Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1077/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3874/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat borc və 30 manat dövlət rüsumu, cəmi 5030 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3874/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şikayətini Sabirabad RPŞ-nin polis polkovnik-leytenantının 179/8456 saylı, 27.08.2014-cü il tarixində onun "borc" pulu qaytarılmasına dair, ona göndərdiyi cavaba əsaslanaraq vermişdir. Cavabda, məlumat əsasında, araşdırmalar aparılaraq toplanmış materialın işə alındığı, qızı Cavabdeh "borc" pul tələbi ilə məhkəməyə müraciət etməyi ona izah olunmuşdur. Cavabdan aydın olur ki, cavabdeh şöbəyə dəvət olunmuş, ondan aldığı borc pul sübuta yetirilmişdir. Əks təqdirdə cavabda sübuta yetirilmədiyi bildirilərdi. Cavabdehin nə özü, nə də bir nümayəndəsi məhkəmə proseslərində iştirak etməyibdir ki, ziddiyyətli məqamlarda ortaya çıxsın. Bütün məhkəmə prosesləri də yazılırdı. Cavabdehin 1989- cu ildən, ailə qurduğu vaxtdan 2014-cü ilə qədər siyahıda göstərdiyi kimi etdiyi hər cür köməkliklərdən sonra, oğlu hərbi xidmətdən qayıtdıqdan sonra 5000 manat pulu borc almışdı. Məhkəmə zalında bildirmişdir ki: O vaxtlar varı idi, hər cür köməkliklər etmişdi, indidə onların varıdır, ondan borc aldıqları halal pulunu qaytarsınlar. Həmin pulları mərhum oğlunun az yaşlı uşağı üçün topladığını da vurğulamışdır. Bir bibi kimi Lalənin borcu idi ki, o pulu qaytarsın. İddianın rədd cavabı onunla əsaslandırılır ki, şahid gətirmədiyi üçün borc pulun qaytarılmasına dair tələbi rədd edilmişdir. Etdiyi köməklikləri şahidsiz etmişlərsə öz övladına inanıb daha borc pulu niyə şahid vasitəsilə verməliydi? Qohumlar, qonşular bir- birindən borc alanda müqavilə bağlamaq üçün idarələrdə sürünməlidirlər? Hər zaman, şahidsiz cinayətlərin, oğurluqların və s. üstü hüquq-mühafizə orqanları tərəfindən açılmışdır. Polkovnik-leytenantın cavabı on şahidin şahidliyindən üstündür. Qızı Təranə məhkəmədə bildirdi ki, 5000 manat pulu aparıb, bacı C.Laləyə Sabirabad rayonu Bulduq kəndindəki evində əlbə-əl veribdir. Birdə özü, öz vicdanına arxalanır. Məhkəmədə hakim də öz sərbəst daxili inamını rəhbər tutaraq, borc pulun alınıb ona qaytarılmasına dair iddiasını təmin etməliydi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehlə aralarında şifahi razılaşmanın olduğunu və həmin razılaşma üzrə 5000 manat məbləğində borc pul istədiyini, həmin pulu cavabdehin xahişi əsasında borca verdiyini bildirir. Lakin hazırki iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, borcun olmasını və qaytarılmasını təsdiq edən şahidlərin ifadələri, iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə onun tərəfindən cavabdehə borc pul verilməsi halının mövcud olduğunu sübut etməli idi. Lakin İddiaçı öz iddiasının əsaslığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İş materiallarından və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında hər hansı borc münasibətləri olmamış, eyni zamanda iddiaçı tərəf 5000 manat vəsait xərcləməsini və cavabdehə bu məbləğləri verməsini sübut edə bilməmiş və həmin pulun hansı hüquqi əsasla cavabdehdən tələb etməsini göstərə bilməmişdir. İddiaçı tərəfin istinad etdiyi hallar hər hansı sübut növü ilə öz təsdiqini tapmır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 5000 manat pul vəsaitinin cavabdehə borc verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavabdehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür. Məhkəmə mülki işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi sübuta yetirilə bilməmişdir. Belə ki, iddiaçı, cavabdehə borc pul verilməsinə dair sübut təqdim etməmişlir. Eyni zamanda tərəflər arasında bu münasibətləri təsdiqləyən hər hansı bir müqavilə də bağlanmamışdır. Digər tərəfdən, qeyd edilən məbləğdə pul vəsaiti iddiaçı tərəfindən cavabdehə borc qismində verilmiş vəsait kimi də qiymətləndirilə bilməz. Belə ki, mülki qanunvericiliyə 2016-cı ilin may ayında edilmiş dəyişikliyə uyğun olaraq 740-cı maddənin mətni yeni redaksiyada verilmiş və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanması imperativ qaydada təsbit edilmişdir. Lakin tərəflər qanunvericiliyin bu tələblərinə riayət etməmiş və aralarında yazısı şəkildə borc müqaviləsi bağlamamışlar. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı cavabdehdən pul tələb edirsə bu barədə məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, bu barədə mötəbər sübut təqdim etmək və istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı cavabdehin ona həqiqətən borclu olmasına dair məhkəməyə mötəbər sübut təqdim etmir. Əksinə həm iddia ərizəsinin, həm də apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı digər qızının vasitəsilə cavabdeh olan digər qızına sonuncunun yaşadığı Sabirabad rayon Bulduq kəndində 5000 manat borc verdiyini iddia edir. Göründüyü kimi, bu dəlil özü də cavabdehin iddiaçıdan bilavasitə borc aldığını təsdiq etmir, onlar arasında borc münasibətlərinin yarandığını istisna edir. İkincisi, iş materiallarından aydın olur ki, tərəflər arasında heç də xoş olmayan münasibətlər mövcuddur. Belə ki, cavabdeh iddiaçının digər qızına qarşı 2014-cü ildə mülki məhkəmə icraatı qaydasında məhkəməyə iddia ərizəsi, həm də iddiaçıya qarşı cinayət məhkəmə icraatı qaydasında Nərimanov Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Düzdür, həmin iddia və şikayət təmin edilməmişdir. Ancaq hazırki iddianın da məhz həmin iddia və şikayətlə bilavasitə əlaqəli və bağlı olduğu açıq-aydın görünür. Əsassız olan iddia isə əlbətdə ki, rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3874/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1077/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1077/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver