Məhkəmə qərarları › İş №2(103)-10770/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10770/2019

18.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10770/2019 18.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 Rikfət oğlunun iştirakı ilə, İddiaçı “X3 təşkilatı xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qəbul etdiyi 2(010)-560/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 Rikfət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X3 təşkilatı xxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli 04182 nömrəli kredit müqaviləsinə əsasən, xx xxxx 2014-cü il tarixli 03095 nömrəli kredit müqaviləsinə əsasən 478,15 manat əsas borc, 250,91 manat faiz borcu,76,17 manat faiz borcu olmaqla, cəmi 805,23 manat məbləğində, habelə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli 04182 nömrəli kredit müqaviləsinə əsasən 4.380,79 ABŞ dolları məbləğində əsas borcun, 3.131,49 ABŞ dolları məbləğində faiz borcunun, 488,67 ABŞ dolları məbləğində cərimə borcunun (cəmi 8.000,95 ABŞ dolları) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı dövründə iddiaçı “X3 təşkilatı xxxx” MMC iddia tələbini dəyişərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli 04182 nömrəli kredit və zaminlik müqavilələrinə əsasən 6.517,85 ABŞ dolları məbləğində əsas borcun, 1.479,85 ABŞ dolları məbləğində faiz borcunun, 2.578,85 ABŞ dolları məbləğində cərimə borcunun (cəmi 10.575,55 ABŞ dolları) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-560/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 6.517 ABŞ dolları 85 ABŞ senti məbləğində əsas borc, 1.479 ABŞ dolları 85 ABŞ senti məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu ödənilən gün ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla AZN-lə, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq iddiaçı X3 Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 Rikfət oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. İddiaçı tərəfindən tələb olunan əsas və faiz borcu həddən artıq şişirdilmişdir. O, tələb olunan əsas və faiz borcunun araşdırılmasını istəyir. Bundan başqa, zaminlik müqaviləsindəki imza ona məxsus deyildir. Hesab edir ki, məsələnin tam ədalətli araşdırılması üçün xətşünaslıq ekspertizası təyin edilməli, hansı imza əsasında tələb olunan zaminlik müqaviləsi bağlanmışdırsa, həmin imza müəyyən edilməklə onun xətt nümunələri ilə tutuşdurulmalı və imzanın saxta olub-olmaması aydınlaşdırılmalıdır. Apellyasiya baxışı zamanı xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştiraklrını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, ekspert rəyi ilə razılaşaraq, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ona qarşı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Şəhriyar Əbilov apellyasiya şikayətini qəbul etməyərək, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti Cavabdeh2 tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı məhz iddianın həmin cavabdehə qarşı təmin olunmuş hissəsində yoxlanılır. Belə ki, hazırki iş üzrə digər tərəflər məhkəmə qətnaməsini mübahisələndirməmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci ildə L-BK-04182 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə aylıq 2,25 faiz olmaqla 7.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bununla yanaşı, BOKT «xxxx» MMC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanaraq, sonuncular xx xxxxxx 2015ci ildə L-BK-04182 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmüşdür. Qeyd olunan kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspert rəyi əsasında qismən təmin olunmuşdur. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas, faiz və cərimə borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 qarşı iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş 26004 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş 2(103)-10770/2019 saylı mülki işin 13-cü vərəqəsində olan xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinin arxa tərəfində “zamin Cavabdeh2 Rikfət oğlu imza” qrafasındakı imza – Cavabdeh2 Rikfət oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi, iddianın təmin olunması (mübahisələndirilən hissədə) üçün ilk növbədə kredit müqavilələri üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləğin cavabdehə verildiyi sübuta yetirilməlidir. İş üzrə ekspert rəyi ilə iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinin Cavabdeh2 tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə pulun cavabdehə verilməsinə dair Cavabdeh2 zamin durması ilə bağlı sübutetmə yükü üzərinə düşən iddiaçı tərəfindən bu barədə hər hansı sübut məhkəməyə təqdim olunmadığından qətnamə iddianın həmin cavabdehə qarşı təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, eyni zamanda ekspertiza tədqiqatının aparılması ilə bağlı 126 manat ekspert xərci iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-560/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. İddiaçı “X3 təşkilatı xxxx” MMC-dən 15 (on beş) manat dövlət rüsumu tutularaq Cavabdeh2, ekspertiza tədqiqatının dəyəri olaraq 126 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar