Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1081/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentin artırılması” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5684/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Adgözəlova (Bəkirli) Gülnar Adil qızının Cavabdeh qarşı birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1341/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmaqla hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiasının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5684/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməsi qət edilmişdir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir:- AZ-İV 128433 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X4r;- Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1341/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat və xx.xx.2018-ci il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 40 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir;- "Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsində bina gözətçisi vəzifəsində işləyir və 353,59 manat məbləğində əmək haqqı alır və aktiv vergi ödəyicisi olaraq taksi fəaliyyəti ilə də məşğul olur; (iş səh 7, 9, 27)
3. Qətnamə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.1, 119.2, 217.4, 218.3; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.2-ci maddələrinə, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2, 8.13, 8.14-cü bəndlərinə istinadən əsaslandırılmış və qeyd edilmişdir ki, cavabdehdən tutulan alimentin miqdarı 2022-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan azdır. Belə ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5684/2022 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın qismən təmin edilməsi, yəni aliment məbləğinin miqdarının artırılaraq 193 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78.1, 112.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsində bina gözətçisi vəzifəsində işləyir və 353,59 manat məbləğində əmək haqqı alır. Bundan əlavə o, fotoqraf kimi fəaliyyət göstərir. Birinci instansiya məhkəməsinin qətnamədə qeyd etdiyi kimi heç də taksi kimi fəaliyyət göstərmir. Eyni zamanda cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur, xx.xx.2022-ci il tarixdə həmin nikahdan X7 doğulmuşdur. Beləliklə, hazırda onun himayəsində digər nikahdan doğulmuş azyaşlı oğlu vardır. Nəzərə alınsa ki, Cavabdeh ailə vəziyyətində əhəmiyyətli dəyişiklik olmuş, onun xərcləri və öhdəlikləri bir neçə dəfə artmışdır, bu zaman birinci instansiya məhkəməsi tərəfindən aliment məbləğinin miqdarının birdən-birə 90 manat (əvvəlki miqdarın təxminən 60 faizi) qaldırması cavabdehin ailə vəziyyətindəki əhəmiyyətli dəyişikliyə münasibətdə həm qanuni, həm də başadüşülən deyildir. O da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir və cavabdeh qeyd edilən məbləğdə aliment ödənilməsini qəbul edir.
Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, alimentin məbləğinin ən axırı 220 manat məbləğində razılığa gəlmək imkanının olduğunu bildirmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi uşağın anasının heç yerdə işləmədiyini, uşaq doğulandan ona özünün baxdığını, özünün də iki uşağının olduğunu, alimentin 250 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.
Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin tam və ya qismən ləğv edilməsi üçün əsas olmasa da, valideynlərin vəzifələri üzrə və sübutların təqdim edilməsinə dair iddiaçının vəzifələri üzrə qanunvericiliyin (maddi və prosessual hüquq normalarının) tələblərinin nəzərə alınması, onun dəyişdirilməsi üçün əsasdır. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən, 9 dekabr 2022 tarixli “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Övladın bu təminatının bir valideyn tərəfindən həyata keçirilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Əlbəttə, uşaqların bir valideynin yanında qalması digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsinə təsir edəcək amil kimi çıxış etsə də, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyarlardır. Kollegiya hesab edir ki, iddiaçı bu meyarların müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində icraat zamanı hərhansı sübutlar və ya sübutların təmin edilməsinə yönəlik vəsatətlər təqdim etməmiş, apellyasiya icaatı həddində isə bu prosessual imkanların təminatına əsaslar müəyyən edilməmişdir. Ona görə 2023-cü il üçün yaşayış minimumu həddi və cavabdehin nümayəndəsinin bu məbləğə razılıq bildirməsi, alimentin 220 manat məbləğində müəyyən edilməsində qanuni əsaslar yaradır. Diqqətə çatdırılmalıdır ki, dəyişən şəraitə və tələbatlara müvafiq hazırkı iddia üzrə sübuta yetirilməyən dəlillərə əsasən aliment məbləğinin dəyişdirilməsi və ya əlavə xərclərdə iştirakçılıq üzrə digər əsaslı tələblərin yenidən baxılmasını istisna etmir.
9. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir.
10. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5684/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi (alimentin məbləği hissəsində) dəyişdirilsin və alimentin məbləği 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilsin.