Məhkəmə qərarları › İş №2(103)-10870/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10870/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10870/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Budaqova Elmira Firuddin qızının, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4401/2019 saylı, iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 19.06.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10.12.2014-cü il tarixli 2723-10.12.2014-SM7 nömrəli təminatlı kredit müqaviləsi üzrə yaranmış 8.639,30 manat əsas borcu, 3.394,27 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.063,57 manat pulun müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Budaqova Elmira Firuddin qızı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsi”nə dair 11.08.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsilə həyata keçirilir. Bu səbəbdən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi İddiaçı MMC tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs Cavabdeh2 dair sənədlər S-FK-1360 nömrəli 14.03.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC-yə verilmişdir. "xxxx" ASCnin Səbail filialı ilə Cavabdeh2 arasında 10.12.2014-cü il tarixdə 2723- 10.12.2014-SM7 nömrəli təminatlı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 36 ay müddətinə 9.000 manat kredit verilmişdir. 10.12.2014-cü il tarixli kassa məxaric orderinə imza etməklə Cavabdeh2 ayrılmış kredit məbləğini almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh110.12.2014-cü il tarixdə 2723-10.12.2014-SM7 nömrəli təminatlı kredit müqaviləsində imza etməklə, Cavabdeh2 zamin durmuşdur. Kreditin vəsaitinin istifadə müddəti 10.12.2017-ci il tarixdə bitmişdir. Hazırda Cavabdeh2 10.12.2014-cü il tarixdə 2723-10.12.2014-SM7 nömrəli təminatlı kredit müqaviləsi üzrə 8.639,30 manat əsas borcu və 3.394,27 manat faiz borcu olmaqla, cəmi 12.033,57 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsindən boyun qaçırırlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4401/2019 saylı, iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilmısi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10.12.2014-cü il tarixli 2723-10.12.2014-SM7 nömrəli təminatlı kredit müqaviləsi üzrə yaranmış 8.639,30 manat əsas borcu, 3.394,27 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.063,57 (on iki min altmış üç manat əlli yeddi qəpik) manat pulun müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qətnamənin ləğv edilməsi və iddia tələbinin məbləğinin azaldılmasına dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin məbləğinin azaldılmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməsində Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyi qeyd edilsə də faktiki olaraq məhkəmə bildirişi ona verilməmişdir. Bununla da onun məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Tərəfindən kredit müqavilə üzrə borcun bir qisminin ödənilməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi tam təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddia ərizəsində tutulması tələb olunan əsas və faiz borcunun məbləğinin bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmamış, ödənilməli olan məbləğlər bank tərəfindən yüksək dərəcədə şişirdilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi maliyyə arayışını əsas tutaraq və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasını keçirilmədən iddia tələbini tam həcmdə təmin etmişdir. Hesab edir ki, qətnamə ləğv edilməli və iddia tələbinin məbləğinin azaldılmasına dair yeni qətnamə qəbul edilməlidir. Həmin qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ondan pul tutulması hissəsinin ləğv edilməsi, onun cavabdeh qismində bu işdə iştirakına xitam verilməsi, İddiaçı MMC-nin “borcun tutulması” tələbinə dair iddiasının yuxarıda göstərilənlərə əsasən və iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla Beynəlxalq Bank arasında 10.12.2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsinin 10-cu bəndində mübahisələrin həlli qaydasından bəhs edilir: «10.1.Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqdır. 10.2-ci bəndinə görə isə tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəkdir.» Göründüyü kimi, Tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə məhkəməyə müraciət hüququnu saxlayır. Bank isə kreditin ödənilməsinin gecikdirilməsi barədə, bunun aradan qaldırılmasının yolları barədə hər hansı bir məlumat vermədən, razılıq əldə etməyə çalışmadan birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə isə MPM-nin 259.01-ci maddəsinin imperativ tələbini pozaraq iddianı baxılmamış saxlamalı olduğu halda, qətnamə çıxarmışdır. Zaminə qarşı iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin olunmamalı idi. Belə ki, zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, MM-nin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur(Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarından). Yuxarıda göstərildiyi kimi, Cavabdeh1 Borc Müqaviləsi üzrə bank qarşısında Cavabdeh2 zamini olmuşdur. Bununla əlaqədar olaraq, onunla iddiaçı arasında yaranmış hüquq münasibətləri mülki qanunvericiliyin xüsusi normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Buradan görünür ki, zaminin məsuliyyəti əsas müqavilənin şərtləri ilə məhdudlaşır. İcra müddəti üzrə və ümumi həcmə görə əsas öhdəlik dəyişdirildikdə zaminliyə xitam verilir, belə ki, bu, zaminin razılıq vermədiyi məsuliyyətinin artmasına gətirib çıxarır. Bankla Cavabdeh2 arasında 10.12.2014-cü il tarixdə bağlanmış Kredit Müqaviləsinin görünür ki, Cavabdeh2 ilə kredit müqaviləsi 10 dekabr 2014-cü il tarixdə 36 ay müddətinə (10.12.2017-ci il tarixədək Müqavilənin 5.4-cü bəndi) illik faiz dərəcəsi 22% olmaqla 9000 manat məbləğinə bağlanmışdır. Buradan görünür ki, zamin Cavabdeh1 öz öhdəsinə Cavabdeh2 tərəfindən Kredit müqaviləsinin göstərilən müddətdə və borcun şərtləndirilmiş məbləğində icra edilməsinə görə məsuliyyət götürmüşdür. İddiaçı bank borcun məcburi tutulması barədə iddia ilə məhkəməyə 19.06.2019-cu il tarixdə, yəni öhdəliklərin icrası müddətinin keçməsindən sonra müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zamin olaraq Zaminlik Müqaviləsinin müddətinin yeni şərtlərlə uzadılmasına dair yazılı razılıq verməmişəm və, təbii ki, bu razılıq iddiaçı tərəfindən məhkəməyə təqdim olunmayıb. Qeyd olunanlara əsasən və qanunun yuxarıda göstərilən imperativ normasının tələbinə əsasən cavabdeh E,S.Mustafayevin zaminlik müqavilələrinin qüvvəsinə 10.12 2017-ci il tarixdə xitam verilməli, yaxud bu müddətdən sonra bir il ərzində ona qarşı iddia irəli sürülmədiyi halda zaminlik müqaviləsinə xitam verilməli və bununla əlaqədar olaraq ona qarşı müştərək məsuliyyət barədə tələb irəli sürülə bilməzdi.Lakin birinci instansiya məhkəməsi qanunun bu imperativ tələbini də pozmuşdur. Bankın ümumi iddiasına iddia müddətinin tətbiqi barədə hesab edir ki, bu iş üzrə iddia verərkən (19.06.2019-cu il) bank iddia müddətini ötürmüşdür. Lakin o Yasamal məhkəməsinə dəvət edilmədiyindən və məhkəmə barədə məlumatlı olmadığından iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinə ərizə verə bilməmişdir. Odur ki, İddiaçı MMC-nin iddiasına iddia müddətini tətbiq etməyi və iddianı aşağıda göstərilən səbəblərdən ümumilikdə təmin etməməyi Apellyasiya Məhkəməsindən xahiş edir. Bankla Cavabdeh2 arşında bağlanmış sözügedən Müqavilədə müqavilənin qüvvədə olma müddəti tərəflər Müqavilə üzrə bütün öhdəliklərini tam icra edən anadək, kreditin əsas məbləğ və faizlərin) müddəti isə Müqavilənin 5.4-cü bəndində göstərildiyi kimi, 10.12.2017-ci il tarixdə bitir. Kredit Müqaviləsinin 7.1.-ci bəndi: «Bu müqavilənin 5.4-cü bəndi ilə nəzərdə tutulmuş tarix borc öhdəliyinin tam həcmində icra edilməsinin son tarixi kimi müəyyən edilir». Bankla Cavabdeh2 arasında olan Müqavilənin 1 saylı əlavəsində öhdəliyin icra edilməsi vaxtı günbəgün göstərilib. Bundan əlavə, Bankla Cavabdeh2 arasında bağlanmış Kredit müqaviləsinin “Vaxtından əvvəl tələbetmə”adlanan 8 -ci bəndində göstərilir. İ.Baxşiyevə işdən çıxarılması ilə əlaqədar banka müqavilədə göstərilmiş aylıq 343.8 manatı ödəyə bilmirdi. Deməli, o, 2015-ci ildən öz öhdəliyini AR MM-nin 442-ci maddəsində göstərilən qaydada «icra etmirdi»,ay//q ödəmələr də bunu sübut edirdi. Müqavilənin 8.1-ci bəndində göstərilən hallar baş verdiyindən, Müqavilənin 13.3-cü bəndi Banka imkan verirdi ki, Müqaviləyə vaxtından əvvəl xitam vermək və kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri Kredit Alandan qaytarmağı tələb etsin. Bank heç bir tədbir görməyərək, iddia qaldırmamış, cavabdehə və ona zamin kimi irad bildirməyərək, boycalana borc yükləməkdə davam etmiş və iddia müddəti keçdikdən,yəni 3 il keçdikdən, sonra borcalana və mənə qarşı borc hesablamaqla məhkəmədə iddia qaldırmışdır. Beləliklə, bank bu iddianı qaldırarkən iddia müddətini ötürmüşdür. Lakin birinci instansiya məhkəməsi onu məhkəməyə dəvət etmədiyi üçün iddia müddətinin tətbiqi ilə bağlı ərizə verə bilməmişdir. Məhkəmə kollegiayasının iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiayasının iclasında iştirak edən iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Budaqova Elmira Firuddin qızı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4401/2019 saylı, iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 10.12.2014cü il tarixli 2723-10.12.2014-SM7 nömrəli təminatlı kredit müqaviləsi üzrə yaranmış 8.639,30 manat əsas borcu, 3.394,27 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.063,57 (on iki min altmış üç manat əlli yeddi qəpik) manat pulun tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə, yəni Cavabdeh1 aid hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsi”nə dair 11.08.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSCyə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsilə həyata keçirilir. Bu səbəbdən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi İddiaçı MMC tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs Cavabdeh2 dair sənədlər S-FK-1360 nömrəli 14.03.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC-yə verilmişdir. "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh2 arasında 10.12.2014-cü il tarixdə 2723- 10.12.2014-SM7 nömrəli təminatlı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 36 ay müddətinə 9.000 manat kredit verilmişdir. 10.12.2014-cü il tarixli kassa məxaric orderinə imza etməklə cavabdeh ayrılmış kredit məbləğini almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 10.12.2014-cü il tarixdə 2723-10.12.2014-SM7 nömrəli təminatlı kredit müqaviləsində imza etməklə, Cavabdeh2 zamin durmuşdur. Kreditin vəsaitinin istifadə müddəti 10.12.2017-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında təminatlı kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh2 müqavilə üzrə bankın müəyyənetdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdlər. "xxxx" ASC-nin maliyyə arayışına əsasən borclu Cavabdeh2 10.12.2014-cü il tarixli 2723-10.12.2014-SM7 nömrəli təminatlı kredit müqaviləsi üzrə 10.12.2017-ci il tarixə (müqavilə müddətinə) 8.639,30 manat əsas borcu və 3.394,27 manat faiz borcu olmaqla, cəmi 12.033,57 manat borcu yaranmışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh2 10.12.2014-cü il tarixli təminatlı kredit müqaviləsi üzrə yaranmış 8.639,30 manat əsas borcu, 3.394,27 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.063,57 manat pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş olsa da, iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh1 münasibətdə təmin edilməsi hissəsində haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəalarını nəzərə alımamış və düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Belə ki, həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə bağlanılmış 10.12.2014cü il tarixdə 2723-10.12.2014-SM7 Zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Ona görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İş materiallarından aydın olur ki, borcalan aldığı krediti ödəniş cədvəlinə uyğun ödəməyə borcludur, birinci ödəniş 10.01.2015-ci il, sonuncu ödəniş isə 10.12.2017-ci il tarixdən gec olmayaraq həyata keçirilməli, hər ay konkret məbləğ kredit borcu üzrə hissəhissə ödənilməli idi. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi, onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci müqavilə müddətinin bitdiyi 10.12.2017-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Bank zaminə qarşı 10.12.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün, qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi Cavabdeh1 qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin iddianın 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınmasına dair qənaətini də araşdıraraq hesab edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilmədiyindən sonuncudan iddianın verilməsi üçün ödənilmiş dövlət rüsmu da tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətini dəlillərindən biri ondan ibarətdir ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməmişdir. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini əsaslı hesb etmir. Belə ki, iş materillarında olan arayışdan görünür ki, Cavabdeh2 qeydiyyat ünvanı ünvan 1əmə bildirişini məhz cavabdehin məhkəməyə məlum olan sonuncu ünvanına göndərmişdir. Cavabdeh2 apellyasiya şikayətinin digər dəlilli isə ondan ibarətdir ki, məhkəmə iddia ərizəsində tutulması tələb olunan əsas və faiz borcunun məbləğinin bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmamış, ödənilməli olan məbləğlər bank tərəfindən yüksək dərəcədə şişirdilmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsası hesab edilə bilməz. Belə ki, cavabdeh qeyd etdiklərini təsdiq edəcək hər hansı əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də Cavabdeh2 apellyasiya şikayəti əsasızdır və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kollegiya Cavabdeh1 apellyasiya şikayətinin iddiaçı tərəfindən iddia qaldırarkən iddia müddətini ötürülməsi barədə dəlilini əsaslı hesab etmir. Belə ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh2 arasında 36 ay müddətinə 10.12.2014-cü il tarixdə 2723-10.12.2014- SM7 nömrəli kredit müqaviləsi bağlanmış və müqavilə müddətinin 10.12.2017-ci il tarixdə bitmişdir. Hazırki halda iddiaçının müqavilə müddəti bitdikdən sonrakı 3 il ərzində yəni 10.12.2020-ci il tarixinədək məhkəməyə müraciət etmək hüququ yaranmış və iddiaçı bu hüququndan istifadə edərək 19.06.2019-cu ildə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Ona görə də Cavabdeh1 apellyasiya şikayətinin qeyd edilən dəlili əsasızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4401/2019 saylı, iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 10.12.2014-cü il tarixli 2723-10.12.2014-SM7 nömrəli təminatlı kredit müqaviləsi üzrə yaranmış 8.639,30 manat əsas borcu, 3.394,27 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.063,57 (on iki min altmış üç manat əlli yeddi qəpik) manat pulun tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə, yəni Cavabdeh1 aid hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4401/2019 saylı, iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 10.12.2014-cü il tarixli 2723-10.12.2014- SM7 nömrəli təminatlı kredit müqaviləsi üzrə yaranmış 8.639,30 manat əsas borcu, 3.394,27 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.063,57 (on iki min altmış üç manat əlli yeddi qəpik) manat pulun tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə, yəni Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar