Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1084/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Birliyin buna səlahiyyəti olan nümayəndəsi iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Birliyin əməkdaşları tərəfindən cavabdeh barəsində tərtib etdikləri aktlar əsasında əlavə sərfiyyat kimi hesablanmış 7.497,2 manat, iddia ərizəsi məhkəməyə vermək üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 99,4 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün hüququ yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdehə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, döngə 2-də yerləşən 24 saylı fərdi yaşayış evi təbii qazla təchiz edilir. Bununla bağlı olaraq həmin ünvanda iddiaçı Birlik tərəfindən qaz sayğacı quraşdırılmış və sərf edilmiş təbii qazın həcminin ölçülməsi sayğac vasitəsi ilə həyata keçirilmiş və keçirilməkdədir. xx.xx.2016-cı il tarixdə iddiaçı Birlik ilə cavabdeh arasında 10069 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmış və cavabdehə məxsus evin təbii qazla təchizi davam edilmişdir. Birlik tərəfindən həmin ünvana **********00140 nömrəli abonent kodu verilmiş və ünvana aid qaz xəttinin üzərində G-4 markalı, 1402AZ**********56 nömrəli qaz sayğacı quraşdırılmışdır. Birliyin əməkdaşları tərəfindən Birliyin balansında olan qaz xətlərinə və abonentlərə aid qaz sayğaclarına mütəmadi olaraq baxış keçirilir. Eləcə də, cavabdehin fərdi yaşayış evinə aid qaz xəttinə və sayğaca vaxtaşırı baxışlar keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh, onunla Birlik arasında bağlanmış müqavilənin 2.3.2-ci və 6.5-ci yarımbəndlərinin tələblərini pozaraq, qaz xəttinin sayğacından əvvəl olan hissəsinə özbaşına qoşularaq təbii qazdan uçotdan kənar istifadə etmiş, qazı talamış, bununla da Birliyə cəmi 7.497,2 manat məbləğində maddi zərər vurmuşdur. Qeyd edilən fakt Birliyin əməkdaşlarının tərtib etdikləri aktlar ilə təsdiq edilir: xx.xx.2018-ci il tarixli ******* saylı akt (bu akta əsasən hesablanmış zərər 345,6 manat təşkil edir), xx.xx.2018-ci il tarixli ******* saylı akt (bu akta əsasən hesablanmış zərər 1.101,6 manat təşkil edir), xx.xx.2019-cu il tarixli ******* saylı akt (bu akta əsasən hesablanmış zərər 550,8 manat təşkil edir), xx.xx.2020-ci il tarixli ******* saylı akt (bu akta əsasən hesablanmış zərər 294 manat təşkil edir), xx.xx.2020-ci il tarixli ******* saylı akt (bu akta əsasən hesablanmış zərər 885,6 manat təşkil edir), xx.xx.2021-ci il tarixli ******* saylı akt (bu akta əsasən hesablanmış zərər 1.188 manat təşkil edir), xx.xx.2021-ci il tarixli ******* saylı akt (bu akta əsasən hesablanmış zərər 396 manat təşkil edir), xx.xx.2021-ci il tarixli ******* saylı akt (bu akta əsasən hesablanmış zərər 396 manat təşkil edir), xx.xx.2021-ci il tarixli ******* saylı akt (bu akta əsasən hesablanmış zərər 396 manat təşkil edir), xx.xx.2021-ci il tarixli ******* saylı akt (bu akta əsasən hesablanmış zərər 820,8 manat təşkil edir), xx.xx.2021-ci il tarixli ******* saylı akt (bu akta əsasən hesablanmış zərər 396 manat təşkil edir), xx.xx.2021-ci il tarixli akt ******* saylı akt (bu akta əsasən hesablanmış zərər 1.080 manat təşkil edir). İtirilmiş qazın bərpası məqsədilə istehlakçı olan cavabdehə istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 7.504,8 manat məbləğində əlavə sərfiyat hesablanmışdır. Cavabdeh, borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçı Birliyə 7.497,2 manat borcu qalmışdır. Birlik borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh, borcu ödəməmiş və bu səbəbdən də, Birlik, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 99,4 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Bundan başqa, Birlik, iddia ərizəsinin hazırlanması və gələcəkdə məhkəmələrdə iştirak etmək üçün vəkilə 400 manat məbləğində xərc çəkmişdir. Birlik hesab edir ki, qeyd edilən həmin məbləğlər cavabdehdən onun xeyrinə tutulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən Birliyin xeyrinə tərtib olunmuş aktlar üzrə 3.134,4 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 99,4 manat, üçün hüququ yardıma görə vəkilə çəkilmiş xərcin bir hissəsinin əvəzinin – 65 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2018ci il tarixli, ******* saylı akta (iddia ərizəsində qeyd edilmiş birinci akt) əsasən cavabdehə məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən sayğacın xüsusi plombunun qırıldığı aşkar edilmiş və itirilmiş qazın miqdarı 1.728 kub.metr (bu akta əsasən hesablanmış zərər 345,6 manat təşkil edir) hesablanmışdır. Nəzərə alınsa ki, sayğac küçədə quraşdırılmışdır, onda müəyyən edilir ki, həmin fakta görə cavabdeh məsuliyyət daşımır. İddia ərizəsində qeyd edilən xx.xx.2018, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli aktlar əsasında hesablanmış 3.134,40 manat əlavə sərfiyyat borcu cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməli, qalan aktlar üzrə isə hesablanmış əlavə sərfiyyat isə cavabdehdən tutula bilməz. Belə ki, iddiaçı Birlik üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent olan cavabdeh tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki cavabdehə kənar xətdən istifadə üçün şərait yaratmışdır. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin qismən, yəni 824 manat məbləğində olan hissəsinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh abonentin evində təbii qazla işləyən 1 ədəd su qızdırıcısı və 1 ədəd 4 gözlü qaz plitə quraşdırılmışdır. İddiaçı Birlik tərəfindən təqdim olunmuş “Abonentin saldosundan” görünür ki, xx.xx.2018-ci il tarixdə tərtib olunmuş aktda qeyd edilmişdir ki, qaz sayğacına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, sayğacın üzərindəki plomb yerində yoxdur. Aşkar edilmiş həmin fakta görə cavabdehə əlavə sərfiyyata görə 345,6 manat borc hesablanmışdır. Lakin bu zaman plombun kimin tərəfindən qırıldığı aydınlaşdırılmamış, qaz sayğacına müdaxilə olub-olmaması müəyyən edilməmiş, əgər vardırsa bu müdaxilənin qaz sərfiyyatına necə təsir etdiyi barədə laboratoriya yoxlaması keçirilməmişdir. İşə baxmış Rayon Məhkəməsi da, bu halları araşdırmamışdır. Daha sonra Rayon Məhkəməsi nəzərə almamışdır ki, qaz sayğacı ümumiyyətlə oğurlanmış və cavabdeh ərizə ilə Birliyə müraciət edərək sayğacın oğurlanması barədə məlumat vermişdir. Buna baxmayaraq Birliyin əməkdaşları mütəmadi olaraq cavbadehin barəsində əsassız aktlar tərtib edərək, cavabdehin üzərinə fantastik məbləğdə borc yükləmişdir. Belə ki, hesablama aparılarkən evdə quraşdırılmış qazla işləyən 1 ədəd su qızdırıcısı və 1 ədəd 4 gözlü plitənin 1 saatlıq maksimal qaz sərfiyyatı rejimində, sutkanın 24 saat, ayın 30 günü işlədikləri əsas götürülmüşdür ki, bu həqiqətə uyğun deyil. İşə baxmış Rayon Məhkəməsi iddiaçı Birliyin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdiyi məbləğlərin şişirdilmiş olub-olmamasını araşdırmamış, bununla bağlı olaraq öz təşəbbüsü ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
7. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, təmsil etdiyi şəxs xx.xx.2018-ci il tarixdə ərizə ilə Birliyə müraciət edərək ünvanında quraşdırılmış qaz sayğacının oğurlanması barədə məlumat vermişdir. Bundan başqa, sayğacın oğurlanması faktı, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli arayışı ilə də təsdiq edilir. Odur ki, qeyd edilən halların apellyasiya baxışı zamanı nəzərə alınmasını Məhkəmədən xahiş edir. Cavabdehin vəkili (nümayəndəsi) cavabdehin iddiaçı Birliyə verdiyi xx.xx.2018-ci il tarixli ərizənin fotosurətini (qeydiyyata alınma №-si Q-3442) və 14-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 2858 №-li arayışını Məhkəməyə təqdim etdi.
9. İddiaçı Birliyin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfin istinad etdiyi və Birliyə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizə (qeydiyyata alınma №-si Q-3442) cavabdehə ümumiyyətlə aidiyyəti yoxdur. Həmin ərizə cavabdehə deyil, X4 adlı şəxsə aiddir. Bundan başqa nəzərə alınmalıdır ki, qaz sayğacının 2018-ci ildə oğurlandığını bildirən cavabdeh, hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra polis orqanına müraciət etmişdir və 14-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 2858 №-li arayışında qeyd edilir ki, cavabdehin etdiyi müraciət əsasında hələ ki, təhqiqat aparılır. Hər bir halda nəzərə alınmalıdır ki, cavabdeh, apellyasiya baxışında yeni sübutların araşdırılmasına nail olmaq istəyir ki, bu, yolverilməzdir. İddiaçı Birliyin vəkili (nümayəndəsi) X2 iddiaçı Birliyə verdiyi xx.xx.2018-ci il tarixli ərizənin fotosurətini (qeydiyyata alınma №-si Q-3442) təqdim etdi. e) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı Birlik, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh də iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, apellyasiya şikayətində, Rayon Məhkəməsinin iddianın bir qisminin təmin edilməsi barədə nəticəni qismən mübahisələndirir.
12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, cavabdehə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, döngə 2-də yerləşən 24 saylı fərdi yaşayış evi təbii qazla təchiz edilir. Bununla bağlı olaraq həmin ünvanda iddiaçı Birlik tərəfindən qaz sayğacı quraşdırılmış və sərf edilmiş təbii qazın həcminin ölçülməsi sayğac vasitəsi ilə həyata keçirilmiş və keçirilməkdədir. xx.xx.2016-cı il tarixdə iddiaçı Birlik ilə cavabdeh arasında 10069 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmış və cavabdehə məxsus evin təbii qazla təchizi davam edilmişdir. Birlik tərəfindən həmin ünvana **********00140 nömrəli abonent kodu verilmiş və ünvana aid qaz xəttinin üzərində G-4 markalı, 1402AZ**********56 nömrəli qaz sayğacı quraşdırılmışdır.
15. Birliyin əməkdaşları tərəfindən cavabdehin fərdi yaşayış evinə aid qaz xəttinə və sayğaca vaxtaşırı baxışlar keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh, onunla Birlik arasında bağlanmış müqavilənin 2.3.2-ci və 6.5-ci yarımbəndlərinin tələblərini pozaraq, qaz xəttinin sayğacından əvvəl olan hissəsinə özbaşına qoşularaq təbii qazdan uçotdan kənar istifadə etmişdir.
16. Qeyd edilən fakt Birliyin əməkdaşlarının tərtib etdikləri və apellyasiya baxışının predmeti olan xx.xx.2018-ci il tarixli ******* saylı aktdan (bu akta əsasən hesablanmış zərər 1.101,6 manat təşkil edir), xx.xx.2019-cu il tarixli ******* saylı aktdan (bu akta əsasən hesablanmış zərər 550,8 manat təşkil edir), xx.xx.2020-ci il tarixli ******* saylı aktdan (bu akta əsasən hesablanmış zərər 294 manat təşkil edir), xx.xx.2021-ci il tarixli ******* saylı aktdan (bu akta əsasən hesablanmış zərər 1.188 manat təşkil edir) və işdə olan digər sənədlərdən görünür ki, bu aktlar əsasında cavabdehə hesablanmış əlavə sərfiyyat borcunun məbləği 3.134,40 manat təşkil edir.
17. Qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi iddianı qismən təmin edərək qeyd edilən bu məbləğin cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini qət etmiş, iddiaçı Birlik iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisəndirməmiş, iş üzrə cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində Rayon Məhkəməsinin bu mövqeyini qismən mübahisələndirərək ondan iddiaçı Birliyin xeyrinə tutulmalı olan məbləğin daha az məbləğdə, yəni 824 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.
18. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 №-li qərarının tələblərinə görə, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (bənd 1.3.). Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (maddə 4.2.). Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır (bənd 1.3.).
20. Qeyd edilənləri və işin materiallarını nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehin qaz sayğacından kənar qaz sayğacına müdaxilə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etmişdir və fərdi istehlakçı olan cavabdeh qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş ziyanı ödəməlidir.
21. Məhkəmə dəymiş ziyanın həcminin hesablanması ilə bağlı bildirir ki, apellyasiya baxışının predmetini təşkil edən xx.xx.2018, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli aktlar əsasında əlavə sərfiyata görə hesablanmış borcun məbləğinin şişirdilmiş olduğunu bildirsə də, işdə olan hesablanma cədvəllərindən görünür ki, dəymiş ziyanın həcminin hesablanması düzgün aparılmışdır.
22. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı Birlik öz mövqeyini yuxarıda göstərilənlərə əsasən kifayət qədər sübuta yetirir, lakin ikinci növbədə sübutetmə yükünü daşıyan cavabdeh, qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş ziyanın məbləğinin daha az olmasını sübuta yetirə bilmir.
24. Bundan başqa, Məhkəmə, cavabdehinin vəkilinin (nümayəndəsinin) bildirdikləri ilə bağlı bildirir ki, o, 2018-ci ildə cavabdehin qaz sayğacının oğurlanması ilə bağlı iddiaçı Birliyə verdiyi xx.xx.2018-ci il tarixli ərizəyə (qeydiyyata alınma №-si Q-3442) və 14-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 2858 №-li arayışına istinad etsə də, qeyd edilən həmin ərizə etibarlı sübut kimi, Polis Bölməsinin arayışı isə vaxtında verilmiş sübut kimi qəbul edilə bilməz.
25. Belə ki, qaz sayğacının 2018-ci ildə oğurlandığını bildirən cavabdeh, hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra polis orqanına müraciət etmişdir və yəni cavabdeh apellyasiya baxışında yeni sübutların araşdırılmasına nail olmaq istəyir. Lakin MPM-nin 372.2-ci maddəsinə görə, bu hal yolverilməzdir.
26. Cavabdehin istinad etdiyi xx.xx.2018-ci il tarixli ərizə (qeydiyyata alınma №-si Q-3442) gəldikdə isə qeyd edilməlidir. İddiaçı Birliyin Məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, həmin qeydiyyat nömrəsi ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli ərizə cavabdehə deyil, X4 adlı şəxsə aiddir.
27. Cavabdeh, qətnamədən verdiyi apellyasiya şikayətində iddianın, xx.xx.2018-ci il tarixdə tərtib olunmuş aktda əsasən iddiaçı Birlik tərəfindən ona əlavə sərfiyyata görə hesablanmış borcun tutulması barədə hissəsinin əsassız olmasına, işə baxmış Rayon Məhkəməsinin isə buna əhəmiyyət vermədiyini bildirsə də, yuxarıda artıq qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddianın həmin hissəsinin əsassız olması qənaətinə gəlmiş və iddianın həmin hissəsini rədd etmişdir. f) apellyasiya baxışının nəticəsi
28. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.
29. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsində iddianın qiyməti isə 5.000 manatdan azdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.