Məhkəmə qərarları › İş №2(103)-1089/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1089/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1089/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borcun etirafı müqaviləsi üzrə borcun və digər xərclərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-667/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx xxxxxxx 2016-cı ildə Bakı şəhəri 54 saylı Notariat Kontorunda notarial qaydada bağlanmış borcun etirafı müqaviləsinə əsasən 49000 (qırx doqquz min) ABŞ dolları borcdan ödənilməmiş 35883 (otuz beş min səkkiz yüz səksən üç) ABŞ dolları borc və 3588 (üç min beş yüz səksən səkkiz) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 39471 (otuz doqquz min dörd yüz yetmiş bir) ABŞ dolları pul vəsaitinin (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla), həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş 11,50 manat xidmət haqqının, vəkilə ödənilmiş 250 manat xidmət haqqının cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: Bakı şəhəri 54 saylı notariat kontorunda təsdiq olunaraq bağlanmış və reyestrdə 3M-398 nömrə ilə qeydə alınmış xx xxxxxxx 2016- cı il tarixli Borcun etirafı müqaviləsinə görə, Cavabdeh İddiaçı 49000 (qırx doqquz min) ABŞ dolları məbləğində borcunun olduğunu etiraf edərək həmin məbləği xx.xx.2016-cı il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür (səh.8). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-667/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddia tələbi qismən təmin edilmiş, Cavabdeh 35883 (otuz beş min səkkiz yüz səksən üç) ABŞ dolları məbləğində borc ödəniş anında məzənnə nəzərə alınaraq manatla, habelə hüquqi yardıma görə 250 (iki yüz əlli) manat, dövlət rüsumuna görə 30 (otuz) manat və notariat xərcinə görə isə 11,50 (on bir manat 50 qəpik) manat alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 425, 442, 463, 739, 882; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 119.1,121, 218, 385-ci maddələrinə istinad edərək qeyd edilmişdir ki, iddiaçı məhz müqaviləyə əsaslanmaqla müvafiq iddia tələbi ilə çıxış etmiş, cavabdeh isə iddiaçıdan pul deyil, mal aldığını, iddianın əsası kimi istinad edilən müqavilənin isə məhz bu səbəbdən rəsmiləşdirildiyini, əlbəəl pul almaması səbəbindən həmin müqavilənin etibarsız olduğunu, habelə iddia tələbində iddiaçıya Qəmbər adlı şəxs vasitəsilə verdiyi 18000 manat məbləğində pulun nəzərə alınmadığını irəli sürmüş, bununla belə etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış xx xxxxxxx 2016-cı il tarixli "borcun etirafı” müqaviləsindən irəli gəlir. İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və cavabdeh həmin müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bu baxımdan cavabdehin iddiaçıya 35883 ABŞ dolları borcu qaytarmalı, tələbin "3588 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması” hissəsi ilə bağlı şərtin və ya tərəflər arasında buna dair yazılı razılaşmanın mövcudluğu müəyyən edilməmiş, qeyd edilən hissədə iddianın əsassız olduğunu göstərir. Məhkəmə "vəkilə ödənilən 250 manat pulun cavabdehdən tutulması”hissəsində də iddia tələbini əsaslı, iddiaçı hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 20 saylı vəkil bürosunun hesabına 250 manat məbləğində ödəniş ağlabatan məbləğdir və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və 11,50 manat notariat xərci də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin 2(001)-667 2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 9, 385-387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə işin faktiki hallarını deyil yalnız iddia ərizəsinə, iddiaçının və nümayəndəsinin mülahizələri əsasında iş üzrə səhv nəticəyə gələrək hesab etmişdir ki, Qənbər adlı şəxs vasitəsilə verdiyi 18000 manat məbləğində pulun nəzərə alımamışdır. Bu hal məhkəmənin düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olub. Belə ki, işə baxan məhkəmə cavabdeh kimi məhkəmədə Qənbər adlı şəxs vasitəsilə verdiyim 18000 manat məbləğində pulun sübut etmək üçün X3 məhkəmədə şahid kimi dindirilməsi üçün verdiyim əsaslı vəsatətini təmin etmədi və dərhal müşavirəyə gedərək qətnaməni elan edərək, iddiaçıya verdiyi 18000 (10700 ABŞ doları) manatı nəzərə almayaraq bu hissədə əsassız və qanunsuz qətnamə çıxarmışdır. İşə baxan məhkəmə iş üzrə qətnamə çəxararkən formal sübutlara və iddiaçının nümayəndəsinin mülahizələrinə əsaslanaraq, maddi hüquq normalarını pozmuş və düzgün tətbiq elməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, qanunun tətbiqində səhvə yol vermişdir ki, bu da sonda əsassız və qanunsuz qətnamə çıxarması ilə nəticələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, ayrıca ödənilən məbləğin dəqiqləşditildiyini, tərəflərin Bakı şəhərində yaşadığı halda cavabdehin pulu iddiaçıya çatdırmaq üçün Əhməd adlı şəxsə verdiyini, Əhmədin iddiaçıya pulu çatdırmalı olduğu halda çatdırmadığını söylədiyini, iddiaçının cavabdehdən qəbz almadığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-nin 324, 385, 386, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 449.1, 739, 741, 882; MPM-in 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, mötəbərliyi baxımından tərəflər arasında başqa sübut növü ilə təsdiq edilməsi mümkün olmayan başqa müqavilə, qəbz və ya digər yazılı sübut təqdim edilməmiş, borcun etirafı barədə müqavilə mülki icraat qaydasında mübahisələndirilməmiş və onun etibarsızlığını müəyyən edən hallar aşkar edilməmiş, cavabdeh isə öz istinad etdiyi dəlilləri qanunvericiliklə mümkünlüyü müəyyən edilə bilən əsaslı sübutlarla sübuta yetirə bilməmişdir. Ona görə şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalı, Müraciətlə bağlı dövlət rüsumları qismində çəkilən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-667/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar