Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10864/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi” tələbinə dair 2(001)-4643/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 04.02.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 28% olmaqla 48 ay müddətinədək 2090 manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına və iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 359,71 (üç yüz əlli doqquz manat yetmiş bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun 14,17 (on dörd manat on yeddi qəpik) hissəsinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın qaydalarına əsasən fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanimzinin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərn müəyyən edilməsi Qaydasının 5-ci bəndində göstərilir ki, 5.2.3-cü bəndinə əsasən restruksizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının hesabdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Sözügedən bəndə əsasən Dos21/521 saylı, 15.04.2021-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, 19.04.2019-cu ildə əsas məbləğdən 314.29 manat, faizdən 67 manat güzəşt edilmiş vəsait silinmişdir. Əsas, faiz, vaxtı keçmiş faiz borcunun hesablanma qaydasını kreditor tərəfindən düzgün hesablanıbhesablanmadığı yalnız xüsusi biliklərə malik olan ekspert-mütəxəssis tərəfindən rəy verilə bilər. Məhkəmə isə mühasibatlıq ekspertizası keçirmədən borcu müəyyən etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində yoxlanılır. İşin müəyyən edilmiş hallarına əsasən, 18.07.2016-cı il tarixli, 02-16-11-052958 saylı kredit müqaviləsi ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə, illik 23% ödəmək şərti ilə 674 manat kredit verilmişdir. Verilmiş 674 manat məbləğində krediti üzrə aşağıdakı ödənişlər aparılmışdır: 18.08.2016ci il – 1,22 manat; 02.03.2017-ci il – 50 manat; 20.10.2017-ci il – 50 manat; 01.12.2017-ci il – 50 manat; 29.12.2017-ci il – 55 manat; 01.02.2018-ci il – 50 manat; 19.04.2019-cu il – 314,29 manat. 19 aprel 2019-cu ildə əsas məbləğdən 314.29 manat, faizdən isə 67 manat ödənilmiş (güzəşt edilmiş) vəsait Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən ödənilmiş kompensasiya məbləğləridir. 18.07.2016-ci il tarixli, 02-16-11-052958 saylı kredit müqaviləsi üzrə Cavabdeh 18.07.2020-ci il tarixinə "xxxx" ASC-yə cəmi borcu 761.64 manat, əsas borcu 359.71 manat, faiz borcu üzrə 401.93 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşdüyündən iddia tələbini faizin tutulması hissəsində təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəldiyindən apellyasiya şikayəti təmin edilməməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 6-cı bəndinə əsasən bankalara aşağıdakılar tövsiyə edilmişdir. Həmin fərmanın 6.1-ci bəndinədə göstərilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 6.2-ci bənidən əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin fərmanın 6.3-cı bəndinə əsasən borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, qeyd edilən Fərmanda faiz və cərimə borclarının silinməsi banklara məcburi xarakter daşımasa da, hazırki iş üzrə Fərmanın faiz borcunun silinməsi ilə bağlı hissəsinə hər hansı etirazının olması iş materialları ilə müəyyən edilmir. Həmçinin qeyd olunan Fərmanın vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunduğunu, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradıldığını və bankların vətəndaşlarla olan kredit münasibətlərində daha güclü və məlumatlı tərəf olmaqla, üzərlərinə düşən vəzifələrini daha ədalətli və humanist şəkildə icra etməli olduqlarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdəndən hər hansı faiz məbləğinin tutulması Fərmanın təsir mexanizmlərini azatlmış olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Belə ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə 674 manat kredit verilmiş, həmin kredit borcundan əsas borc üzrə müxtəlif vaxtlarda cəmi 314,29 manat ödənişlər aparılmış, əsas borc üzrə 359,71 manat borc qalmışdır. (674-314,29 =359,71). Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(001)- 4643/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10864/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10864/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver