Məhkəmə qərarları › İş №2(103)-10849/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10849/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10849/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlaka dair çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(094)-287/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Baki şəhər 9 saylı Notariat Kontoruna, Cavabdeh4nə, Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlaka dair çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1971-1997-ci illərdə “Azərneftgeofızika” trestində müxtəlif vəzifələrdə işləmişdir. “Azərneftgeofizika” trestinin “Geofizik” bağ-bostan yoldaşlığının sədri tərəfindən ona verilmiş 61 nömrəli, 08.10.1993-cü il tarixli üzvlük biletindən görünür ki, o, 15.01.1990-cı il tarixdə yoldaşlığa üzv qəbul olunmuş və üzvlük biletinin verildiyi 08.10.1993-cü il tarixində ona baş plan üzrə 83 nömrəli bağ sahəsi verilmişdir. O, qeyd edilən tarixdə həmin bağ sahəsini 7-8 daş hündürlüyündə hasara almış və orada bir neçə ağac əkmişdir. Lakin heç bir tikinti işi aparmamışdır. Bir müddət mütəmadi olaraq bağ sahəsinə baş çəkib oranın abadlaşdırılması ilə məşğul olduqdan sonra o, ailəsi ilə birlikdə Türkiyə Respublikasına köçmüş və uzun müddətdir ki, İstanbul şəhərində yaşayır. Lakin uzun illərdir xarici ölkədə yaşamaqlarına baxmayaraq həm o, həm də oğlu il ərzində bir neçə dəfə ölkəyə gəldikləri zaman mütləq həmin bağ sahəsinə baş çəkib vəziyyəti ilə maraqlansalarda daimi burada yaşamadıqlarına görə həmin torpağın sənədləşdirilməsi ilə məşğul ola bilməmişlər. Həmin bağ sahəsinin sənədləşməsi ilə bağlı ilk cəhdləri 2014-cü ildə baş vermiş və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ona ünvanlanmış 340 nömrəli, 07.02.2014-cü il tarixli arxiv çıxarışında qeyd edilmişdir ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 24 iyul 1991 -ci il tarixli, 10/518 nömrəli qərarına əsasən Xəzər rayonu (keçmiş Əzizbəyov), Dübəndi qəsəbəsində yerləşən “Azərneftgeofizika” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında onun da adı göstərilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 18.02.2014-cü il tarixli məktubunda da yuxanda qeyd olunan faktlar bir daha öz təsdiqini tapmış, həmin məktubda “Azərneftgeofizika” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında İddiaçı Yunis oğlunun, yəni onun da adının olması bildirilmiş, lakin bağçılıq yoldaşlıq cəmiyyətinə dair sənəd surətlərinin yalnız məhkəmə sorğusu əsasında verilə biləcəyi qeyd edilmişdir. 2019-cu ilin ortalarında “Əmlak Xidmətləri Məkanı”na ona məxsus bağ sahəsinin üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsi üçün müraciət etmişdi. Əmlak Xidmətləri Məkanında ona bütün sənədlərinin qaydasında olması, protokoldan çıxarışın da təqdim ediləcəyi halda bağ sahəsinə çıxarışın veriləcəyi, lakin Bakı şəhər Ərazi İdarəsinin 18.02.2014-cü il tarixli məktubunda da qeyd edildiyi kimi protokoldan çıxarışın verilməsi üçün məhkəmə sorğusu tələb olunduğu bildirildiyinə görə o, məcburən rəsmi imtina almaq üçün 17.08.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ona məxsus bağ sahəsinin planının və ölçüsünün tərtib edilməsini, həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsini xahiş etmişdi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən qeydiyyatda olduğu ünvana 19.09.2019-cu il tarixdə daxil olmuş imtina cavabında qeyd edilmişdir ki, arxiv məlumatlarına əsasən bağçılıq yoldaşlığın 10.06.1996-cı il tarixli, 2 nömrəli protokoluna əsasən bağ sahəsində becərmə işləri aparılmadığından İddiaçı bağçılıq üzvlüyündən azad edilmiş və digər şəxsə verilmişdir. Bu məktubda başqa məlumat verilmədiyinə və bunu təsdiq edən sübutlar təqdim edilmədiyinə görə imtinanı formal qəbul edərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi məhkəməsinə müraciət etmişdi. İnzibati işin məhkəmə baxışı zamanı cavabdeh orqanın məhkəmənin sorğusuna əsasən məhkəməyə ünvanladığı 13.01.2020-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərin surətləri ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, ona məxsus bağ sahəsi onun iştirakı və xəbəri olmadan “Azərneftgeofizika” trestinin idarə heyətinin 10.06.1996-cı il tarixli qərarı ilə guya o, orada 4 ildən artıq müddətdə heç bir abadlıq və becərmə işləri aparmadığına görə Cavabdeh1 verilmiş, daha sonra həmin şəxs ona məxsus bağ sahəsini özəlləşdirərək 18.04.2009-cu il tarixdə ******* nömrəli çıxarışı əldə etmişdir. 29.01.2010-cu il tarixdə Bakı şəhər 9 saylı Notariat Kontorunda rəsmiləşdirilən alğı-satqı müqaviləsi əsasında ona məxsus bağ sahəsini Cavabdeh2 adlı şəxsə satmış və Cavabdeh2 adına verilmiş ******* nömrəli, 25.11.2014-cü il tarixli çıxarışla bağ sahəsi sonuncunun mülkiyyətinə verilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(094)-287/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün qiymət verilməyərək ədalətsiz və qanunsuz qətnamə çıxarıldığına görə həmin qətnamə ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmənin qətnaməsi yalnız tərəflərin izahatlarından, mülki iş materiallarında olan sənədlərin sadalanmasından və qanunvericiliyə istinadlardan ibarətdir. Məhkəmə qətnaməsində iddia tərəfi olaraq onun tələblərimi təkzib edən hər hansı sübut göstərilməmiş və iddianın rədd edilməsi əsaslandırılmamışdır. Həmin bağ sahəsi 1993-cü ildən onun istifadəsində olub, həmin bağ sahəsi 1996-cı ildə ondan alınıb başqasına verilsə bundan ilk öncə xəbər tutmalı olan şəxs o olardı, çünki həmin vaxt o“Azərneftgeofizika” trestində işləyirdi. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 2014-cü il tarixli müraciətimə cavabda onun da adının “Azərneftgeofizika” trestinin bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında olmasını, hətta müvafiq sənədlərin məhkəmə sorğusu əsasında veriləcəyini bildirilmiş, lakin 1996-cı ildə bağçılıq üzvlüyündən azad edilməyi və bağ sahəsinin başqasına verilməsi barədə heç bir məlumat verilməmişdir. Bu o deməkdir ki, hazırki işdə mübahisələndirdiyi 1996-cı il tarixli protokol qeyd edilən tarixdə yox, çox daha sonra tarixi saxtalaşdırılmaqla tərtib edilib. Bundan əlavə onun mülkiyyətinin qanunsuz yollarla ələ keçirilməsinə əsas olan 10.06.1996-cı il tarixli “Azneftgeofızika” trestinin idarə heyətinin qərarını əks etdirən saxta protokolda onun bağ sahəsində 4 ildən çox müddətdə heç bir iş görməməyinə əsaslanılmışdır ki, bu da tamamilə yalandır. Çünki həmin bağ sahəsi ona 08.10.1993-cü il tarixdə verilmiş, adı çəkilən saxta protokol 10.06.1996-cı il tarixdə tərtib edilmişdir ki, bu müddət də heç 3 il etmir. Birinci instansiya məhkəməsi onun tələblərinin əsaslılığını təsdiq edən bu faktı da təkzib edən dəlilləri öz qətnaməsində göstərə bilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştiraklarını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 inkişafı və istismatı Birliyinin Dübəndi ərazisindəki 66/83-1181/1198 nömrəli bağın istifadəyə verilməsi haqqında 38488 nömrəli, 18 avqust 2006-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh1 Dübəndi ərazisində 0,12 hektar torpaq sahəsi olan 66/83-1181/1198 nömrəli bağ sahəsi istifadəsinə verilməsi haqqında müqavilə bağlanmışdır. “Azneftgeofizika” trestinin bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 2 №-li 10 iyun 1996-cı il tarixli protokolundan çıxarışa əsasən bağçılıq yoldaşlığının 66/83 nömrəli bağ sahəsi 0,12 ha olmaqla Cavabdeh1N daimi istifadəsinə verilmişdir. Əvvəllər 66 nömrəli sahənin istifadəçisi olmuş Lilya Xudaverdiyeva və 83 nömrəli sahənin istifadəçisi olmuş İddiaçı Yunus oğlu dörd ildən çox müddət ərzində heç bir abadlıq və becərmə işləri aparmadığından onlara verilmiş sənədlər öz hüquqi qüvvəsini itirmiş hesab edilməsi qərara alınmışdır. Cavabdeh4 17 iyun 1996-cı il tarixli arayışından görünür ki, Dübəndi ərazisindəki “Azneftgeofizika” terstinin bağ-bostan yoldaşlığına məxsus 66/83 nömrəli ərazi 0,12 ha olmaqla Cavabdeh1 məxsusdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 142750 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Bakı şəhər İH-nin BTİ və İB-nin 18.08.2006-cı il tarixli 16 saylı protokolu ilə Cavabdeh1 Əzizbəyov rayonu Dübəndi bağ masivində sahəsi 1200 kv.m olan 66/83- 1181/1198 saylı bağ evi üçün X7 kitabında 26.02.2009-cu il tarixdə 13791 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18.04.2009-cu il tarixli **********92-********** nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 66/83-1181/1198 saylı bağ sahəsi Cavabdeh1 Namz oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli, 29 yanvar 2010-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi,66/83-1181/1198 saylı sahəsi 0,12 ha torpaq sahəsini Cavabdeh1 almışdır. Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.11.2014-cü il tarixli **********74-********** nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 66/83-1181/1198 saylı bağ sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. “Azneftgeofizika” trestinin “Geofizik” Bağ-Bostan Yoldaşlığının 61 nömrəli, 08.10.1993-cü il tarixli üzüvlük biletinin surətindən görünür ki, İddiaçı Yunus oğlu yoldaşlığa üzv olmuş və ona 15.01.1990-cı il baş planı üzrə 83 nömrəli bağ sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********54 nömrəli, 18.02.2014-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər keçmiş X4 İcraiyyə Komitəsinin 24 iyul 1991-ci il tarixli 10/518 nömrəli qərarına əsasən Xəzər (indiki Pirallahı) rayonu, Dübəndi qəsəbəsində yerləşən “Azərneftgeofizika” bağçılıq-yoldaşlıq üzüvlərinin siyahısında İddiaçı Yunis oğlunun adı göstərilmişdir. Pirallahı Rayon Məhkəməsinin 2(094)-232/2020 saylı 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat kontoruna qarşı “Azneftgeofizika” trestinin idarə heyəti yığıncağının 10.06.1996-cı il tarixli protokolundan çıxarışın və 29 yanvar 2010-cu il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış AN-İN seriyal ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası DƏDRX tərəfindən Cavabdeh1 verilmiş ******* nömrəli, 18.04.2009-cu il tarixli və Cavabdeh2 verilmiş ******* nömrəli, 25.11.2014cü il tarixli çıxarışların ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2689/2021 saylı 01.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Pirallahı Rayon Məhkəməsinin 2(094)-232/2020 saylı işi üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı protokoldan çıxarışın və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi tələbi baxılmamış saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 22.05.2020-ci il tarixli, 2-1(112)-1683/2020 nömrəli İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəli Dübəndi bağ massivində yerləşən 66/83-1181/1198 saylı bağ sahəsinin alğı-satqısına dair 29 yanvar 2010-cu il tarixli alğısatqı müqaviləsi etibarsız hesab olunmadığı və qüvvədə olduğu müddətdə cavabdehlər Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması tələbi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Həmin Məcəllənin 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Kollegiya qeyd edir ki, əqdin etibarsız hesab edilməsi normalar mülki qanunvericiliklə tənzimlənir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq, mübahisələndirilən protokol, alğısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı izahatında bildirmişdirki, uzun müddət Türkiyə Respulikasında yaşamışdır. Həmin zaman ərzində iddiaçı tərəfindən mübahisəli bağ sahəsində abadlıq işlərinin aparılması iş materialları ilə sübuta yetirilmir. Eyni zamanda mübahisəli bağ evi üçüncü şəxsə satılmışdır. Mübahisəli bağ evi özgəninkiləşdirildiyindən, müqavilənin etibarsız hesab edilməsi üçüncü şəxslərin mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Belə olan halda protokolun və alğı-satqı müqaviləsi qanunvericiliyin tələbləri nəzərə alınmaqla bağlanmış və müqavilənin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. İşin halları ilə müəyyən olunur ki, iddiaçının mübahisəli torpaq sahəsinə iddia etdiyi hüququ 08.10.1993-cü il tarixdə verilmiş üzvlük biletinə əsasən yaranmışdır. Belə olan halda iddiaçının iddia etdiyi hüququna həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə hüquqi qiymət verilməlidir. Belə ki, qüvvədən düşmüş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (1991-1999) 53.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına — kollektiv bağçılıq, bostançılıq və tərəvəzçilik üçün verilir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına bu torpaqları vermiş rayon, şəhər xalq deputatları Sovetləri torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə xitam verir. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə xitam verilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2689/2021 saylı mülki işinin materialları ilə müəyyən olunur ki, bağçılıq cəmiyyətinin üzvlərinə münasibətdə həmin dövrdə Azərbaycan SSR Nazirlər Sovetinin və AHİŞ-in «Fəhlə və qulluqçuların bağçılıq yoldaşlığının vahid Nizamnaməsində dəyişikliklər və əlavələr edilməsi və kollektiv dirrikçiliyin təşkili qaydaları haqqında Əsasnamənin təsdiqi haqqında» 1985-ci il 12 aprel tarixli, 122 nömrəli qərarı qüvvədə olmuşdur. Həmin qərarla təsdiq olunmuş Əsasnamənin 16-cı bəndinə əsasən, təsərrüfatın üzvi iki il ərzində torpaq sahəsindən istifadə etmədikdə, üzvlük haqqını ödəmədikdə bağçılıq yoldaşlığına üzvlükdən azad edilə bilər. Göründüyü kimi, iddiaçı ailəsi ilə birlikdə uzun müddət daimi olaraq Türkiyə Respublikasında yaşadığından mübahisələndirdiyi protokoldan xəbərdar olmaya bilər, lakin bu fakt özü onun torpaqdan uzun müddət ərzində istifadə etməməsini sübuta yetirir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını tələb etsə də, iddia tələbində əsaslandırdığı halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Kollegiya hesab etmiş məhkəmə məsrəfləri İddiaçı aid edilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(094)-287/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar