Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10760/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1581/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 773,07 ABŞ dolları məbləğində kredit borcu, 759,6 ABŞ Dolları məbləğində faiz borcu və 391,29 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1923,96 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 31.08.2012-ci il tarixli 14L00002578 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20 000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 25.08.2015-ci il tarixli 014R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,875% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4 000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 11.03.2016-cı il tarixli 014R**********S saylı, 26.09.2017-ci il tarixli 014R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.10.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 3226,93 ABŞ Dolları ödəmiş, onun 773,07 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 04.09.2020-ci il tarixə 704 gün üçün hesablanmış faiz borcu 759,6 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 04.09.2020-ci il tarixə 704 gün üçün hesablanmış cərimə 391,29 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Sabunçu Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 014R********** saylı kredit razılaşması üzrə 773,07 ABŞ dolları məbləğində kredit borcu, 502,59 ABŞ Dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 1275,66 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh3 oğlu apellyasiya şikayəti verərək qətənamənin ondan 502.59 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində ləğv edərək, iddianı həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o, krediti mütəmadi ödəmiş, 2015-ci il fevralın 22dən ABŞ dollar bahalaşmış, buna baxmayaraq o, yenə də borcunu ödəmiş, həmin il dekabrın 21-də yenə də ABŞ dolları bahalaşmış, o, yenə də mümkün qədər yəni 2015-ci il dekabrın 21-nə qədər onun Banka olan borcu 10 000 ABŞ dollarından aşağı olduğuna görə onun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı fərmanının təsir dairəsinə düşmüşdür. Bununla əlaqədar ona 2059 manat kompensasiya hesablanmış və həmin məlbəğ onun İddiaçı ASC-yə olan əsas kredit borcundan silinmişdir. Həmin dövrdə onun banka cəmi 1314,22 manat əsas kredit borcu qalmışdır. Bundan sonra o, dəfələrlə Banka müraciət edərək, qalan kredit borcunu illik 1%dən olmaqla onun üçün restruktivasiya edilməsini xahiş etmiş, lakin Bank ondan həmin məbləği nağd qaydada ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında 31.08.2012-ci il tarixli 14L00002578 saylı saylı kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh3 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarından görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 25.08.2015-ci il tarixli 014R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,875% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4 000 ABŞ Dolları məbləğində kredit götürmüş və ödəniş planı tərtib edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh3 və İddiaçı QSCnin imzaladıqları 11.03.2016-cı il tarixli 014R**********S saylı və 26.09.2017-ci il tarixli 014R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış 31.08.2012-ci il və 17.02.2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşlər, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımaları barədə razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş 30.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 25.08.2015-ci il tarixli kredit razılaşması üzrə 04.09.2020-ci il tarixinə banka əsas borc üzrə 773,07 ABŞ dolları, faiz borcu üzrə 759,6 ABŞ dolları, cərimə borcu üzrə 391,29 ABŞ dolları, cəmi 1923,96 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 19.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 25.08.2015-ci il tarixli kredit razılaşması üzrə 01.10.2018-ci il tarixinə banka əsas borc üzrə 773,07 ABŞ dolları, faiz borcu üzrə 502,59 ABŞ dolları, cəmi 1275,66 ABŞ dolları məbləğində borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh3 oğlunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində irəli sürülən, tələb edilən borcun məbləğinin dəqiqləşdirilmədiyi arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, apelyator özü etiraf edir ki, kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı fərmanının təsir dairəsinə düşmüş və hesablanmış kompensasiya onun İddiaçı ASC-yə olan borcundan silinmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1581/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-10760/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10760/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver