Məhkəmə qərarları › İş №2(105)-1133/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1133/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1133/2023 14.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X10 və X2 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gülbaba qızını qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2020ci il tarixli, 2(067)-1943/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gülbaba qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim X.Quliyev) iddianın təmin edilməsi, JN-120F seriyalı, 30216018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulmuş Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair iddiaçı ilə cavabdehlər arasında 22 iyul 2003-cü il tarixdə bağlanmış əqdin etibarlı hesab olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2020-ci il tarixli, 2(105)-1858/2022 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədova və T.O.Quliyev) cavabdehlərin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(067)-1943/2020 nömrəli qətnaməsi ləğv olunmaqla İddiaçı Gülbala oğlunun iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 06 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və Z.Babayev) İddiaçı Gülbala oğlu tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(105)-1858/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 ilə aralarında 22 iyul 2003-cü il tarixdə bağlanmış əqdin etibarlı hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 Xaçmaz rayonun Nabran kəndi ərazisində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evini və həmin evin 0,16 ha həyətyanı torpaq sahəsini 22 iyul 2003-cü il tarixli notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən ********* manata (köhnə manata) satın almışdır. Həmin müqaviləyə əsasən yaşayış evinə və evin həyət yanı torpaq sahəsinə 25 iyul 2003-cü il tarixli Qeydiyyat vəsiqəsi verilmiş və Texniki pasport işlənmişdir. 04 noyabr 2019-cu il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək evə dair reyestrdən çıxarış sənədi almaq istəyərkən məlum olmuşdur ki, satın aldığı əmlaklardan torpaq sahəsi alqı-satqı müqaviləsində alqı-satqı predmeti kimi göstərilməmiş və torpağa dair cavabdehlərin adına verilmiş mülkiyyət hüququna dair alqı-satqıdan əvvəl işlənmiş şəhadətnamə mövcuddur. Bundan sonra o, cavabdehləri tapıb yenidən onlarla torpaq sahəsinə dair ayrıca alqı-satqı müqaviləsi bağlamağa cəhd etmişdir. Lakin cavabdehlər 2003-cü ildə evlərini ona satdıqdan sonra köçüb getdiklərindən onların harada yaşamalarını müəyyən edə bilməmişdir. Hal-hazırda da cavabdehlərin harada yaşaması məlum deyildir. Cavabdehlər 2003-cü ildən yaşayış yerini dəyişmişlər və ərazidə onların harada yaşaması barədə dəqiq məlumat yoxdur. Yaranmış vəziyyətdə o, 2003-cü ildə satın aldığı torpaq sahəsini evin həyətyanı sahəsi kimi öz adına rəsmiləşdirə bilmir. Satın aldığı yaşayış evi və həyətyanı torpaq sahəsi 2003-cü ildən onun sahibliyində və istifadəsindədir. Həmin əmlaklara dair heç bir mübahisə yoxdur. O, müqavilə üzrə alıcı kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirmiş, yəni cavabdehlərə razılaşdıqları pul məbləğini verərək satın aldığı əmlakları faktiki olaraq qəbul etmiş, cavabdehlər də evi və torpaq sahəsini ona təhvil vermiş, lakin torpağa mülkiyyət hüququna dair sənədə cavabdehlər tərəfindən notariat orqanına təqdim edilməklə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmədiklərinə və reyestr xidməti orqanı torpaq sahəsinin mülkiyyətdə olmamasına dair arayış verdiyinə görə müqavilədə torpaq sahəsinin alqı-satqısı öz əksini tapmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gülbaba qızı qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassız olmuşdur. İşə əlavə olunmuş Xaçmaz rayon 1 saylı dövlət notariat kontorunda təsdiqlənmiş 22 iyul 2003-cü il tarixli 4-e393 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətinə əsasən, onlar Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evi 22 iyul 2003-cü il tarixdə ********* köhnə Azərbaycan manatına iddiaçıya satmışlar. Onlar yalnız bir mərtəbəli, iki otaqlı yaşayış evini iddiaçıya satmışdır. Evin həyətyanı torpaq sahəsinin alqısatqısı olmamışdır. Belə bir hal bu alqı-satqı müqaviləsində də öz əksini tapardı. Məhkəmə iddia tələbini təmin etməklə onların mülkiyyət hüququnu pozmuşdur. Eyni zamanda, məhkəmə iddianın rədd olunması üçün iddia müddətinin tətbiqi məsələsini də müzakirə etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehlərin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehlərin nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçı Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,16 həyətyanı torpaq sahəsini yaşayış evi ilə birlikdə satın almaq barədə cavabdehlərlə razılığa gəldikdən sonra notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etməsi, müqavilə notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş verdiyindən, cavabdehlər müqavilənin notariat qaydasında təsdiqlənməsindən yayındıqlarından və tərəflər arasında baş tutmuş müqavilə özlüyündə qanuna zidd olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığını və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyini, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasındakı münasibətləri Mülki Məcəllənin 245-ci maddəsinin tələbləri baxımından qiymətləndirmədiyini, alqı-satqının predmeti olan yaşayış evi və evin həyətyanı torpaq sahəsinin ayrılmaz vahid əmlak olmasını, müqavilədən sonra hər iki əmlaka hüquqların alıcı Rafiq Abbasova keçməsini və satıcının hər iki əmlakı alıcıyə təhvil verməsini və hüquqlarını itirməsini nəzərə almamasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 335.2-ci maddəsinə istinad etmiş və bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X11rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X8 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş 22 iyul 2003cü il tarixli, 4-ə393 reyestr nömrəli alqı-satqı müqaviləsininə əsasən, cavabdehlər Cavabdeh1 Abbulla qızı və Cavabdeh2 Xaçmaz rayonu Nabran kəndindəki bir mərtəbəli, iki otaqlı yaşayış evini 22 iyul 2003-cü il tarixdə ********* manata (köhnə) İddiaçı satmaları işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əqdin etibarlı hesab edilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 245-ci maddəsi (24 iyun 2005-ci il tarixə kimi qüvvədə olmuş redaksiyada) təşkil edir. Mülki Məcəllənin 245-ci maddəsinə əsasən əgər binanın və ya qurğunun özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış və Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunda təsdiqlənmiş 22 iyul 2003-cü il tarixli, 4-ə393 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh Şərifova X7 rayonu X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 22 iyul 2003-cü il tarixli 01/229 nömrəli arayışa və 06 mart 1992-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, ünvan 1 ünvanda, 1700 kv metr torpaq sahəsində yerləşən, ümumi sahəsi 78,3 kv metr olan iki otaqlı yaşayış evini ********* köhnə Azərbaycan manatına (indiki kursla 25000 manat) İddiaçı satmışdır. Tərəflər müqavilədən irəli gələn öhdəliklərə əməl etmiş, alıcı İddiaçı 12500000 manat pulu satıcı Cavabdeh1 ödəmiş, satıcı isə yaşayış evinin və torpaq sahəsini alıcıya təhvil vermişdir. Xaçmaz RDTİ və MHQ idarəsi tərəfindən alıcı İddiaçı adına yaşayış evinə dair 25 iyul 2003-cü il tarixli, 4-185a reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmiş, evə dair 2003-cü ilin iyul ayında 327 nömrəli Texniki pasport işlənmişdir. Texniki pasportda da alıcı İddiaçı adına yaşayış evinin 1700 kv metr sənəd üzrə, 1701,5 kv metr faktiki həyətyanı torpaq sahəsinin olması göstərilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, müqavilə bağlandığı vaxtdan torpaq sahəsi və onun üzərindəki yaşayış evi iddiaçının sahibliyində və istifadəsindədir. Cavabdehlər həmin torpaq sahəsinin iddiaçıya satılmamasına dəlalət edən hər hansı hərəkət etməmişlər. Tərəflər arasında bağlanmış müqavilənin məzmunundan həmçinin görünür ki, baş tutmuş alqı-satqı təkcə ümumi sahəsi 78,3 kv metr olan iki otaqlı yaşayış evi ilə bağlı deyil, 1700 kv metr həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi və tikililərlə əlaqədar olmuş, satıcı evlə birlikdə torpaq sahəsini də alıcıya təhvil vermişlər. Həmin əmlaklar ayrılmaz vahid əmlakdır, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən kənarda yerləşməsi, yaxud həyətyanının olmaması mümkün deyildir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı predmeti olan yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ayrılmaz vahid əmlak olmaqla, əqdən sonra hər iki əmlaka hüquqlar alıcı olaraq iddiaçı Rafiq Abbasova keçmiş və satıcı olaraq cavabdehlər istər torpaq sahəsini, istərsə də yaşayış evini alıcı olaraq iddiaçıya təhvil verməklə həmin əmlaklara hüquqlarını itirmişlər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gülbaba qızının apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. JN-120F seriyalı, 30216018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulmuş Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinə dair 22 iyul 2003-cü il tarixdə bağlanmış əqdin etibarlı hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar