Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-109/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-109/2023 (Açar sözlər: kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3466/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 10 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 33% ödənilmək şərtilə, 5000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 18 mart 2015-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 4851,28 ABŞ dolları hesablanmış, kreditin müddəti 35 aya kimi uzadılmışdır. İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 4579,37 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2309,09 ABŞ dolları əsas, 5527,15 ABŞ dolları cərimə, 5134,99 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün hesablanan 322,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 13293,79 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan "DəmirBank” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh “DəmirBank" ASC tərəfindən 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 18 mart 2015-ci il tarixli əlavə sazişə əsasən İddiaçı1 ASC-nin cavabdehə verdiyi kreditin qalıq məbləği 4851,28 ABŞ dolları hesablanmış, kreditin müddəti 35 aya kimi uzadılmışdır. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən cavabdehə verilən 5000 ABŞ dolları məbləğində kreditin qalıq məbləği 4579,37 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2021-ci il tarixədək Cavabdeh kredit müqaviləsi üzrə cəmi borcu 2309,09 ABŞ dolları əsas, 5527,15 ABŞ dolları cərimə, 5134,99 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün hesablanan 322,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 13293,79 ABŞ dolları təşkil edir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək mülki iş üzrə iddia müddətinin tətbiq olunması və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3466/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia müddəti ötürülmüşdür. Belə ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında müqavilə xx.xx.2015-ci ildə 24 ay müddətinə bağlanmışdır. 18 mart 2015-ci il tarixli əlavə sazişə əsasən kredit müqaviləsinin müddəti 35 aya, xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən isə xx.xx.2018-ci il tarixə kimi uzadılmışdır. Müqavilə müddəti xx.xx.2018-ci ildə bitmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə, müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 372.2, 375.2ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş,
9. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, iddia müddətinin ötürməmiş, iddia müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.
12. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
14. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Maddə 462.1 Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. Maddə 464.1 Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər.
22. Maddə 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
23. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
33. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
35. Mülki Məcəllənin 380.1 və 380.2-ci maddələrinə əsasən «Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir», «Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir».
36. İş materiallarından müəyyən olunur ki, İddiaçı1 ASC ilə Cavabdeh arasında müqavilə xx.xx.2015-ci ildə 24 ay müddətinə bağlanmışdır. 18 mart 2015-ci il tarixli əlavə sazişə əsasən kredit müqaviləsinin müddəti 35 aya, xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən isə xx.xx.2018-ci il tarixə kimi uzadılmışdır. Müqavilə müddəti xx.xx.2018-ci ildə bitmişdir.
37. Apellyasiya instansiya məhkəməsinin sorğusuna əsasən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 12 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı1 ASC tərəfindən xx.xx.2021-ci il tarixdə 284557 saylı qaiməyə uyğun olaraq "xxxx" MMC-nin kuryeri Asəf Həşimoğlu tərəfindən xx.xx.2021-ci il tarixində məktub Yasamal Rayon Məhkəməsinə çatdırılmışdır. Bunu təsdiq edən qəbzi də məktuba əlavə etmişlər.
38. Kollegiya hazırki hala yuxarıda qeyd olunan qanunvericilik normalarını tətbiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmadan düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, 18 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti 30 aprel 2018-ci il tarixdə bitmiş, iddia ərizəsi də xx.xx.2021-ci il tarixdə kuryer-poçt xidmətinə təhvil verilmiş, 30 aprel 2021-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Qeyd edilənləri nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, müqavilə tələbləri üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddəti iddiaçı tərəfindən buraxılmamışdır.
39. Mübahisənin mahiyyətinə dair isə kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir.
40. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən, bank – İddiaçı1 ASC tərəfindən müştəriyə – Cavabdeh 24 ay müddətinə illik 33% ödəmək şərtilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir.
41. İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 18 mart 2015-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 4851,28 ABŞ dolları hesablanmış, kreditin müddəti 35 aya kimi uzadılmışdır.
42. İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 4579,37 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır.
43. İddiaçı1 ASC tərəfindən tərtib edilmiş xx.xx.2021- ci il tarixli, **********881 saylı maliyyə arayışına əsasən, İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə 2309,09 ABŞ dolları əsas, 5527,15 ABŞ dolları cərimə, 5134,99 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün hesablanan 322,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 13293,79 ABŞ dolları məbləğində borcu vardır.
44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/4666 saylı ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı1 ASC-yə 861,83 ABŞ dolları əsas, 3848,38 ABŞ dolları faiz borcu müəyyən olunmuşdur.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/8045 saylı ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan hesabdab çıxarış məlumatları və tərəflər arasında bağlanmış 31 avqust 2015-ci il tarixli əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı1 ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2018-ci il tarixə (müqavilənin bitmə tarixinə): -əsas borc üzrə-4557,98 ABŞ dolları -faiz borcu üzrə 3119,09 ABŞ dolları. xx.xx.2021-ci il tarixə (maliyyə arayışında qeyd edilən tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla): - əsas borc üzrə-2140,65 ABŞ dolları - faiz borcu üzrə-3119,09 ABŞ dolları - 5% dərəcəsi ilə hesablanmaqla-406,96 ABŞ dolları.
46. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.
48. Mülki prosessual məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, ekpsert rəyi ilə cavabdehin iddiaçı bank qarşısında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli əlavə sazişə münasibətdə borc öhdəliyi yaranmışdır. Həmin borc cavabdeh tərəfindən ödənilməmişdir.
50. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edlməli, iddia qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmalıdır.
51. Kollegiya, dəbbə pulunun tutulması ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
52. Məhkəmə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini, cəriməni öhdəliyin icrasının təmini üsulu olmasını, həmçinin cavabdehin Bank qarşısında icra edilməmiş öhdəliyinin həcmini nəzərə alaraq hesab edir ki, 2309,09 ABŞ dolları əsas borca 5527.15 ABŞ dolları cərimənin tələb edilməsi kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərinə ziddir. Ona görə də Kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir, Cavabdeh iddiaçının xeyrinə tutulmalı dəbbə pulunun məbləği 110 ABŞ dolları müəyyən edilməlidir.
53. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4. 445 və 449-cu maddələrinin bəzi müddəalannin şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qəranında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb ədə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün ilk 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.
54. Ekspert rəyində illik 5% hesablanmaqla ziyan 406,96 ABŞ dolları müəyyən edilsə də, iddiaçı tərəfindən 322,56 ABŞ dolları tələb edilmişdir. Ona görə də, kollegiya hesab edir ki, illik 5% iddia tələbi həcmində təmin edilməlidir.
55. Kollegiya həmçinin hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (əvəzi qismində 45 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza xərci də cavabdehdən tutulmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3466/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 2140,65 ABŞ dolları əsas, 3119,09 ABŞ dolları manat faiz borcu, 110 ABŞ dolları cərimə, illik 5% ziyan 322,56 ABŞ dolları, ümumilikdə 5692,30 (beş min altı yüz doxsan iki dollar 30 sent) ABŞ dolları borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Cəmilə Musayeva