Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10885/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(001)-5494/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 3261,96 manat məbləğində əsas borc, 592,63 manat məbləğində faiz borcu və 0,94 manat məbləğində cərimənin, cəmi 3855,53 manat borcun və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(001)- 5494/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, borcun gecikdirilməsi barədə bank tərəfindən ona heç bir xəbərdarlıq edilməmiş və onun məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Onun kreditora qətnamədə göstərilən məbləğdə borcu yaranmamışdır. Çünki o, 2020-ci ilin sentyabr ayında səfərbərlik elan olunan zaman künüllü olaraq ordu sıralarına cəlb edilmiş və torpaqların azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bank isə əsassız olaraq onun borc məbləğinə faiz hesablamışdır. Halbuki, ölkə rəhbərliyi tərəfindən banklara Vətən müharibəsində iştirak edən hərbçilərin banklara olan faiz borclarının hesablanmasının dayandırılması tövsiyə edilmişdir. O, banka olan əsas kredit borcunu ödəmək istəyir və ona borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi Anar Tağızadə isə iddia tələbinin əsas borc hissəsində qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək faiz və cərimə borcu hissəsində iddianın təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(001)-5494/2021 saylı qətnaməsi qismən, yəni faiz və cərimə borcu hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki işin materiallarından görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 3263 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin kredit müqaviləsi üzrə 17 iyun 2021-ci il tarixinə "xxxx" KB ASCyə 3261,96 manat əsas borcu, 592,63 manat faiz borcu yaranmış, ona 0,94 manat cərimə hesablanmışdır. Beləliklə, cavabdehin iddiaçı banka cəmi borcu 3855,53 manat təşkil edir. Apellyasiya şikayətinə əlavə olunmuş Cavabdeh SX seriyalı ******* saylı hərbi biletinin surətindən görünür ki, o, 29 sentyabr 2020-ci il tarixdə səfərbərliklə hərbi xidmətə cəlb olunmuş, N saylı hərbi hissənin tərkibində hərbi xidmətdə olmuş, 16 dekabr 2020-ci il tarixdə hərbi xidmətdən azad olunmuşdur. Kredit müqaviləsi üzrə faiz dərəcəsi dedikdə, müəyyən bir müddət (ay, rüb, il) hesablanmış kredit alıcısının istifadə etdiyi üçün ödədiyi kredit məbləğinin faizi ilə göstərilən məbləğ nəzərdə tutulur. İşin faktiki hallarından görünür ki, Cavabdeh 25 sentyabr 2020-ci il tarixdə "xxxx" KB ASC-dən kredit götürdükdən 2 gün sonra Vətən müharibəsi başlamış, 29 sentyabr 2020-ci il tarixdə Cavabdeh könüllü olaraq səfərbərliklə hərbi xidmətə gedərək işğal olunmuş ərazilərimizin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, 16 dekabr 2020-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Göründüyü kimi, Cavabdeh 25 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" KB ASC qarşısında müqavilədən irəli gələn öhdəliklər, o cümlədən faizləri ödəmək öhdəliyi daşısa da, öhdəliyin icra edilməməsi onun risk dairəsinə daxil olmamış, öhdəliyin icra olunmamasında təqsirli olmamış, müqavilə bağlanarkən həmin halı nəzərə almaq imkanında olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh kredit müqaviləsi üzrə faiz borcunu ödəməyi tələb etməkdə haqlı olmamışdır. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh bank qarşısında öhdəliklərinin icra edilməməsində təqsirli olmamışdır. Buna görə də iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmamalıdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. MPM-in 388-ci maddsinə əsasən, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. MPM-in 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(001)- 5494/2021 saylı qətnaməsi 592,63 manat faiz və 0,94 manat cərimə borcunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10885/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10885/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver