Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1084/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4966/2021 saylı, 12.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 30.04.2009-cu il tarixli kredit müqaviləsi üzrə 217,14 ABŞ dolları faiz borcu, 250,28 ABŞ dolları cərimə borcu, ümumilikdə 467,42 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 30.04.2009-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 12 ay müddətinə 3000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı kimi Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. lakin borc öhdəlikləri pozulmuş, icra edilməmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4966/2021 saylı, 12.10.2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Tahirə Əsədova).
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən göründüyü kimi İddiaçı ASC 217,14ABŞ dolları faiz və 250,28 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 467,42 ABŞdolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə iddianı rədd etmişdir. Qətnaməni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə axırıncı dəfə 11.07.2013-cü il tarixdə ödəniş edilmiş lakin Bank tərəfindən iddia 8 il keçdikdən sonra verilmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən iş üzrə kreditin götürülməsi ilə bağlı bütün mötəbər sənədlər (kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış və sair sənədlər) və eləcə də kassa məxaric orderinin ləğv edilməsi barədə sərəncam və aktın surəti əlavə edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi işdə olan sübutları nəzərə almayaraq və heç bir araşdırma aparmadan yekun nəticəyə gəlmişdir. İşin materiallarından göründüyü kimi, X1 12 ay müddətinə 30 faizlə 30 aprel 2009-cu il tarixdə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2lə 30 aprel 2009-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə cavabdehlər H.Ə.Adığözəlov və Cavabdeh2 tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və bununla da müqavilənin şərtlərinin pozulması və cədvəl üzrə gecikdirilmiş borc məbləğinin ödənilməsilə bağlı cavabdehlərə xəbərdarlıq edilmişdir. Odur ki, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etməkdə haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Apelyasiya instansiya məhkəməsi tərəfindən bu məsələ araşdırılmalı və işdə olan sübutlara əlaqəli şəkildə qiymət verilməlidir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya iclasında iştirak edən cavabdehlər iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərk, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC (hazırkı adı İddiaçı ASC) bağlanmış 30.04.2009-cu il tarixli kredit müqaviləsinə əsasən illik 30 faizlə 12 ay müddətinə 3000 ABŞ dolları kredit verilmişdir. Eyni tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.
11. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə axırıncı dəfə 11.07.2013-cü il tarixdə axırıncı dəfə ödəniş edilmiş və əsas borc bağlanmışdır. Hüquqi dəyərləndirmə:
12. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
13. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
18. Həmin Məcəllənin 551.2.1-ci kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
19. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, iş materiallarına əsasən, Cavabdeh1 ilə "xxxx" İKB ASC (hazırkı adı İddiaçı ASC) bağlanmış 30.04.2009-cu il tarixli kredit müqaviləsinə görə illik 30 faizlə 12 ay müddətinə 3000 ABŞ dolları kredit verilmişdir. Eyni tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.
20. Eyni zamanda işdə olan hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə 11.07.2013-cü il tarixdə axırıncı dəfə ödəniş edilmiş və əsas borc bağlanmışdır. Buna baxmayaraq, Bank tərəfindən iddia 8 il keçdikdən sonra verilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir, öhdəliyə müddətin keçməsinə görə xitam verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
21. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4966/2021 saylı, 12.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.