Məhkəmə qərarları › İş №2(103)-1089/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1089/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1089/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun alınması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-285/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddianınhəcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.10.2018-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 11493,83 (on bir min dörd yüz doxsan üç manat 83 qəpik) manat əsas, 3691,23 (üç min altı yüz doxsan bir manat 23 qəpik) manat faiz, cəmi 15185,06 (on beş min yüz səksən beş manat 06 qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında çağlanmış 26.10.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 22,5 % dərəcəsi ilə 15000,00 (on beş min) manat məbləğində kredit yerilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 26.10.2018-ci il tarixli 1008720/13764 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank carşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət naşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən yaranmış borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş 10.01.2020-ci il tarixli 07/08-66 saylı saylı pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Həmçinin bildirirlər ki, 26.10.2018-ci il tarixli ******* saylı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-285/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "Azər-Türk Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.10.2018-ci il tarixli ******* saylı Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11493,83 manat əsas, 3632,07 manat faiz, cəmi 15125,9 manat borc, həmçinin iş üzrə ödənilmiş 29,88 manat məbləğində dövlət rüsumunun müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 0,12 manatı iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 0,20 manatı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və 49,80 manatı Cavabdeh1 və Cavabdeh2 müştərək tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin 3632,07 manat faiz borcu hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məlum pandemiya ilə bağlı ölkə ərazisində sahibkarlıq fəaliyyəti demək olar ki, çökmüş vəziyyətdədir. Mərkəzi bankın tövsiyə məktubunda qeyd olunanlara baxmayaraq iddiaçı vətəndaşa hər hansı bir güzəşt etmədən, faiz tələbini artırıb və hətta hər hansı bir güzəşt şərtləri də təqdim etməyib. Belə olan halda iddia tələbi faizə münasibətdə əsassızdır. Hesab edir ki, mövcud pandemiya şəraitini nəzərə alaraq, kredit borcu üzrə faiz məbləği silinməli, cavabdehin bugünə kimi ödədiyi kredit borc məbləğini nəzərə almaqla, cavabdehdən yalnız əsas borc məbləği həddində tutula bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə əlavə olaraq bildirdi ki, maddi vəziyyətinin pisləşməsi səbəbindən ödənişlər edə bilməmiş, borcunu ödəməkdən yayınmır, lakin hazırki borca faiz hesablanmamalı idi. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, faiz borcu tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış və həmin müqavilə məlum fərmanın təsiri altına düşməmişdir, eyni zamanda hesablanmış faiz borcu məhz kredit müqaviləsinin qüvvədə olduğu vaxtı əhatə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilən faiz borcunun tutulması hissəsində yoxlanılması təşkil edir. Belə ki, Cavabdeh1 qətnaməni yalnız qeyd edilən hissədə mübahisələndirmiş, iddiaçı eləcə də digər cavabdeh isə qətnamədən şikayət verməmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin 03.10.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 03.10.2019-cu il tarixli № ******* saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 26.10.2018-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 31.05.2020-ci il tarixə 11493,83 manat əsas borcu, 839,32 manat faiz borcu, cəmi 12333,15 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 26.10.2018-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 07.07.2021-ci il tarixə 11493,83 manat əsas borcu, 3691,23 manat faiz borcu, cəmi 15185,06 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.10.2018ci il tarixli ******* nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 22,5 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.10.2018-ci il tarixli 1008720/13764 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi tam icra edənədək borc verən qarşısında zamin və borcalan birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.08.2021-ci il tarixli 9/5673 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 26.10.2018-ci il tarixli, ******* saylı bağlanmış kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakə kimi müəyyən olunur: 16.06.2020-ci il tarixə əsas borc üzrə 11558,24 manat, faiz borcu üzrə 872,54 manat, 08.07.2021-ci il tarixə əsas borc üzrə 11558,24 manat, faiz borcu 3632,07 manat. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Cavabdeh1 İddiaçı ASC-dən 36 ay müddətinədək illik 22,50 faiz ödəmək şərti ilə 15000 manat kredit götürmüşdür. Cavabdeh1 krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək ondan 3632,07 manat faiz borcunu tutmaqda haqlı olmuşdur. Apellyatorun faiz borcu tələbinin təmin edilməməli olması ilə bağlı dəlilini isə kollegiya əsassız hesab edir; çünki apellyasiya şikayətində qeyd edildiyi kimi X1 Heyətinin 30 sentyabr 2021-ci il tarixli 26 nömrəli qərarında kredit öhdəliklərinin gecikdirilməsi halında borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşdirilməməsi barədə kredit təşkilatlarına verilmiş tövsiyələr əlavə olaraq 3 ay müddətinə uzadılmış və 01 yanvar 2022-ci il tarixinədək qüvvədə saxlanılmışdır, göründüyü kimi həmin qərarda faiz borcu barədə hər hansı qeyd olmamış, məhz əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrdən bəhs edilməklə tövsiyə xarakteri daşımız və həmin qərar 30 sentyabr 2021-ci il tarixdə qəbul olunmaqla 01 yanvar 2022-ci il tarixə qədər olan dövrü əhatə etmişdir, hazırki iddia tələbində isə cavabdehə münasibətdə faiz borcu 08.07.2021-ci il tarixə hesablanmışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və faiz borcu birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş ekspert rəyinə uyğun olaraq müəyyən edilmişdir, eyni zamanda iddiaçının tələb etdiyi faiz məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.10.2018-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ilə bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 22,5 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faiz borcu məhz kredit müqaviləsinin qüvvədə olduğu dövrü əhatə etmişdir, belə ki faiz borcu 08.07.2021-ci il tarixə hesablanmışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin mübahisələndirilən hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə cavabdeh Ə.Musayavə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırda cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi 3632,07 manat faiz borcu hissəsində mübahisələndirildiyindən və həmin məbləğ beş min manatdan az olduğuna görə hazırki iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilməsi Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmamışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-285/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar