Məhkəmə qərarları › İş №2(103)-10888/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10888/2021

30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10888/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(004)-1762/2016 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sığortalanmış “Hyundai Tucson” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə “X2” MMC-yə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 5657 manat 22 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2” MMC özünə məxsus “Hyundai Tucson” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilini İddiaçı-də zərərdən sığorta etdirmişdir. Sığorta müddətində 28 dekabr 2007-ci il tarixdə Cavabdeh idarə etdiyi “VAZ- 2109” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomaşın “X2” MMC-nin əməkdaşının idarə etdiyi “Hyundai Tucson” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində sığortalanmış avtomobilə maddi zərər vurulması ilə yanaşı bir nəfər sərnişin də dərəcəsi təyin edilməyən xəsarət almışdır. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində özünü təqsirli bilmişdir. Cavabdeh əməlində cinayət tərkib olmadığına və həmin şəxsin törətdiyi əməlin inzibati xəta olması nəzərə alınaraq 16 yanvar 2008-ci il tarixli qərarla Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və toplanmış materialların Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X6 göndərilməsi qərara alınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Tucson” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil əzildiyinə görə “X2” MMC-yə təmir-bərpa xərcləri qismində 5757 manat 22 qəpik məbləğində maddi ziyan dəymişdir. Sığorta şəhadətnaməsinə uyğun olaraq, iddiaçı franşiza məbləğini çıxdıqdan sonra “X2” MMC-yə 5657 manat 22 qəpik məbləğində pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə zərərvuran şəxsə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, sığorta ödənişini ödədikdən sonra sığorta şirkətinə keçir. Yüksək təhlükə mənbəyi olan avtomobil tərəfindən vurulmuş zərərin əvəzini ödəmək vəzifəsi isə nəqliyyat vasitəsinə mülkiyyət hüququ və ya etibarnamə əsasında sahiblik edən şəxsin üzərinə düşür. Buna görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və bu zaman dövlət rüsumunun ödənilməsinə əlavə olaraq 30 manat məbləğində əlavə xərc çəkmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, sığorta ödənişi sığortalıya 2008-ci ildə ödənilməsinə və onun həmin hadisənin törədilməsində təqsirli olması barədə qərar 2008-ci ildə qəbul edilməsinə baxmayaraq, iddiaçı ona qarşı reqress qaydasında yalnız 15 yanvar 2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin müddətdən 3 ildən artıq vaxt keçsə də, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin səbəbi barədə heç bir əsas gətirilməmişdir. Halbuki, mülki qanunvericiliyə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. Buna görə də Cavabdeh iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(004)- 1762/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı-nin xeyrinə sığorta ödənişinin əvəzi qismində 4844 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 25 manat, cəmi 4869 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini müddət ötürməklə vermiş, buna görə də iddia rədd edilməli idi. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(004)-1762/2016 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən hüquq normalarından göründüyü kimi, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. İş materiallarında olan CSC/H/İC seriyalı, 003098/07 vasitələrinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, “X2” MMC özünə məxsus “Hyundai Tucson” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilini 24 sentyabr 2007-ci il tarixdən 30 oktyabr 2008-ci il tarixədək İddiaçı-də zərərdən sığorta etdirmişdir. İşdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh yol hərəkəti qaydalarını pozmaqla idarə etdiyi “VAZ-2109” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomaşın “X2” MMC-yə “Hyundai Tucson” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilini İddiaçı-də zərərdən sığorta etdirmiş “X2” MMC-yə 4844 manat məbləğində zərər vurulmuşdur. İddiaçı “Performance Center” şirkəti tərəfindən tərtib olunmuş 09 yanvar 2008-ci il tarixli qüsur aktında göstərilmiş qiymətləri əsas tutaraq “X2” MMC-yə 5657 manat 22 qəpik məbləğində sığorta ödənişi etmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyini nəzərə alaraq 4844 manat pulun subroqasiya qaydasında cavabdehdən alınıb iddiaçıya ödənilməsini qət etmişdir. Yol nəqliyyat hadisəsinin Cavabdeh təqsiri üzündən baş verməsi, hadisə nəticəsində zərər çəkmiş “X2” MMC-yə İddiaçı tərəfindən 5657 manat 22 qəpik məbləğində sığorta ödənişi edilməsi, hadisə zamanı “X2” MMC-yə məxsus avtomobilin əzilməsi nəticəsində 4844 manat məbləğində zərər dəyməsi, İddiaçı-nin Cavabdeh qarşı subroqasiya qaydasında tələb hüququnun olması işin mübahisəsiz hallarıdır. Cavabdeh apellyasiya şikayətində yalnız iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsini xahiş etmişdir. Apellyator ona istinad etmişdir ki, iddiaçının ona qarşı iddiasının əsasını onunla “X3” MMC arasında bağlanmış sığorta müqaviləsi təşkil edir. Həmin müqaviləyə əsasən İddiaçı “X4” MMC-yə ödəniş etmiş və ona qarşı sığorta ödənişinin əvəzini tələb etmək əsası yaranmışdır. Apellyator hesab edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində işə baxılarkən o, iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Hesab edir ki, iddia müddəti keçdiyinə görə iddia rədd edilməlidir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh arasında hər hansı bir müqavilə olmamışdır, Cavabdeh sığorta müqaviləsində tərəf deyil və onun həmin müqavilə üzrə iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyi sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilmiş 10 illik ümumi iddia müddəti şamil edilir. Sığorta müqaviləsinə əsasən sığortaçının sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək öhdəliyi əks olunmuş və belə ödənişdən sonra zərərvurana münasibətdə iddiaçının subroqasiya hüququ yaranmışdır. Tərəflər arasında münasibətlər müqavilə əsasında deyil, mülki hüquq pozuntusu (delikt) nəticəsində yaranmışdır. Beləliklə, iddiaçının subroqasiya hüququ müqavilədən deyil, qanun əsasında yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqinə əsas görmədən iddianı qismən təmin etməklə işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(004)- 1762/2016 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar