Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10758/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan (bundan sonra, LPO) "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra, ƏSF) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(008)-626/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı LPO «NBC Bank” ASC-nin ləğvedicisi ƏSF Cavabdeh oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanılmış 15.01.2019-cu il tarixli, 99/1350/NİK saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə qaytarılmaq şərti ilə, illik 18% hesablanmaqla 7000 manat məbləğində kredit verilmişdir. Həmçinin, Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanılmş 19.04.2019-cu il tarixli, 99/0390/NPC saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə qaytarılmaq şərti ilə 2.500 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Ayrılmış kredit vəsaitləri təyinat üzrə isitfadə edilsə də, cavabdeh tərəfindən kredit müqaviləsindən və kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri lazımı qaydada icra edilməmiş, tərəflər arasında imzalanmış müqavilə şərtlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Hazırda cavabdehin ləğv prosesində olan “NBCBank" ASC-yə 15.01.2019-cu il tarixli, 99/1350/NİK saylı kredit müqaviləsi üzrə 12 avqust 2020-ci il tarixə hesablanmış 6236,18 manat məbləğində ödənilməmiş əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 1247.22 manat faiz borcu olmaqla, ümumilikdə 7483.40 manat ödənilməmiş borc, 19.04.2019-cu il tarixli, 99/0390/NPC saylı kredit müqaviləsi üzrə 24 avqust 2020-ci il tarixə hesablanmış 2494.04 manat məbləğində ödənilməmiş əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 273,74 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 43,75 manat olmaqla, ümumilikdə 2811,53 manat ödənilməmiş borc qalmışdır. Ona görə də məhkəmədən Cavabdeh ilə ləğv prosesində olan "xxxx" ASC arasında imzalanmış 15.01.2019-cu il tarixli, 99/1350/NİK saylı kredit müqaviləsi üzrə 12 avqust 2020-ci il tarixə hesablanmış 6236,18 Azərbaycan manatı məbləğində ödənilməmiş əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 1247,22 manat faiz borcu olmaqla, ümumilikdə 7483,40 manat ödənilməmiş borc, 19.04.2019-cu il tarixli 99/0390/NPC kredit müqaviləsi üzrə 24 avqust 2020-ci il tarixə hesablanmış 2494,04 manat məbləğində ödənilməmiş əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 273,74 Azərbaycan manatı faiz borcu, gecikdirilmiş vaxt üçün 5 faiz hesablanmış 43,75 manat olmaqla, ümumilikdə 2811,53 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(008)-626/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 15.01.2019-cu il tarixli, 99/1350/NİK saylı kredit müqaviləsi üzrə 6235.89 manat əsas borc, 1247.18 manat faiz borcu, 19.04.2019-cu il tarixli, 99/0390/NPC krdit müqaviləsi üzrə 2449.05 manat əsas borc tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin nəticə hissəsindən də göründüyü kimi iddiaçının iddia tələbinin qismən təmin edilməyinə baxmayaraq, ödənilmiş dövlət rüsumu ondan tam şəkildə tutulmuşdur. Halbuki, ekspertiza xərcinin ondan qismən tutulması qərara alınmışdır. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk növbədə bu hissədə araşdırma aparmalı və hüquqi qiymət verməlidir. Həmçinin, 19.04.2019-cu il tarixli, 99/0390/NPC saylı kredit müqaviləsi üzrə tələb olunan faiz və cərimə borcu silinsə də, 15.01.2019-cu il tarixli, 99/1350/NİK saylı kredit müqaviləsi üzrə tələb olunan faiz borcu silinməmişdir. Hesab edir ki, həmin faiz borcu da silinməli, zərurət yaranarsa, təkrar ekspertiza keçirilməlidir. Hesab edir ki, 15.01.2019-cu il tarixli 99/1350/NİK saylı kredit müqaviləsi üzrə tələb olunan faiz də digər kredit müqaviləsində olduğu kimi ümumiyyətlə silinməlidir. İşə baxan məhkəmə onun hüquqlarını müdafiə edən şəxsin vəsatəti əsasında ekspertiza təyin edib. Lakin məhkəmə hazırki qətnamənin əsasını təşkil edən ekspert rəyi ilə razılaşmamalı idi. Məhkəmə araşdırmasını tam, obyektiv, hərtərəfli şəkildə başa çatdırmaq üçün təkrar ekspertiza təyin etməli, yeni rəy alaraq müqayisəli təhlil aparmalı idi. Hesab edir ki, təkrar ekspertizanın keçirilməsi qaçılmazdır. Onun həmin kredit üzrə ödənişləri tam şəkildə nəzərə alınmayıb, digər tərəfdən isə ekspert tərəfindən faiz hesablanması düzgün aparılmayıb. O, krediti götürərkən özü həmin bankda işləmişdir. Daha sonra o, işini itirmiş və bu səbəbdən ödənişlərdə problemlər yaranmışdır. Ailəlidir, bir övladı var. Anası da atasının vəfat etməsi səbəbindən onun himayəsindədir. 2020-ci il isə başdan-ayağa işsizlik, pandemiya ilə yadda qalmışdır. Mərkəzi Bankdan bütün banklara belə ağır bir şəraitdə faizlərin silinməsi, vətəndaşlara maksimum köməkliyin göstərilməsi tapşırılmışdır. Amma buna baxmayaraq, iddiaçı tərəfindən faiz hesablanması dayandırılmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. iş materiallarına əlavə olunmuş Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanılmış 15.01.2019-cu il tarixli, 99/1350/NİK saylı kredit müqaviləsinə əsasən Cavabdeh bank tərəfindən 36 ay müddətinə qaytarılmaq şərti ilə, illik 18% hesablanmaqla 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanılmış 19.04.2019-cu il tarixli, 99/0390/NPC saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 2500 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. İş materiallarında olan 19.04.2019-cu il tarixli, 99/0390/NPC krdit müqaviləsi üzrə verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 19.04.2019-cu il tarixli, 99/0390/NPC krdit müqaviləsi üzrə 24.08.2020-ci il tarixə 2494.04 manat məbləğində ödənilməmiş əsas borcu, 273,74 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 43,75 manat borcu, ümumilikdə 2811,53 manatı borcu vardır. İş materiallarında olan 15.01.2019-cu il tarixli, 99/1350/NİK saylı kredit müqaviləsi üzrə verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 15.01.2019-cu il tarixli, 99/1350/NİK saylı kredit müqaviləsi üzrə 12.08.2020-ci il tarixə 6236,18 manat məbləğində ödənilməmiş əsas borcu, 1247.22 manat faiz borcu, ümumilikdə 7483.40 manat ödənilməmiş borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarına əsasən Cavabdeh borcun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 23.04.2021-ci il tarixli 9/1785 nömrəli ekspert rəyinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə15.01.2019-cu il tarixli, 99/1350/NİK saylı kredit müqaviləsi üzrə 12.08.2020-ci il tarixə6235.89 manat əsas borcunun, 1247.18 manat faiz borcunun, 19.04.2019-cu il tarixli, 99/0390/NPC kredit müqaviləsi üzrə 2449.05 manat əsas borcunun olduğu, faiz borcunun isə olmadığı müəyyən edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında iki kredit müqaviləsi bağlanmış, həmin müqavilələr üzrə cavabdeh tərəfindən öhdəlikləri yerinə yetirilməmiş və nəticədə onun bank qarşısında 15.01.2019-cu il tarixli müqavilə üzrə 6235.89 manat əsas borcu, 1247.18 manat faiz borcu, 19.04.2019-cu il tarixli müqavilə üzrə isə 2449.05 manat əsas borcu ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyində müəyyən edilmiş borc məbləğini əsas götürməklə iddianı qismən təmin etmişdir. Məhkəmə həmçinin, dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, 100 manat məhkəmə ekspertizası xərcinin isə tərəflərin hər birinə 50 manat olmaqla, bərabərşəkildə aid edilməsini qət etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). İşin müəyyən edilmiş hallarından və qanunvericiliyin yuxarıda sadalanan müddəalarından bu nəticəyə gəlmək olur ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə cavabdehin iddiaçı qarşısında kredit borcunu və ona hesablanmış faizləri iddiaçıya ödəmək kimi bir öhdəliyi yaranmış, lakin cavabdeh həmin öhdəliyini icra etməmişdir. Bu səbəbdən də iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etməsi əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərə istinad etməklə qətnamənin qismən əsassız olduğunu bildirir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərləri əsassız hesab edir. Belə ki, cavabdeh iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinin əsassız olduğunu, faiz məbləğinin ekspert tərəfindən düzgün hesablanmadığını bildirir, lakin bu nəticəyə gəlməsinin səbəblərini izah edə bilmir və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmir. Həmçinin, cavabdeh bir müqavilə üzrə onun faiz borclarının silindiyini, bu səbəbdən digər müqavilə üzrə də faiz borclarının silinməli olduğunu bildirmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizasının rəyinə istinad etməklə, apellyatorun iddia etdiyi həmin müqavilə üzrə onun faiz borcunun silinməsi deyil, həmin müqavilə üzrə faiz ödənilməsi nəzərdə tutulmadığına görə, tələb olunan faiz məbləğinin əsassız olması, bu səbəbdən də həmin müqavilə üzrə faiz tələbinin əsassız olması qənaətinə gəlmişdir. Bunlar isə təbiət etibarı ilə fərqli məsələlərdir. Kollegiya izah edir ki, bir müqavilə üzrə faiz məbləği tələbinin təmin edilməməsi tərəflər arasında bağlanmış digər müqavilə üzrə də faiz məbləğinin tutulması tələbinin təmin edilməməsi üçün əsas deyildir. Bundan başqa, apellyatorun hazırda işsiz olması, ailəli olması, anasının və azyaşlı uşağının onun himayəsində olması ilə bağlı dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir və izah edir ki, həmin halların mövcud olması cavabdehin öz öhdəliklərinin icrasını ləngitməsi və ya icra etməməsinin nə qanun üzrə, nə də müqavilə üzrə əsası kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin pandemiya ilə əlaqədar Mərkəzi Bank tərəfindən banklara faizlərin silinməsi, vətəndaşlara maksimum köməkliyin göstərilməsinin tapşırılmasına dair dəlili ilə bağlı qeyd edir ki, cavabdeh belə bir göstərişin olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(008)-626/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10758/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10758/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver