Məhkəmə qərarları › İş №2(103)-1075/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1075/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1075/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: “faiz borcu”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-295/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ASC (Bank) və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən bank borcalana 12.000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 16.5% ödənilmək şərtilə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit 36 ay müddətinə və şəxsi istehlak məqsədi üçün verilmişdir.

2. Daha sonra İddiaçı ASC (Bank) və Cavabdeh1 (Borc alan) arasında xx.xx.2021-ci il tarixdə xx.xx.2019-cu il tarixli, 105804-618360/2 nömrəli kredit müqaviləsinə əlavə razılaşma bağlanmış və həmin əlavə razılaşma ilə xx.xx.2019- cu il tarixli, 105804-618360/2 nömrəli kredit müqaviləsinin 1.2-ci bəndinin mətnində “36 ay müddətinə” sözləri “48 ay müddətinə” sözləri ilə əvəz edilmiş, bu əlavə razılaşma imzalandığı tarixdən xx.xx.2019-cu il tarixli, 105804-618360/2 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş əsas borc kapitallaşdırılaraq adi əsas borca əlavə edilərək kredit ödənişlərinin yeni ödəniş cədvəli üzrə hesablanması qərara alınmışdır.

3. İddiaçı ASC (Bank) və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 105804- 618360/2 nömrəli zaminlik müqaviləsi ilə zamin borcalanın xx.xx.2019-cu il tarixli, 105804-618360/2 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 4149.07 manat əsas borc və 3414.36 manat faiz borcu, Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə hesablanmış 209.76 manat faiz borcu olmaqla, cəmi 7773.19 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tələbdə göstərilib ki, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. xx.xx.2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4149.07 manat məbləğində əsas borcu və 3414.36 manat faiz borcu olmaqla, ümumilikdə 7563.43 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borclanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-295/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia tələbinin qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3697.61 manat əsas borc, 608.41 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 186.93 manat faiz borcu olmaqla, cəmi 4492.95 (dörd min dörd yüz doxsan iki manat doxsan beş qəpik) manat məbləğində borcun və 64.93 (altmış dörd manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin halları və mülki qanunvericiliyin yuxarıda istinad edilmiş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı bank cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş məbləğdə krediti borcluya (cavabdehə) vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Həmçinin borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank iddia tələbini hər iki cavabdehə qarşı yönəltməkdə də haqlı olmuşdur. Lakin məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək, məhkəmədən iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/3060 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 105804-618360/2 saylı kredit müqaviləsinin və xx.xx.2021-ci il tarixli əlavə razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 1) xəbərdarlıq məktubu ilə cavabdehə müraciət olunduğu tarixə xx.xx.2023-cü il tarixə - əsas borc üzrə - 3697.61 manat, faiz borcu üzrə - 608.41 manat. Məhkəmə ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsində qəbul edilmiş bu rəyin əsaslılığını şübhə altına alan heç bir hal müəyyən edilməmiş, tərəflərin də bununla bağlı heç bir dəlili olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, rəylə razılaşmamaq üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 23) istinad edilmiş qərarında qeyd edilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyən cavabdeh Borcalandan icra edilməmiş öhdəliyin tam olaraq icra edilməsini tələb etdiyi və Borcalanın bunu təmin etmədiyi andan kredit müqaviləsindən imtina etmiş sayılır. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi həmin andan ləğv edilmiş hesab edilməlidir. Konstitusiya Məhkəməsi Plenumun yuxarıda istinad edilmiş qərarında, həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qərarda o da qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı Bank Cavabdeh1 yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, Borcalanın müqavilə ləğv edildiyi ana olan faiz borcu 608.41 manat (xx.xx.2024-cü il tarixli, 9/3060 nömrəli ekspert rəyinə uyğun olaraq) məbləğində olsa da, iddiaçı Bank, müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 3414.36 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə istinadla hesab edir ki, iddiaçı Bankın belə bir hüququ olmamış, onun cavabdehdən tələb edə biləcəyi faizin məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək olan faiz borcunun məbləği ilə məhdudlaşmışdır. Odur ki, iddia tələbi faiz borcuna münasibətdə qismən - 608.41 manat həcmində təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı ASC apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə tam təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hеsablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin krеditоra ödənildiyi günə qədər tutulur. Bank tərəfindən iddia ərizəsi verilən günə kimi cavabdehin ödəməli olduğu faizlərin məbləği hesablanmış və həmin məbləğ ona qarşı tələb kimi irəli sürülmüşdür. Məhkəmə iş üzrə ekspertiza təyin etmiş və ekspert kredit müqaviləsi üzrə borcu hesablayarkən Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini nəzərə almayaraq borcu hesablamışdır. Belə ki, ekspertə təqdim edilmiş hesabdan çıxarış onun tərəfindən düzgün nəzərə alınmamış və nəticədə irəli sürülmüş tələblə ekspertin müəyyən etdiyi məbləğ arasında olan fərqin hüquqi əsaslandırılması aparılmamışdır. Kredit müqaviləsinin 8.3-cü bəndinə əsasən, müqavilənin və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0.5 faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilməlidir. Odur ki, cavabdeh razılaşdırılmış cədvəl üzrə ödənişləri etmədiyinə görə kredit üzrə əsas və ona hesablanan faiz borcunun ödənilməsi gecikdirilmişdir. Buna görə də müqavilənin 8.3-cü bəndinə əsasən gecikdirilmiş əsas borca faizlər (dəbbə pulu) hesablanmış və ümumilikdə 882.06 manat məbləğində gecikdirilmə faizinə (dəbbə puluna) silinmişdir. Lakin müqavilənin 8.3-cü bəndinə əsasən aparılmış silinmələr ekspert rəyində öz əksini tapmamışdır. Ekspert rəyində həmin silinmələr gecikdirilmə faizi (dəbbə pulu) kimi nəzərə alınmasa da ekspert qeyri-peşakarlıq göstərək həmin silinmələri əsas və faiz borcundan silmişdir. Halbuki, ekspert kredit müqaviləsi və təqdim edilmiş sənədlərlə ətraflı tanış olsaydı ona aydın olardı ki bank müqavilənin 8.3-cü bəndinə və qanunvericiliyin tələblərinə əsasən hesabalınmış gecikdirlmə faizləri (dəbbə pulu) tutma hüququ var və hüquqdan istifadə edərək həmin ödənişləri Mərkəzi Bankın təlimatları üzrə silmişdir. Ekspert rəyi ilə müəyyən olunmuş borc məbləği ilə bankın tələb etdiyi borc məbləği arasında fərq yaranmışdır. Məhkəmə bank tərəfindən təqdim edilmiş sənədləri ekspert rəyinə münasibətdə düzgün qiymətləndirməmiş və nəticədə bu hal düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, qeyd olunur ki bankın təqdim etdiyi hesabdan çıxarışdan görünür ki cavabdeh tərəfindən ödənilmiş 12,371.39 manat pul vəsaitinin Mərkəzi Bankın müəyyən etdiyi hesablar planına uyğun olaraq iddiaçı tərəfindən 7,850.93 manat məbləğində olan hissəsinin əsas və vaxtı keçmiş əsas borcuna, 3,638.4 manat məbləğində olan hissəsinin faiz və vaxtı keçmiş faiz borclarına, 882.06 manat məbləğində hissəsinin gecikdirilmiş əsas məbləğə hesablanan faiz borcundan (müqavilənin 8.3-cü bəndi) silinmişdir. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixli ekspert rəyində ekspert tərəfindən həmin 12,371.19 manat pul vəsaitinin 8,302.39 manat hissəsi əsas borca, 4,068.8 manat isə faiz borca silinməsi qeyd edilmişdir. Odur ki, aydındır ki, bank tərəfindən silinmələr Mərkəzi Bankın təlimatlara uyğun aparılır, lakin ödənilmiş pul vəsaitinin silinmə formasının ekspert tərəfindən hansı qaydalara və təlimatlara uyğun aparıldığı göstərilməmişdir. Edilmiş ödənişlərin hansı qaydada və ardıcılıqda silinməsi müqavilənin 4.5-ci bəndində göstərilir. Hesabdan çıxarışda və ekspert rəyində aydın görünür ki kredit borcu gecikmələr olmaqla ödənilib. Lakin buna baxmayaraq müqavilənin şərtlərinə və Mərkəzi Bankın müəyyən etdiyi hesablar planına ekspert tərəfindən riayət olunmadan və gecikdirilmiş əsas borca hesablanan gecikmə faizləri (dəbbə pulu) nəzərə alınmadan edilmiş ödənişlər yalnız əsas və faiz borcdan silinmişdir. Əgər ekspert kredit müqaviləsi ilə tanış olub 8.3-cü bəndinə nəzərə alsaydı onda başa düşülərdi ki Bank həmin müqavilənin və Mərkəzi Bankın hesablar planına əsasən kredit borcu üzrə gecikdirilmə faizləri hesablamış və ona uyğun silinmələr aparmışdır. Odur ki, ekspertin qeyri-peşakar yanaşması nəticəsində düzgün rəy verilməmişdir. Həmçinin ekspert rəyində göstərilir ki, təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, edilmiş cəmi 12,371.19 manat ödənişin bank tərəfindən 8,302.39 əsas borca və 4,068.8 manat faiz borca silinmişdir. Halbuki, hesabdan çıxarışdan aydın görünür ki, bank silinmələri hansı qaydada aparmışdır (7,850.93 manat əsas borca və 4,520,46 manat ümumi faiz borcuna (faiz borcu, gecikdirilmiş faiz borcu və gecikdirilmə faizləri (dəbbə pulu). Odur ki, ekspert qərəzli olaraq öz mövqeyini (silinməni) bankın mövqeyi (silinməni) kimi təqdim etmişdir. Qeyd edirik ki, bank iddia tələbində gecikdirilmə faziləri (dəbbə pulu) tələb etməsə də, sistem üzrə əsas borca gecikdirilmə faizlərini hesablanması aparılır və edilmiş ödənişlər məhkəmə qətnaməsi qəbul olunanadək həm əsas və faiz borcundan, həmdə ki, gecikdirilmə faizlərindən silinir. Bütün silinmələr təqdim olunmuş hesabdan çıxarışda aydın göstərilir. Ekspert öz tədqiqatında hesabda çıxarışda göstərilən məbləğləri əsas götürür, lakin, aparılan silinmələrin təyinatına əhəmiyyət vermir. Eyni zamanda da məhkəmə də bunlara diqqət yetirməmişdir. Bütün bu hallar, yəni təqdim olunmuş sübutlarla ekspert rəyləri arasında olan uyğunsuzluqlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Bu səbəbdən hazırki iş üzrə ekspert rəyi təqdim edilmiş sənədlər üzrə aparılmadığına və qəbul olunmuş qaydalara riayət edilmədiyinə görə sübut kimi qiymətləndirilməməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi və digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın təmin edilməyən hissəsi üzrə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından o hissədə iddia haqlı sayılmır.

20. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının hazırki iddiası təmin edilməyən hissədə əsaslı olmamışdır.

21. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə etmişdir. Ekspert də də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir. Birinci instansiya məhkəməsi də qətnamə qəbul edərkən iddiaçının tələb etdiyi faiz borcu məbləğini deyil, ekspertiza rəyi ilə müəyyən edilmiş faiz borcunu nəzərə alıb həmin hissədə iddianı qismən təmin etmişdir.

22. İddiaçının tələb etdiyi faiz borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspert tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər, hansı ki, birinci instansiya məhkəməsi də bu məqsədlə məhkəmə mühasibatlıq ekspertizası təyin edərək rəy almışdır. 23.Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin faiz borcunun yenidən hesablanması üçün ikinci dəfə hər hansı bir əsas və zərurət olmadağından yenidən ekspertiza keçirilməsinə də ehtiyac qalmır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən alınmış rəyin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görmür. Çünki təmin edilən faiz borcu müqavilə şərtlərinə uyğun və əsas borca kifayət qədər adekvat olmuşdur.

24. Bundan əlavə, apellyasiya şikayətində məhkəmənin Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini nəzərə almadığını göstərilsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstiutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında göstərilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İddiaçı cavabdehə göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə müqavilədən imtina etmişdir. Ona görə də faiz məbləği müqavilə müddəti üçün tələb edilə bilər. Müqavilə ləğv edildikdən və ya ondan imtina edildikdən sonra faiz borcu tələb edilə bilməz. Başqa sözlə, faiz borcu yalnız müqavilə müddəti üçün istənilir, müqavilə müddətindən sonra isə gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz formasında zərər tələb edilə bilər ki, hansı ki, iddiaçı da bunu tələb etmiş və məhkəmə də təmin etmişdir.

25. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-295/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-295/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar