Məhkəmə qərarları › İş №2(103)-1076/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1076/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1076/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 Siyavuş oğlunun iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(006)-3090/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, NRK5632991 saylı müqaviləyə əsasən İddiaçı MMC dəyəri 1299 manat olan 1 ədəd “SAMSUNG GALAXY A9 SM- A920 BLACK” markalı mobil telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğindən ilkin olaraq 243 manat ödəmiş, yerdə qalan 1056 manat məbləğində pulu isə hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam icra edilməmiş və nəticədə onun İddiaçı MMC-yə 918 manat məbləğində borcu yaranmışdır. 2.Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsinə əsasən, “Soliton LTD“ MMC-dən dəyəri 1299 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 918 manat borcu qalıb. Odur ki, cavabdehdən 918 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 948 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Göstərilənlərə əsasən, Cavabdeh 918 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 948 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 5.Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 iyul 2022-ci il tarixli, 2(006)-3090/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Rəşid Səmədov) iddia tələbi təmin edilərək Cavabdeh 918 (doqquz yüz on səkkiz) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 948 (doqquz yüz qırx səkkiz) manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. 7.Məhkəmə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni istinad etdiyi normaların məcmusu üzrə onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, NRK5632991 saylı borc müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 1299 manat olan məişət avadanlığını Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğindən ilkin olaraq 243 manat ödəmiş, yerdə qalan 1056 manat məbləğində pulu isə hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam icra edilməmiş və nəticədə onun İddiaçı MMC-yə 918 manat məbləğində borcu yaranmışdır.Buna görə də iddia tələbi təmin edilməlidir. 8.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1, 601.2, 600.2, 600.5, 600.1, 600.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.2, 14.2, 76.1, 76.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 9.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, müqavilədə məişət avadanlığı ümumi anlayış kimi qeyd edilmişdir. Lakin məhkəmə bu avadanlığın həqiqətən cavabdehə təhvil verildiyini və ya ümumiyyətlə iddiaçı tərəfindən məişət avadanlığı deyildikdə konkret olaraq hansı avadanlıq nəzərədə tutlduğunu araşdırmamışdır. Müqavilə borc müqaviləsi adı ilə rəsmiləşdirilmişdir. Müqavildə hər hansı bir başqa şərtlərin olduğuda görünməməkdədir. Lakin məhkəmə mülki işə nisyə alğı-satqı müqaviləsinin qanunvericikdə müəyyən edilmiş normalarını tətbiq etmişdir.Hazırki halda cavabdeh borc müqaviləsi bağlamışdırsa aldığı əşaya ilə eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə - iddiaçıya qaytarmalıdır. Məhkəmə qətnamə qəbul edilərkən iddiaçının verdiyi sözügedən müqavilə ilə kifayətlənilmişdir. Hesab edir ki, mütləq məhkəmə işə baxarkən məişət avadanlığının nə olduğunu və cavabdehə təhvi lverilib verilmədiyini aydınlaşdıraraq hazırki iddia üzrə pulun tələb edilməsinin qanuni olub-olmamasına da qiymət verməli idi. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə hərtərəfli baxmamış, həmin sənədlər arasında olan uyğunsuzluqları araşdırmamış, bu apellyasiya şikayətinin işin halları qrafasında göstərdiyi hallardan heç birini araşdırmamışdır. Xüsusilə də məişət avadanlığının nə olduğu və cavabdehin mülkiyyətinə verilib-verilmədiyi aydınladırmamış, məhkəmə yalnız iddiaçının verdiyi məlumatlara əsaslanaraq qətnamədə qəbuletmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən halların nəzərə alınmaması birinci instansiyası məhkəməsi tərəfindən işə tam və hərtərəfli baxılmadığı anlamına gəlir. Bununla da qətnamədə göstərilmiş nəticələr işin həqiqi halları ilə uyğunsuzluq təşkil etmişdir. Cavabdehə hər hansı bir məhkəmə bildirişi gəlməmişdir. Halbuki qanunvericiliyə görə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və iddiayaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməsi üçün məhkəmə bildirişi onlara verilir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 11.Apellyasiya şikayətinə qarşı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən yazılı etiraz təqdim edilərək göstərmişdir ki, iş üzrə Cavabdeh iddiaçıdan 14 fevral 2019-cu il tarixli NRK5632991 saylı nisyə alğı-satqı müqaviləsi bağlayraq iddiaçıdan “SAMSUNG GALAXY A( SM- A920 BLACK” markalı mobil telefon almışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məişət avadalığının adı yuxarıda qeyd olunan mobil telefon olmuşdur. Qeyd olunan məişət avadanlığı cavabdehə təhvil verilib, bu halı iddiaçının iddia ərizəsinin dəlilləri, iddia ərizəsinə əlavə edilən sənədlərlə yanaşı, cavabdehin apellyasiya şikayətində iddiaçı ilə müqavilə münasibətlərinə daxil olmamasını nisyə alğı-satqı müqaviləsində mövcud olan imzanın özü tərəfindən icra edilmədiyini, bu səbəbdən məhkəmə xətşünaslıq ekspertizası tələb etməsini, ilkin ödəniş və aylıq ödənişləri həyata keçirməməsini bildirməməsi də təsdiq edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 12.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 Siyavuş oğlu apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 13.Məzkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsi və apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 15.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 16.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 17.Maddə 600.1.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 18.Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 19.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 20.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 22.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 23.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 25.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyasının tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 29.Belə ki, sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş “SAMSUNG GALAXY A9 SM-A920 BLACK” markalı mobil telefonu cavabdehin mülkiyyətinə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasından imtina etmiş və nəticədə iddiaçıya xx.xx.2019-cu il tarixli, NRK5632991 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə əsas borca görə 918 manat borcu yaranmışdır. İddiaçı tərəfindən etiraza əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-cu ildə 243 manat ilkin ödəniş, xx.xx.2019-cu ildə 88 manat, xx.xx.2019-da 50 manat ödənişlər olmuşdur. 30.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 31.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmişdir.

32. MM-nin 404.1.Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

33. MM-nin 404.2.Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 34.Kollegiya apellyatorun müqavilənin borc müqaviləsi kimi qeyd olunması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, müqavilə şərtləri və mənasının təfsirindən görünür ki, müqavilə nisyə alğı-satqı müqaviləsidir. 35.Kollegiya apellyatorun məhkəmədə işə baxılması ilə əlaqədar xəbərdar olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh nisyə alğı-satqı müqaviləsi bağlayarkən İddiaçı MMC-yə təqdim etdiyi şəxsiyyət vəsiqəsində (AZE№0*******) onun Bakı şəhəri, 3-cü MR.R.Məmmədov küçəsi, ev 25, mənzil 6-da qeydiyyatda olduğu qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi bildirişləri həmin ünvan üzrə göndərmişdir. Apellyator ünvanını dəyişdirdiyi halda, bu barədə İddiaçı MMC-yə məlumat verməmişdir. 36.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddianın təmin edilməsi üzrə məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edir. 37.Apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilmiş hallarına əsasən əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, heç bir mötəbər sübutla təsdiq edilməyən dəlillər müdafiə xarakterli olub öhdəliyin icrasını gecikdirmək məqsədi daşıyır. 38.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 39.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 41.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 42.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası ı

Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(006)-3090/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar