Məhkəmə qərarları › İş №2(103)-1085/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1085/2024

22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1085/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentin artırılması” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6308/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-3944/2020 nömrəli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatanadək cavabdehdən tutulan 150 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq 220 manat sabit pul məbləğinin müəyyən edilməsi və həmin məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6308/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 3944/2020 nömrəli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının artırılması, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə olaraq müəyyən olunmuş 150 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya xidməti üçün ödənilmiş 50 manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərci olaraq 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət nəfinə ödənilməsi qət edilmişdir.

2. Qətnamədə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.2, 81, 112.1; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-3944/2020 nömrəli qətnaməsi ilə hər ay əlavə olaraq müəyyən olunmuş 150 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə kimi hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-3944/2020 nömrəli qətnaməsinə əsasən, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında, əlavə hər ay 150 manat sabit pul məbləğində aliment və 1504 manat pul tutularaq İddiaçı verilməsi qət edilmişdir Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-6308/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 12, 25, 60, 71; Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi, Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 112, Mülki Prosessual Məcəllənin 9, 14.2, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Sabunçu rayon məhkəməsinin 23.09. 2020-ciil tarixli qətnaməsi ilə tutulan 2 uşağa görə ayda qazancının və əlavə gəlirinin 3/1 hissəsi miqdarında və əlavə sabit pul məbləğində tutulan 150 manat alimenti ödəməkdə çətinlik çəkir, çünki aldığı 568,46 manat maaş Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edilən zaman aldığı maaşdır və heç bir artım olmamışdır. O, 31 mart 2022-ci il tarixdə rəsmi nikaha düşərək yenidən ailə qurmuş və xəstə anası, əlil qardaşı onun himayəsindədir, onların da dərman və digər xərclərinə kömək edir, xx.xx.2020-ci il tarixdən Azərbaycan Beynəlxalq Bankına hər ay 176 manat kredit müqaviləsi üzrə, Tamkart üzrə də hər ay 186 manat kredit ödənişlərini yaxınlarından borc alaraq ödəniş edir və ailəsin təminatlarını çətinliklə təmin edə bilir. Onun özünün sosial vəziyyəti yaxşı deyil. İddia ərizəsinə əsasən, iddiaçı onun sosial vəziyyətinin və ya gəlirinin artması barədə hansısa sübut təqdim etməmişdir.İddiaçı özü də Sədərək ticarət mərkəzində satıcı işləyir və bunu bilərəkdən məhkəmədən gizlədir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə müdafiə edərək, yenidən ailə həyatı qurduğunu, himayəsində yaşlı valideyninin və əlil qardaşının olduğunu,həmçinin banka kredit borcu olduğunu, aradan keçən müddət ərzində onun iş yerində və ya vəzifə maaşında hər hansı dəyişiklik olmadığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin uşaqları ilə maraqlanmadığını, uşaqları saxlamağın hər iki valideynin borcu olduğunu, anasının və atasının vəfat etdiyini, qardaşının isə “Antiterror” əməliyyatı zamanı qəhrəmancasına şəhid olduğunu, özünün də xəstə olduğunu bildirmiş, uşaqların əlavə məşğələlərə getdiyini, təkbaşına onların maddi ehtiyaclarını ödəyə bilmədiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 17, 34; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19-22, 49, 50, 51, 60, 61, 75; «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyası və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, uşağların mənafeyi nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri uşaqların təminatları (valideynlərin onlara münasibətdə vəzifələri) və qanunvericiliyin tələbləri baxımından qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

11. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

12. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Alimentin müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə müzakirə edilməyən və ya fərqli əsaslarla irəli sürülən dəlillər isə aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna etmir. Hazırki münasibətlər həddində qeyd edilməlidir ki, artıq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yəni, artıq 2023-ci ilə münasibətdə yaşayış minimumu üzrə tələbat artmışdır. Cavabdehin yeni ailə qurması, habelə digər dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas deyildir.

13. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir. Həmçinin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

14. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6308/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar