Məhkəmə qərarları › İş №2(103)-10768/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10768/2021

18.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10768/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc məbləğini gecikdirməsi ilə əlaqədar 10328 (on min üç yüz iyirmi səkkiz) ABŞ dollarının (qətnamə icra olunacağı gün Mərkəzi Bankın məzənnəsinə uyğun) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 05.07.2021-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək cavabdeh-borclu tərəfindən borc məbləğinin gecikdirilməsindən 2 ayda keçdiyindən bu müddət üçün əlavə olaraq 1032 (min otuz iki) ABŞ dolları yəni Cavabdeh borc məbləğini gecikdirməsi ilə əlaqədar 11360 (on bir min üç yüz almış) ABŞ dollarının (qətnamə icra olunacağı gün Mərkəzi Bankın məzənnəsinə uyğun) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iyirmi səkkiz fevral 2018-ci il tarixində Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 3M-231 nömrəli reyestrlə təsdiq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh 212.000 (iki yüz on iki min) ABŞ dolları məbləğində pul borca vermişdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən «Borc alan» Cavabdeh kredit məbləğini 31.07.2018-ci il tarixinədək ona ödəməli idi. 15 oktyabr 2018-ci il tarixində Cavabdeh ilə aralarında bağlanmış olan 28 fevral 2018-ci il tarixli, 3M/231 reyestr nömrəli kredit müqaviləsinə əlavə sazişlə kredit məbləğinin qaytarılması öhdəliyinin müddəti 31.03.2019-cu il tarixinədək uzadılmış və 15 oktyabr 2108-ci il tarixində «ipoteka qoyan» Cavabdeh ilə aralarında bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 3M-1204 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən ipateka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evini və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsini yuxarıda qeyd edilən kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə yüklü etmişdir. Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 3M-1204 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsi 17.10.2018-ci il tarixində, ********** qeydiyyat nömrəsi (yüklü edilən əmlakın reyestr nömrəsi **********77-10301) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ti tərəfindən qeydə alınmaqla yüklü edilmişdir. Sonradan yüklülüyün müddəti 30.06.2019cu il tarixinə uzadılmaqla 12.03.2019-cu il tarixində **********8 qeydiyyat nömrəsi (yüklü edilən əmlakın reyestr nömrəsi **********77-10301) ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən qeydə alınmışdır. Daha sonra isə yüklülüyün müddəti 05.09.2019-cu il tarixinə uzadılmaqla 03.07.2019- cu il tarixində ********** qeydiyyat nömrəsi (yüklü edilən əmlakın reyestr nömrəsi **********77-10301) ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən qeydə alınmışdır. Kredit müqaviləsində göstərilən məbləğdən 88.000 dolları borclu tərəfindən mənə 2019-cu ilin iyul ayınadək ödənilsə də, qalan 124.000 ABŞ dolları ödənilməmişdir. Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək borc məbləğinin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2 (008)- 5590/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və X6 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları borc məbləği (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi- yaşayış evini və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 300.000 manan müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğ hesabına İddiaçı olan borcun ödənilməsi, İddiaçı Cavabdeh və X6 qarşı iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh və X4 cavabdehlər İddiaçı, X15 və 3-cü şəxs Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu X9 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair» iddia tələbi tələbi təmin edilməmişdir. Bu qətnamədən birinci iddia üzrə Cavabdeh vermiş olduğu apelyasya şikayəti üzrə Bakı Apelyasya Məhkəməsinin 2(103)-3800/2020 saylı 22.07.2020-ci il tarixli qətnaməsi ilə apelyasya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2 (008)- 5590/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasya Məhkəməsinin 2(103)-3800/2020 saylı 22.07.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-777/2021 saylı 03.03.2021 -ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasya Məhkəməsinin 2(103)- 3800/2020 saylı 22.07.2020-ci il tarixli qətnaməsi tutmanın iptekaya yönəldilməsi hissəsində isə ləğv edilərək yeni apelyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdeh-borclu Cavabdeh 2019-cu ilin 05 sentyabırından bu günədək mənə borclu olduğu 124.000 (yüz iyirmi dörd min) ABŞ dollarından bir qəpik belə pul pul qaytarmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 11360 (on bir min üç yüz altmış) ABŞ dolları ( ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı, sübutların düzgün qiymətləndirilmədiyi və digər əsaslar göstərilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, cavabdeh X10 apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 28 fevral 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 212 000 ABŞ dolları məbləğində borc pulu 31 iyul 2018-ci il tarixə qədər qaytarmaq şərti ilə vermişdir. - 15 oktyabr 2018-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 68 D saylı fərdi yaşayış evini tərəflər araslnda bağlanmış 28.02.2018-ci il tarixli 3M/231 reyestr nömrəsi ilə qeyd edilmiş kredit müqaviləsinin təminatı olaraq İddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. -09.03.2019-cu il tarixli İpoteka müqaviləsinə əlavə sazişdən görünür ki, tərəflər araslnda bağlanmış 15 oktyabr 2018-ci il tarixli İpoteka müqaviləsinin icra müddəti 30.06.2019-cu il tarixədək uzadılmışdır. - 01.07.2019-cu il tarixli İpoteka müqaviləsinə əlavə sazişdən görünür ki, tərəflər araslnda bağlanmış 15 oktyabr 2018-ci il tarixli İpoteka müqaviləsinin icra müddəti 05.09.2019-cu il tarixədək uzadılmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5590/2019 saylı, 27.09.2019cu il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh və X6 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları borc məbləği (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun) və iş üzrə ödənilmiş 30 manat Dövlət rüsumu İddiaçı xeyrinə tutulmuş, tutma ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi- yaşayış evinə və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan 68 D saylı fərdi-yaşayış evininin mülkiyyətində olan 0,031 ha torpaq sahəsinə yönəldilmiş, ipoteka predmeti ilkin satış qiyməti 300000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğ hesabına İddiaçı olan borc ödənilməsi, İddiaçı Cavabdeh və X6 qarşı iddia tələbi qalan hissədə rədd edilmiş, Cavabdeh İddiaçı və X13 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 14 saylı notariat kontorunun notariusu X12 olmalqa “ipoteka müqavilsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməmişdir. -Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3800/2020 nömrəli, 22.07.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(008)-5590/2019 saylı qətnaməsi Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(102)- 777/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3800/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir Cavabdeh iddiaçı X5 notarial qaydada ünvanladığı ərizədə qeyd edilmişdir ki, tərəflər arasında 14 saylı notariat ofisində 28.02.2018-ci il tarixdə 3m/231 nömrə ilə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə iddiaçı tərəfdən aldığı borc məbləğindən qalıq 58000 ABŞ dolları pulu toplamışdır. Bu pulu hazırki iddiaçıya qaytarmaq istəyir. Qeyd olunan məbləği qəbul edərək əvəzində Bakı şəhəri 14 saylı notariat ofisində 15.10.2018-ci il tarixdə qeydiyyatı 3M/1204 reystr nömrə ilə rəsmiləşdirilmiş ipoteka müqaviləsinə əsasən iddiaçının xeyrinə ipoteka ilə yüklü etdiyi əmlakın girovdan azad edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasını gecikdirdiyi və eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faiz həddində iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh 212 000 ABŞ dolları məbləğində borc pulu 31 iyul 2018-ci il tarixə qədər qaytarmaq şərti ilə kredit vermiş, həmin pul məbləğinin 88000 ABŞ dollarını qaytarmış, 124000 ABŞ dollarını isə bugünədək qaytarmamışdır. Həmin kreditin təminatı kimi 15 oktyabr 2018-ci il ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 68 D saylı fərdi yaşayış evini tərəflər arasında bağlanmış 28.02.2018-ci il tarixli 3M/231 reyestr nömrəsi ilə qeyd edilmiş kredit müqaviləsinin təminatı olaraq İddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. 09.03.2019-cu il tarixli və 01.07.2019-cu il tarixli ipoteka müqaviləsinə əlavə sazişlər bağlanmışdır ki, sonuncu müqaviləyə əsasən icra müddəti 05.09.2019-cu il tarixədək uzadılmışdır. Beləliklə 01 iyul 2019-cu il tarixli ipoteka müqaviləsinə əlavə edilmiş sazişdən görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin son icra müddəti 05.09.2019-ci il tarix müəyyən edilmişdir. İddiaçı X11 isə iddia tələbinin həcminin artırılmasına dair 05.07.2021-ci il tarixdə ərizə verərək, öhdəliyin icrasının son müddətindən yəni 05.09.2019-cu il tarixdən 05.07.2021-ci il tarixədək əhatə edən borc məbləğinin gecikdirilməsi ilə əlaqədar illik 5 faizi tələb etmişdir. Göründüyü kimi Cavabdeh kredit üzrə yaranmış borcun qaytarılmasını təxmini 1 il 10 ay (05.09.2019-cu il tarixdən 05.09.2017-ci il tarixədək (iddia tələbinin həcminin atırılmasınadək) ) gecikdirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cavabdehdən gecikdirilmiş 1 il 10 ay vaxt üçün illik beş faiz pul tutulmalıdır. Həmin məbləğ isə 11360 ABŞ dolları (1240 x 5% = 6200; 1 il üçün 6200 + 10 ay üçün 5160 = 11360) təşkil edir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh borcun ödənilməsini gecikdiryi üçün illik 5 faiz hesablanmaqla 11360 ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə ödənilmlidir. İddia tələbi də 11360 ABŞ dolları təşkil edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar