir aydan sonra, yəni 2019-cu ilin iyul ayının sonları, yaxud avqust ayının əvvəllərində Rəşad axşamüstü ona zəng edərək bildirmişdir ki, 5 000 avro pulu aparıb Bakı şəhəri Böyük Şor qəsəbəsində yaşayan əmisi Cavabdeh1 əlbəəl versin. Ağaməhəmmədlə telefon əlaqəsi saxlayıb ona demişdir ki, pulu sabah verəcək. Artıq Ağaməhəmmədin pulla bağlı məlumatı var imiş. Səhərisi tezdən Gəncə şəhərinə getdiyi üçün 5 000 avro pulu evdən götürüb saat 07:00 radələrində digər dostu – Gürcüstan vətəndaşı, hazırda Xırdalan şəhəri, “Abşeron Gənclər şəhərciyi”ndə yaşayan X3 verərək ondan xahiş etmişdir ki, pulu aparıb Rəşadın əmisi Cavabdeh1 çatdırsın. Yolda olduğu vaxt Ceyhun və Ağaməhəmmədlə telefon əlaqəsi saxladıqda bilmişdir ki, artıq Ceyhun 5 000 avro pulu aparıb ona yaşadığı evin yaxınlığında yerləşən “Arzu” marketin qarşısında vermişdir. Həmin gün Rəşada Vatsap vasitəsilə mesaj göndərmişdir ki, 5 000 avro pulu əmisi Cavabdeh1 çatdırmışdır. Rəşad razılığını bildirərək onunla telefon əlaqəsi saxlayacağını bildirmişdir. Həmçinin, bildirmişdir ki, yaşadığı yerdə qonşusu olan şəxs Vita markalı avtomobili satmaq istəyir və artıq həmin şəxslə danışmışdır. Rəşadın dediyinə görə qonşusu maşını üç aydan sonra satacaqdır. Çünki, özü də yeni maşın almalıdır. O da Rəşadla razılaşmışdır. Üç aydan sonra Rəşad onunla telefon əlaqəsi saxlayıb demişdir ki, qonşu mikroavtobusla qəza törətmiş və maşın əzilmişdir. Rəşada təklif etmişdir ki, həmin avtomobilin fotoşəklini çəkib ona göndərsin, ciddi əzintiləri yoxdursa, özü təmir etdirər. Lakin Rəşad həmin avtomobilin şəkillərini göndərməmiş və sonrakı danışıqlarda bildirmişdir ki, guya ona digər mikroavtobus alacaqdır. Yenə üç ay keçmiş, lakin Rəşad ona mikroavtobus alıb göndərməmişdir. Bir neçə gün keçdikdən sonra Rəşad yenidən zəng edib bildirmişdir ki, artıq ona 4 750 avroya Vito markalı avtomobil almış, yaxın günlərdə Azərbaycana yola salacaqdır. Ondan mikroavtobusun hansı ildə istehsal olunduğunu və evro-3 yaxud evro-4 sistemli olduğunu soruşmuşdur. Rəşad bildirmişdir ki, mikroavtobus 2005-ci il buraxılışlı olmaqla evro-4 sistemlidir. Ona 2005-ci il buraxılışlı avtomobilin evro-3 sisteminə aid olduğunu desə də, Rəşad əmin şəkildə bildirmişdir ki, həmin avtomobili yoxlatdırmış və evro-4 sistemli olduğunu dəqiqləşdirmişdir. Yəni, o, bu məsələyə tam cavabdeh olduğunu əminliklə bildirmişdir. O da Rəşada inanmışdır. Rəşad iki gündən sonra ona zəng edərək bildirmişdir ki, artıq mikroavtobusu gəmi ilə yola salmış və avtomobil bir aydan sonra Batumi limanına gələcəkdir. Lakin, mikroavtobus Rəşadın dediyi vaxtda gəlib çıxmadı. Təxminən 70 gündən sonra mobil telefonuna zəng gəlmişdir ki, adına göndərilmiş mikroavtobus Batumi limanına gəlib çıxmışdır. Bu dövrdə bir neçə dəfə Rəşadla əlaqə saxlamışdır. Hər dəfə Rəşad müxtəlif bəhanələr gətirib guya gəminin yubandığını, limanın bağlı olduğunu demişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə Batumi şəhərinə gedib mikroavtobusa baxdıqda avtomobilin tam halda yararsız və ban hissəsinin çürük olduğunu görmüşdür. Bununla belə məcbur qalıb avtomobili Azərbaycan gətirmişdir. Bundan ötrü gəmiyə 1 000 avro ödəmiş və idarə etmək üçün təmirinə 1 000 manat pul xərcləmişdir. Bakı şəhərinə gəldikdən sonra həmin mikroavtobusu qeydiyyata aldırmaq üçün 24 və xx xxxxxx 2019-cu il tarixlərində “Meyvəli” adlı ərazidə yerləşən DYP-ə getmiş və gömrük rüsumunun bir qismini, yəni 103 manatını ödədikdən sonra məlum olmuşdur ki, mikroavtobus evro-3 sistemli olduğu üçün dövlət qeydiyyatına alına bilməz. Orada ona avtomobili ölkədən çıxarmaq üçün 36 saat vaxt verilmişdir. Rəşada və əmisi Ağaməhəmmədə zəng edərək bu barədə onlara xəbər vermişdir. Ağaməhəmməd oraya gəlib avtomobili qeydiyyata aldırmağa çox çalışsa da, mümkün olmadı. Ona da izah edilmişdir ki, mikroavtobus evro-3 sistemli olduğu üçün qeydiyyata alınması mümkün deyildir. Ağaməhəmməd ona təklif etmişdir ki, avtomobili aparıb Gürcüstanda satsın. Geri qayıtdıqdan sonra ya pulunu tam halda qaytaracaqlar, ya da ona yeni mikroavtobus alacaqlar. Odur ki, məcbur olub 2019-cu ilin dekabr ayının 26-dan 27-ə keçən gecə mikroavtobusu idarə edərək Gürcüstan Respublikasına aparıb orada Cavabdeh1 və Cavabdeh2 razılığı ilə 2 800 ABŞ dollarına satmışdır. Rəşad ona təklif etmişdir ki, həmin pulu göndərsin və ona yeni mikroavtobus alacaqdır. Vaxtını soruşduqda Rəşad bu barədə konkret bir söz deməmişdir. Hətta Rəşada demişdir ki, 2020-ci ilin fevral ayınadək ona mikroavtobus alıb göndərəcəksə, 2 800 ABŞ dollarını tam halda ona göndərsin. Lakin Rəşad mikroavtobusu alıb ona göndərəcəyini deməmişdir. Odur ki, 2 800 ABŞ dolları onda qalmışdır. Bir neçə dəfə Ağaməhəmmədin evinə gedərək ondan xahiş etmişdir ki, ya pulunu qaytarsın, ya da ona yeni mikroavtobus alıb versinlər. Lakin, o, hər dəfə müxtəlif vədlər verərək Rəşadla danışacağınıbildirmişdir. 2020-ci ilin yanvar ayında atası Bakı şəhərinə gələrək məsələdən xəbər tutmuş və özü Cavabdeh1la görüşüb ondan pulunu tələb etmişdir. Ağaməhəmməd mübahisədə onun heç bir təqsirinin olmadığını, yalnız qardaşı oğlu Rəşadın günahkar olduğunu bildirərək atasına qəsdən vəd verib bir gün ərzində problemi həll edəcəyini bildirmişdir. Bununla belə Rəşadla bərabər Cavabdeh1 da onu aldadıb pulunu hal-hazıradək qaytarmamışlar. Ağaməhəmmədə 5 000 avro, yəni 9 500 manat nağd pul vermişdir. Bundan başqa Cavabdeh2 göndərdiyi mikroavtobusu Batumidə gəmidən qəbul edərkən 1 000 avro, yəni 1 900 manat pul ödəmişdir. Həmçinin, mikroavtobusun təmirinə Gürcüstan Respublikasının Marneuli şəhərində 1 000 manat pul xərcləmişdir. Mikroavtobusu Bakı şəhərinə gətirməyə və Gürcüstana qaytarmağa təxminən 500 manat pul sərf etmişdir. Yəni, bu işə ümumilikdə 12 900 manat pulu çıxmışdır. Həmin puldan yalnız mikroavtobusu Gürcüstan Respublikasında 2 800 ABŞ dollarına satıb təxminən 4 800 manatını bərpa etmişdir. Hətta Cavabdeh1 təklif etmişdir ki, 8 100 manat pulundan ona cəmi 6 000 manat qaytarsın, mübahisə həllini tapsın. Lakin o, yenə də müxtəlif vədlərlə aldadaraq pulunu verməmişdir. Aralarındakı mübahisə ilə bağlı Cavabdeh2la dəfələrlə Vatsap sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq danışmışdır. Rəşad bir neçə dəfə ona səsli mesaj göndərərək ondan 5 000 avro məbləğində pul aldığını etiraf etmiş, lakin ona cəmi 1 500 avro qaytaracağını bildirmişdir. Həmin səsli mesajların bir hissəsini iki ədəd diskə köçürüb iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh1la qardaşı oğlu Cavabdeh2 onu aldadıb 8 100 manat pulunu qaytarmadıqları barədə xx xxxxxx 2020-ci il tarixdə Nərimanov RPİ-ə yazdığı şikayət ərizəsi ilə bağlı RPİ-nin 17-ci Polis Şöbəsində araşdırma aparılmış və bu məsələnin mülki mübahisə olduğu qənaətinə gəlinib təhqiqatçı tərəfindən cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərar qəbul olunmuşdur. Bundan üç gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 ona 1 500 avro, yəni indiki kursla 2 730 manat pul verib qalan borclarını verməyəcəklərini bildirmişdir. Beləliklə, Cavabdeh1la qardaşı oğlu Cavabdeh2 5 370 manat pulunu ona qaytarmaqdan imtina etmişlər. Buna görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1758/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual qanunvericiliyin tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şiakyətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəmə məlumat verməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materiallarında olan Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, İddiaçı ərizəsinə görə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün aidiyyatı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan bank sənədlərinin tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Zahir Əliyev tərəfindən xx xxxxxx 2019-cu il tarixdə 800 avro və 100 avro olmaqla nəqliyyat xərcləri ödənilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı “Mercedes Vita” markalı mikroavtobusun alınması üçün Cavabdeh2 ilə danışmış, Cavabdeh2 mikroavtobusun alınması üçün lazım olan vəsaitin əmisi Cavabdeh1 verilməsini istəmiş, İddiaçı 5 000 avro vəsaiti Cavabdeh2 istəyi ilə onun əmisi Cavabdeh1 vermişdir. Cavabdeh2 “Mercedes Vita” markalı mikroavtobusu Almaniya Federativ Respublikasında alaraq iddiaçı tərəfindən qəbul edilməsi üçün gəmi ilə Gürcüstan Respublikasının Batumi limanına göndərmişdir. 2019-cu ilin dekabr ayında sözü gedən mikroavtobus Batumi limanına gətirilmiş, iddiaçı həmin avtomobili orada qəbul etmiş və daşınma xərcini ödəmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı, aralarında olan şifahi razılaşmaya əsasən cavabdehlərə, onun üçün avtomobil alınması təmiri məqsədilə pul verdiklərini iddia etdiyindən, kollegiyanın qənaətinə görə, onun tələblərinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 782.1-ci maddəsinə görə isə, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. İşin müəyyən edilmiş hallarına əsaəsn İddiaçı cavabdehlərə “Mercedes Vita” markalı mikroavtobusun gətirilməsi tapşırığının verilməsi və bunun üçün pulun ödənilməsi faktı, həmçinin, mikroavtobusun Cavabdeh2 tərəfindən göndərilməsi və İddiaçı tərəfindən qəbul edilməsi öz təsdiqini tapmışdır. Bununla belə kollegiya hesab edir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, cavabdehlər tərəfindən tapşırığın vicdanla icra edilməməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. X8 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə 800 avro və 100 avro olmaqla nəqliyyat xərclərinin ödənilməsinə və bu barədə məhkəməyə təqdim edilən sübuta münasibətdə məhkəmə kollegiya edir ki, iddiaçının özünün də birinci instansiya məhkəməsinin məhkəmə iclasında etiraf etdiyi və işin mübahisələndirilməyən halı kimi qəbul edilən cavabdehlər tərəfindən iddiaçıya sonradan 1.500 avro məbləğində pul vəsaiti geri qaytarılması ilə əhatə edildiyindən həmin hissədə də iddia tələbi əsassızdır. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin “....ona ödəmədikləri 5 370 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi” hissəsi barədə gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı həm iddiaçı, həm də cavabdeh tərəfin təsdiqləyi, o cümlədən sənədlərlə təsdiqlənən faktlardan göründüyü kimi iddiaçı tərəfindən maşının alınması üçün 5 000 avro, maşının daşınması üçün 900 avro məbləğində xərc çəkilmişdir. Həmçinin, iddiaçı tərəfin izahatından da görünür ki, cavabdehlər tərəfindən ona 1.500 avro məbləğində pul vəsaiti geri qaytarılmışdır. 1.500 avro məbləğində pulun ödənilməısini məhkəmədə tərəflər mübahisələndirməmişdir. Lakin iddia tələbində göstərilən maşının təmirinə çəkilmiş 1 000 manat məbləğində xərcə, həmçinin, mikroavtobusun Azərbaycan Respublikasına gətirilərək geriyə Gürcüstan Respublikasına qaytarılmasına sərf edilmiş 500 manat məbləğində xərcə və maşının Gürcüstan Respublikasında iddiaçının iddia etdiyi kimi 2.800 ABŞ dollarına satılmasına dair sübutlar təqdim edilməmişdir. Gürcüstan Respublikasında iddiaçının iddia etdiyi kimi nəyə görə məhz 2.800 ABŞ dollarına nəqliyyat vasitəsinin satılması, habelə satılmanı təsdiq edən sübutlar təqdim edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1758/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1075/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1075/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver