Məhkəmə qərarları › İş №2(103)-1080/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1080/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1080/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İsmayılova Afət Sabir qızına qarşı pul tələbinə dair mülki iş üzrə İş № 2(103)-1080/2023 Açar sözlər:(Nisyə alğı-satqı müqaviləsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(008)-3519/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* №-li müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Lenovo” markalı kompüter üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla, cəmi 1201,7 manat ödəməyi öhdəsinə götürmüşdür. 2.Cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli ********* №-li müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 931,7 manat əsas borc, 139,7 manat cərimə borcu, ümumilikdə 1071,4 manat və 30,75 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* №-li müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Lenovo” markalı kompüter üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla, cəmi 1201,7 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş və sonuncu dəfə 150 manat ödəniş etmiş, 931,7 manat qalıq borcu qalmaışdır. Həmin məbləğə 139,7 cərimə borcu hesablanmışdır. 5.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 08 iyun 2022-ci il tarixli, 2(008)-3519/2022 saylı qətnaməsi (sədrlik edən-Tahirə Əsədova) ilə iddia təmin edilərək, xx.xx.2021-ci il tarixli, ********* №-li müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 931,7 manat əsas borc, 139,7 manat cərimə borcu, ümumilikdə 1071,4 manat borc və 30,75 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur. 6.İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* №-li müddətli (nisyə) alğı-satqı müqaviləsi və ona əlavədən görünür ki, iddiaçı “Lenovo” markalı kompüter cavabdehə satmışdır. 7.Həmin müqavilələrin 1 №-li əlavəsində gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə dəbbə pulu hesablanması və alıcı tərəfindən satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. 8.İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin "xxxx" MMC-yə aralarında bağlanmış müqavilələr üzrə qalıq borcu 931,7 manat təşkil edir. 9.Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya 1071,4 manat məbləğində borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2, 600.4, 385.1, 442, 448.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-2, 284-5.1, 284-5.2, 284-5.3, 284-5.3, 284-5.4, 284-6.1, 284-6.2, 284-6.3, 119.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri 11.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(008)-3619/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, ondan xx.xx.2021-ci il tarixli, ********* N-li müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən aldığı "Lenovo" markalı kompüter üçün “İrşad-Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinə 512 manat (ümumi borc 1071,1 manat – tərəfindən ödənilmiş 559 manat=512 manat) məbləğində pulun ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi məhkəmədə olan iddia ərizəsi ilə əlaqədar ona bildiriş göndərməmiş, buna görə o, həmin iddiaya qarşı etirazını və ödənişlə bağlı qəbzləri göndərə bilməmişdir. Hazırda isə ödənişlə bağlı həmin qəbzləri apellyasiya şikayətinə əlavə edir. O, “İrşad-Electronics" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2021-ci il tarixli ********* Ns-li müddətli (nisyə) alğı- satqı müqaviləsinə əsasən aldığı “Lenovo" markalı kompüter üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla, cəmi 1201,7 manat ödəməyi öhdəmə götürmüşdür. Həmin kompüteri götürən zaman, yəni xx.xx.2021-ci ildə 75 manat, xx.xx.2021-ci ildə 130 manat, xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2022-ci ildə 70 manat, xx.xx.2022-ci ildə 67 manat, xx.xx.2022-ci ildə 67 manat olmaqla cəmisi 559 manat ödəniş etməyimə baxmayaraq, qətnamədə əsas və faiz borcu ilə birlikdə 1071,4 manat qeyd edilmişdir. Halbuki onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qalan borcu faizi ilə birlikdə 512 manat təşkil edir. Buna görə məhkəmə qeyd etdiyi maddi normanın tələblərini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.Maddə 601.1.Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 15.Maddə 601.2.Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 16.Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 17.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 19.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 20.Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 21.Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 22.Maddə 284-5.1.Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 23.Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 24.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 26.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 27.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 28.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya baxışının hədləri 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini tələb bölünməz olduğundan, tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(008)-3519/2022 saylı qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilməlidir. 32.Kollegiya ilk olaraq qeyd edir ki, məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildirişin göndərilməsi iş materialları ilə müəyyən edilməmiş, cavabdeh iddiaçının tələbindən məlumatsız olmuş, buna görə də, iddiaçının tələbinə qarşı özünün əsaslandırılmış etirazını məhkəməyə təqdim edə bilməmişdir. 33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. (§ 26) 34.Buna görə də, qətnamə ləğv edilməlidir. 35.Kollegiya qeyd edir ki, işin araşdırılmış və mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq “Lenovo” markalı kompyuteri cavabdehə vermiş, cavabdeh müqavilə üzrə öhləliklərini vaxtında icra etməmişdir. 36.Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ilkin ödəniş qəbzinə əsasən 75 manat, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 120 manat, xx.xx.2021-ci il tarixli qəbzə əsasən 150 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 70 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 67 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 67 manat ödənişlər olmuşdur. 37.Kollegiya qeyd edir ki, müqavilə üzrə borc 1201,7 manat olmaqla, xx.xx.2021-ci il tarixli ilkin ödəniş nəzərə alınmadan, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qəbzlərə əsasən ödənilmiş 474 manat ödənişlər nəzərə alınmaqla, cavabdehin ödənilməmiş borcu 727,7 manat (1201,7-474=727,7) təşkil edir. 38.Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. 39.Bu baxımdan kollegiya hesab edir ki, 139,7 manat cərimə məbləğinin tutulması hissəsində iddia qismən təmin edilməli, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 50 manat tutulmalıdır. (§ 20, 21) 40.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 727,7 manat əsas borc və 50 manat cərimə tutulmalıdır. 41.İddiaçı tərəfindən ödənilmiş 30,75 manat dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli, cavabdehdən 22 manat dövlət rüsumu tutulmalıdır. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 394-1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(008)-3519/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, ********* №-li müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 727,7 (yeddi yüuz iyirmi yeddi manat yetmiş qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə borcu, ümumilikdə 777,7 (yeddi yüz yetmiş yeddi manat yetmiş qəpik) manat borc və 22 (yirmi iki) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdiyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar