Məhkəmə qərarları › İş №2(103)-10843/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10843/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10843/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə və "xxxx" ASC-nin “Bravo-2” filialına qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borc öhdəliklərinin silinməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə Cavabdeh ASC-nin “Bravo-2” filialının arasında bağlanmış 30.12.2020-ci il tarixli, RGTK3318361A207 nömrəli kredit müqaviləsi ləğv edilsin, 01.01.2021-ci il tarixdən başlayaraq iddiaçı tərəfindən "xxxx"ASC-yə ödənilmiş pul məbləğləri Masallı Rayon Məhkəməsinin 2(050)-998/2020 nömrəli iş üzrə qəbul etdiyi 16.06.2020-ci il tarixli qətnamədə göstərilən borc öhdəliklərinə silinsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə bankın arasında 3 kredit müqaviləsi bağlanıb: 1) 10.09.2018-ci tarixli kredit müqaviləsi; 2) 10.09.2018-ci il tarixli kredit xətt müqaviləsi; 3) 30.12.2020-ci il tarixli kredit müqaviləsi. 1-ci və 2-ci müqavilələr üzrə borcun tutulması barədə qətnamə var, həmin qətnamə 16.06.2020-ci il tarixdə Masallı Rayon Məhkəməsi tərəfindən qəbul olunub, qətnamə ilə qət olunub ki, 1-ci müqavilə üzrə cəmi 2.049,14 manat, 2-ci müqavilə üzrə cəmi 294,46 manat tutulsun. Bu qətnamənin qəbul edilməsindən sonra 3-cü müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən bank iddiaçıya 2.782,75 manat kredit verib, kredit iddiaçının cari hesabına köçürmə üsulu ilə verilib. 3-cü müqavilə ilə verilmiş kredit ilə iddiaçının 1-ci və 2-ci müqavilələr üzrə banka qalan borcu silinib. Bank birinci instansiya məhkəməsində bunu belə izah edib ki, iddiaçı özü banka müraciət edərək Masallı Rayon Məhkəməsinin qətnaməsində göstərilən borcu ödəməkdə çətinlik çəkdiyini bildirib, yeni kredit verilməsini və həmin pulun hesabına banka olan borcunun silinməsini xahiş edib. İddia ərizəsində irəli sürülən 1-ci tələb (3-cü müqavilənin ləğv edilməsi barədə tələb) onunla əsaslandırılıb ki, müqavilə aldatma nəticəsində bağlanıb. Bu tələb iki səbəbdən təmin edilə bilməz. Birinci səbəb ondan ibarətdir ki, aldatma sübut olunmur, məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun aldadıldığını müəyyən edə bilməz. İkinci, Mülki Məcəllənin müəyyən etdiyi normalarda (421, 422 və digər maddələrdə) müqavilnin ləğv edilməsi əsaslarının sırasında aldatma nəzərdə tutulmayıb, Mülki Məcəllədə aldatma əqdin etibarsız sayılması üçün əsas kimi müəyyən edilib (339.2-ci maddə). Ona görə də müqavilənin ləğv edilməsi barədə tələb təmin edilə bilməz. İddia ərizəsində irəli sürülən 2-ci tələb (3-cü müqavilə üzrə iddiaçının etdiyi ödənişlərin Masallı RM-nin qətnaməsində göstərilən borc öhdəliklərinə silinməsi) 1-ci tələbdən (3-cü müqavilənin ləğvi barədə tələbdən) asılıdır, yəni müqavilənin ləğvi barədə tələb təmin edilmədən həmin tələb təmin oluna bilməz. 1-ci tələb təmin edilmədiyinə görə 2-ci tələb də əsassız sayılır. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 13.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar