Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10765/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 07.10.2019-cu il müqaviləyə əsasən İMEİ kodu **********97739 olan “Samsung Galaxy A50” markalı telefon üçün 744 manat ödənilməmiş hissə və 74 manat cərimə borcu olmaqla, ümumilikdə 818 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarışmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-3276/21) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 07.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 744 manat, İMEİ kodu **********97739 olan “Samsung Galaxy A50” markalı telefon almışdır. Heç bir ödəniş etməmiş və 818 manat borcu yaranmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə iclasının vaxtı və yeri haqqında ona məlumat verməmiş, belə bir iddianın olmasına dair bildiriş göndərməmişdir. Əgər ona bildiriş göndərilsəydi, o, iddiaya yazılı surətdə etiraz edəcəkdi. Etirazı ondan ibarətdir ki, sözügedən telefonu almış, ona mağazadan qızıl zəmanət də verilmişdir. Telefonu aldıqdan bir həftə sonra telefonda nasazlıq yaranmış, səsi çıxmamışdır. O, MMC-yə yaxınlaşaraq nasazlıq barədə məlumat vermişdir. MMC-nin işçiləri də təsdiq etmişlər ki, həqiqətən də telefonda qüsur var. Telefonu düzəltmək üçün ondan təhvil almışlar. O, onlarla belə razılaşmışdır ki, əgər telefon açılmadan düzəlməsi mümkün olsa, telefonu qəbul edəcək, əks təqdirdə onu geri qaytarıb yenisi ilə əvəz olunmasını tələb edəcək. Bir müddət sonra MMC-yə getmiş və telefonu ona təqdim edəndə görmüşdür ki, telefonun arxası açılıb, bunu oradakı işçi də təsdiqləmişdir. Belə olan halda, həmin telefonu qəbul etməyəcəyini bildirmiş və xahiş etmişdir ki, ona onun əvəzinə yeni telefon verilsin. Lakin "xxxx" MMC-nin əməkdaşları onun tələbini təmin etməmişlər və o da həmin telefonu 26750 saylı, 07.11.2019-cu il tarixli akt ilə MMC-nin işçisi X1 təhvil vermişdir. Ona qarşı irəli sürülən iddia əsassızdır və rədd edilməlidir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarında olan 07.10.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə haqqını hissə-hissə ödəməklə İMEİ kodu **********97739 olan “Samsung Galaxy A50” markalı telefon satılmışdır. "xxxx" MMC müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilmədiyini əsas gətirərək hazırkı iddianı qaldırmışdır. Onun tələbi cavabdehdən cəmi 818 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdeh telefonda olan nasazlıq səbəbindən onu MMC-yə qaytarmışdır. Cavabdeh bu dəlili təsdiq edən sübut kimi məhkəməyə akt təqdim etmişdir. Təqdim edilmiş 26750 saylı, 07.11.2019-cu il tarixli aktdan məlum olur ki, İMEİ kodu **********97739 olan “Samsung Galaxy A50” markalı telefon Cavabdeh tərəfindən təhvil verilmiş, X3 tərəfindən təhvil alınmşdır. Sözügedən qəbz 07.11.2019-cu il tarixdə, saat 17:55:44-də “Kontakt Home 3” (Xalqlar Dostluğu) ünvanında çap edilmiş, həm təhvil verən, həm də təhvil alan şəxsin imzaları ilə təsdiq edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi bildirdi ki, “Samsung Galaxy A50” markalı telefon cavabdehə 07.10.2019-cu il tarixdə satılmış, lakin cihaz 31.10.2019-cu ildə servisə qəbul olunmuşdur. Cihaz həmin vaxtdan "xxxx" MMC-də saxlanılır, qüsur aradan qaldırılmışdır və cavabdeh istədiyi vaxt həmin cihazı gəlib götürə bilər. Beləliklə, apellyasiya şikayətində göstərilən hallar iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçı cavabdehlə telefonun satışı ilə bağlı sövdələşsə də, alıcıya qüsurlu mal təhvil vermiş, daha sonra alıcı, yəni cavabdeh mal qüsurlu olduğuna görə onu qaytarmış, iddiaçı tərəf də malın qüsurlu olduğunu qəbul edərək təhvil almışdır. Alqı-satqı müqaviləsinin şərtləri məhz satıcı tərəfindən pozulmuş, satıcı öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə olan halda, cavabdehdən pul vəsaiti tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə (maddə 587.2.1) alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; (maddə 587.2.2.) lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Göründüyü kimi, hazırkı vəziyyətdə alıcı telefonun əvəz olunmasını tələb etsə də, satıcı buna razılaşmamış, alıcı müqavilənin icrasından imtina edərək telefonu satıcıya qaytarmışdır. Cavabdeh özünün Azərbaycan Respublikası MPM-nin 587.2-ci maddəsində nəzərdə tutulan hüququndan istifadə etmiş və müqavilənin icrasından əsaslı şəkildə imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı, yəni cavabdehin onun qarşısında müqavilə öhdəliyinin olmasını sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh öz etirazının əsasını sübut edə bilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10765/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10765/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver