Məhkəmə qərarları › İş №2(103)-1089/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1089/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1089/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 2788/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı övladını işə düzəltməsi üçün Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 25000 manat və əlavə borc olaraq 19500 manat pul verdiyini iddia edir. Pul vəsaitlərini qaytarmadığına görə Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli qərarla bu işin mülki xarakterli olması əsas götürülərək cinayət işinin başlanması rədd edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45050 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə qohumu Elmirin vasitəsilə tanış olmuşdur. Söhbət əsnasında Anar “SOCAR” şirkətində yuxarı vəzifədə işlədiyini, geniş əlaqələrinin olduğunu bildirmişdir. Oğlu Elçin işsiz olduğundan onu həmin şirkətə işə düzəltmək qərarına gəlmişdir. Bu məqsədlə Anarla görüşüb oğlu Elçini həmin şirkətə işə düzəltmək istədiyini bildirdikdə Anar 25.000 manat pulun müqabilində oğlunu şirkətə Kraz markalı yük avtomobilinə sürücü vəzifəsinə işə düzəldərək ayda 1800-2000 manat məbləğində maaş alacağına söz vermişdir. Anarla yaşadığı evdə görüşmüş, oğlu Elçinlə bərabər qohumu Laləzar xanımın, qonşusu Maarif və Amilin iştirakı ilə ilkin 10000 manat, bundan 4 gün sonra isə yerdə qalan 15000 manat pulu onların iştirakı ilə Anara vermişdir. Təxminən bundan 20 gün sonra Anar ona müraciət edərək ona təcili olaraq yaranmış borcunu qaytarmasına görə 20000 manat pul lazım olduğunu bildirmiş, 12000 manatı özü, 5000 manat bacanağı Abbasov Vəzirdən, 1500 manat dostu Amildən, 1000 manat Maarifdən almış və cəmi 19500 manatı Maarif, Amil və oğlu Elçinin yanında, evində Anara vermişdir. Bir müddət sonra bacanağı Vəzirə pul lazım olduğundan ondan 5000 manatı geri istəmiş, o da Vəzirin pulunu Anardan tələb etmiş, o isə hazırda pulunun olmadığını, bankdan kredit götürərək 5000 manatı qaytarmasını, kredit üzrə aylıq ödənişləri isə özünün maaş kartı ilə ödəyəcəyini bildirərək kartı ona vermiş, ayda 800 manat kredit üzrə ödənişlər etməsini bildirmişdir. “Bank of Baku”dan 5000 manat kredit götürüb bacanağı Vəzirin pulunu qaytarmış, maaş kartı vasitəsilə krediti ödəmək istəyərkən kartın bağlandığı məlum olmuşdur. Bu barədə Anara iradını bildirdikdən sonra o kredit borcu üzrə ödənişləri icra edəcəyini bildirmişdir. Lakin kreditin ödənilməsini təmin etmədiyindən 5000 manat kredit borcu bankın hesabladığı faizlərlə birlikdə cəmi 6.200 manat Anarın əvəzindən tərəfindən banka ödənilərək kredit borcu bağlanılmışdır. O, Anarla görüşərək oğlu Elçinin işinin düzəlməsini, kredit borcunun qaytarılmasını tələb etsə də yaxın günlərdə işin düzələcəyini vəd etmiş, müxtəlif bəhanələrlə vaxtı uzadaraq vədlərinə əməl etməmiş, Elçinin işə düzəlməsini təmin etməmiş, kredit borcuna görə 2022-ci ilin mart ayında ona cəmi 650 manat ödəyərək yerdə qalan 38300 manat borcu olduğunu etiraf edərək bu barədə qəbz versə də, qalan pulları geri qaytarmamış, ona ödənilmiş 44500 manat vəsaitini mənimsəmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (2(008)- 2788/2024 nömrəli mülki iş üzrə, hakim Şəbnur Qədirova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 11.850 (on bir min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə qətnaməni belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan 12.500 manat (650 manatın qaytarıldığını iddiaçı etiraf edir) borc aldığını etiraf etdiyindən, lakin həmin pulu qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən, 11.850 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməli, qalan hissədə isə iddia rədd edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, iddiaçı isə qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edərək həmin hissədə də iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, cavabdeh ondan ümumi olaraq 44500 manat pulu almış, həmin pulun bir hissəsini hissə-hissə qaytarmış, yerdə qalan 38300 manatı qaytara bilməmiş və bununla bağlı öz xətti ilə qəbz yazaraq öz borcunu etiraf etmiş, sonda isə öz öhdəliklərinin icrasını təmin etməmişdir. İlkin məhkəmə iclaslarında cavabdeh həmin qəbz onun tərəfindən yazılmadığını, ümumiyyətlə həmin məbləğdə borcunun olmadığını qeyd etmişdir. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə verilmiş rəyə əsasən qəbzin məhz cavabdeh tərəfindən tərtib edilərək imzalanması təsdiq olunaraq sübuta yetirilmişdir. Buna baxmayaraq məhkəmə nədənsə bu cür mötəbər sübuta heç bir hüquqi qiymət verməmış, qərardad üzrə təyin etdiyi ekspertiza üzrə təqdim edilmiş rəyin nəzərə alınmamasını qanunla nəzərdə tutulmuş qaydada qətnaməsində əsaslandırmamışdır. Daha sonra mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən şahid ifadələri də təhrif edilmiş, guya izahatlar arasında ziddiyyətlər olduğuna, cavabdehin iddiaçıya borcunun çox hissəsini qaytarmağını özündə ehtiva edən hər hansı bir sübut növünün mövcud olmadığı halda cavabdehin və onun vəkilinin yalnız şəxsi mülahizələrinə istinad edərək öz daxili inamına əsaslanıb absurd qətnamə qəbul etməsi halı qəbul edilməzdir.

16. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, iddiaçıdan sələmə pul almış, lakin həmin pulu faizləri birlikdə qaytarmışdır. Belə ki, iddiaçıya məxsus "xxxx" ASCyə aid və Səyarə Baxşəliyevaya məxsus "xxxx" ASC-yə məxsus əmək haqqı kartları iddiaçıda olmuşdur. İddiaçı həmin kartla faizə verdiyi pulları götürmüşdür. Banklara sorğu göndərilsə də cavablandırılmamışdır. Məhkəmə bu məlumata zəruri diqqət yetirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.

19. Cavabdeh və nümayəndəsi isə iddiaçının apellyasiya şikayətini qəbul etməyərək öz apellyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və onun təmin olunmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 329.1. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə birinci instansiya məhkəməsinin qətnaməsini hər iki tərəf mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Hazırkı iş üzrə iddia tələbi cavabdehdən 45050 manat pulun alınaraq ona verilməsi barədədir. İddiaçı iddia edir ki, o, 2018-ci ilin oktyabr ayında oğlunu “SOCAR”-da sürücü vəzifəsinə işə düzəltməsi üçün cavabdehə ümumilikdə 45.700 (10.000+15.000+12.000+5000+1500+1000+1200 (5000 manat kreditin faizi)) manat məbləğində pul vermiş, lakin cavabdeh vədinə əməl etməyərək oğlunu işlə təmin etməmişdir. Həmin pulun 19500 manatını cavabdeh özü üçün ondan borc olaraq almışdır. Bundan sonra o, cavabdehə verdiyi pul məbləğlərini tələb etsə də, sonuncu ona cəmi 650 manat pul qaytarmış, qalan 45.050 manat borcunu isə bugünədək ödəməmişdir. İddiaçı tələbini təsdiq edən sübutlar qismində məhkəməyə şahidlər və 38300 manat borcun etiraf olunmasına dair əlyazma qəbz təqdim etmişdir.

26. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçıdan 12.500 manat borc aldığını və tam şəkildə qaytardığını, hazırda iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir.

27. İşin müəyyən edilmiş hallarından görünür ki, pul verilərkən tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəflər arasında şifahi borc münasibətlərinin olduğu qənaətinə gələrək mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etmiş və iddianı qismən təmin etmişdir.

28. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu halına, yəni tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamasına baxmayaraq, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739-cu maddəsini mübahisəyə tətbiq edib, iddianı həmin maddi hüquq norması əsasında təmin etməklə maddi hüquq normasını tətbiqində səhvə yol vermişdir.

29. Belə ki, qeyd edildiyi kimi işin müəyyən edilmiş hallarına görə iddiaçı cavabdehə 45050 manat pul verdiyini və bunun 19500 manatını borc olaraq verdiyini bildirsə də, tərəflər arasında bununla bağlı yazılı borc müqaviləsi bağlanmamışdır. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu hallarda borc müqaviləsi yazılı formada bağlanmalı idi.

30. Qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Mülki Məcəllə, 329.1, 337.1) belə olan halda, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etməsi işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Çünki, tərəflər arasında forma tələbinə əməl edilməyən bir əqd var və belə bir əqd qanunvericiliyin tələbinə görə etibarsızdır (əhəmiyyətsizdir). Etibarsız əqd də onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Buna görə də etibarsız borc müqaviləsi əsasında iddianın Mülki Məcəllənin borc müqaviləsini nizama salan norması ilə təmin edilməsi maddi hüquq normasının pozulması olmaqla əsaslı sayıla bilməz.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il Qərarında hüquqi mövqe belə olub ki, “əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

32. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

33. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.

34. Hazırkı işdə ortada bir etibarsız borc müqaviləsi olduğu və borc verilən pul əvəzedilən əşya olduğu üçün işin müəyyən edilmiş hallarına görə cavabdehin iddiaçının hesabına əhəmiyyətsiz əqd üzrə əsassız varlanması faktı müzakirə edilə bilərdi. Etibarsız borc müqaviləsinin olması o deməkdir ki, tərəflər arasında bağlandığı andan hər hansı müqavilə yoxdur və bu baxımdan iddiaçıdan aldığı və qaytarmadığı pul vəsaiti miqdarında cavabdeh əsassız varlanmışdır.

35. Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələrinin tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;

36. İddiaçı tərəfindən təqdim olunmuş əlyazmada “Cavabdeh oglu X8 ogluna 38 300 borcum var otuz səkkız mın üç yuz manat borcum var” qeydi var. Cavabdeh həmin əlyazmada olan imza və xətti birinci instansiya məhkəməsində işə baxılarkən mübahisələndirmiş, bununla bağlı ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1176 nömrəli xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 61-ci vərəqində olan dama-dama şagird dəftəri vərəqinin üzərində “Mən Cavabdeh oglu X8 oglunı 38.300 borcum var otuz səkız mın üç yuz manat borcum var” sözləri ilə bitən qəbzdəki yazılar və qəbzin sonundakı imza öz aralarında – eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur.

37. Apellyasiya baxışı zamanı cavabdeh əlyazmada qeydin onun xətti ilə yazılmadığını bir daha bildirsə də, təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir.

38. İşdə olan xx.xx.2020-ci il tarixli Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin baş təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə polisə məlumat verərək qonşusu X4 faizə verdiyi pulu ödəməsinə baxmayaraq sonuncunun ona borclu qaldığını deyib, dəfələrlə narahat etdiyini və öldürəcəyi ilə hədələdiyini bildirmişdir.

39. Həmin təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh oglu İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul borc götürərək ona 19500 manat məbləğində pul borclu qalmışdır.

40. Tərəflər həmin əlyazmanın Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edilməzdən əvvəl tərtib olunduğunu bildirdilər. Yəni, həmin əlyazmadan sonra müəyyən müddət keçmiş və bundan sonra şikayət əsasın təhqiqat orqanı müvafiq araşdırma aparmışdır.

41. İş materiallarında olan vəkil sorğusuna cavab məktubundan görünür ki, həmin qərarın verilməsi üçün əsas olmuş təhqiqat materialları saxlama müddəti bitdiyi üçün məhv edilmişdir (iş v.162). Bu səbəbdən həmin təhqiqat materiallarının apellyasiya baxışı zamanı nəzərdən keçirilməsi, yaxud tədqiq edilməsi mümkün olmadı.

42. 19.07.2023-cü il tarixli Xətai RPİ-in istintaq şöbəsinin müstəntiqi X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2021ci il tarixdə ərizə ilə 37-ci polis söbəsinə müraciət edərək 2018-ci ilin axırlarında Anarın oğlunu işə düzəltmək adı ilə 44500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi barədə şikayət etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh qeyd etmişdir ki, ilk olaraq Rafiqdən 500 manat faizlə pul almış və əvəzində qızıl-zinət əşyalarını girov qoymuşdur. Daha sonra Rafiqlə şəxsi münasibətləri yarandığından bir neçə dəfə ondan, ümumilikdə 12.500 manat faizlə pul almışdır. Ümumiyyətlə o, Rafiqdən faizə 12.500 manat pul aldığını və həmin pulu da qaytardığını bildirmişdir.

43. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

44. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

45. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

46. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

47. Kollegiya Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarını sübut növlərindən biri kimi qiymətləndirib, tərəflərin izahatları, işdə olan digər sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı öz tələbini cavabdehə qarşı 19500 manat pul tələbi hissəsində sübuta yetirə bilmişdir. Belə ki, cavabdeh 12500 manat borc aldığını və əvəzində faizlə birlikdə 19500 manat pul qaytardığını bildirsə də, bu barədə, yəni 19500 manat pul vəsaitini qaytarmasına, eləcə də borcun faizə verilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, iddiaçı isə cavabdehin 650 manat qaytardığını etiraf etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarda isə borcun 19500 manat olduğunun müəyyən edildiyi göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddiaçının istinad etdiyi borcla bağlı qəbz cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan əvvəl yazılmışdır və borc məsələsi təhqiqat orqanında araşdırılarkən qəbz ortada olsa da, borcun məbləğinin həmin vaxt nə 38300 manat, nə də 12500 manat deyil, cəmi 19500 manat olduğu müəyyən edilmişdir, o zaman qaytarılmalı olan məbləğ 19500 manat kimi də qəbul edilməlidir. Belə ki, əslində iddiaçı özü də tələb etdiyi məbləğin 19500 manat hissəsinin borc olaraq verildiyini, qalan məbləğin isə oğlunun işə düzəldilməsi ilə əlaqədar verildiyini göstərmişdir. Lakin apellyasiya baxışı zamanı cavabdehin iddiaçıdan onun uşağını işə düzəltmək adı ilə hər hansı məbləğdə pul alması öz təsdiqini tapmamışdır. İddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İstər təhqiqat zamanı, istər birinci instansiya məhkəməsində işə baxılarkən, istərsə də apellyasiya baxışı zamanı dindirilmiş şahidlərin ifadələri ziddiyyətli olduğundan və bir-birini tamamlamadığından məhkəmə kollegiyası onları mötəbər sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya baxışı zamanı dindirilən şahid X3 ifadəsi onun təhqiqat zamanı müstəntiqə verdiyi izahatla uzlaşmır və ona uyğun gəlmir. Belə ki, apellyasiya baxışı zamanı şahid A.Mustafayev bildirdi ki, o, İddiaçı oğlu ilə birlikdə işləməklə onun dostudur və İddiaçı tərəfindən yaşadığı evdə Cavabdeh 10000 manat, 15000 manat və 19500 manat olmaqla üç dəfə pul verilməsində şəxsən iştirak etmişdir. Həmin məbləğin 25000 manatı iddiaçının oğlunun işə düzəldilməsi məqsədilə, 19500 manatı isə borc olaraq verilmişdir. Lakin cavabdeh iddiaçının oğlunu işə düzəltməmiş və aldığı pulu geri qaytarmamışdır.

48. Məhkəmə kollegiyası şahid A.Mustafayevin apellyasiya baxışı zamanı verdiyi bu izahatı onun Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiqə verdiyi izahata uyğun saymır. Həmin izahatda o, yalnız İddiaçı tərəfindən Cavabdeh 15000 manat verilməsində şəxsən iştirak etdiyini, Cavabdeh İddiaçı cəmi 44500 manat borcu olması barədə isə dostu Elçindən (İddiaçı oğlu) eşitdiyini göstərmişdir.

49. Məhkəmə kollegiyası məhkəmə baxışı və istintaq vaxtı verilmiş ifadələrin bir-birinə uyğun gəlmədiyini nəzərə alaraq və MPM-in 88-ci maddəsinin tələbinə əsasən müvafiq qiymətləndirmə apararaq şahid A.Mustafayevin apellyasiya baxışı zamanı verdiyi ifadəni inandırıcı və səmimi saymır və bu səbəbdən də onu mötəbər sübut kimi qəbul etmir.

50. Kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığı məbləğin miqdarı cəmi 19500 manat qəbul edilməli və həmin məbləğdən 650 manatın ödənildiyi iddiaçı tərəfindən etiraf olunduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 18850 manat (19500-650) müəyyən edilməlidir.

51. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

53. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (maddə 390).

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh İddiaçı xeyrinə 18850 (on səkkiz min səkkiz yüz əlli) manat pul tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar