Məhkəmə qərarları › İş №2(103)-1090/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1090/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1090/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)- 5168/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc pul məbləğinin geri qaytarılması tələbinə”dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh anası onun yaşadığı binada qonşu blokda yaşayırdı. O, anasının vasitəsilə Cavabdeh tanımışdır. Cavabdehin oğlu anası ilə qalırdı və cavabdeh də, anasıgilə gəlibgedirdi və hərdən anası ilə qalırdı. Cavabdeh ilə aralarında rəfiqəlik münasibəti yaranmış, demək olar ki, cavabdeh hər gün onlara gəlirdi, onlarda olurdu, bir sözlə bir ailə kimi olmuşlar. Cavabdehin oğlunun problemləri yarandığından, 2017-ci ilin payız ayında onlara gələrək ondan 3.000 (üç min) manat borc pul istəmişdir. Bir ailə olduğundan və ona inandığına görə, o, ona təmənnasız 3.000 (üç min) manat borc pul vermişdir. Cavabdeh ona söz vermişdir ki, götürdüyü 3.000 (üç min) manat borcunu qısa müddətə qaytaracaq. Üstündən 1 (bir) il keçdikdən sonra, yəni 2018-ci ilin yay ayları olardı, Cavabdeh oğlu Ucar yolunda avtoqəza törətdiyinə görə, yenidən ona təcili pul lazım olduğundan, ondan xahiş etmişdir ki, yenə ona 3.000 (üç min) manat pul borc versin. O, yenə də, Cavabdeh ona yaxın olduğundan və ona inandığına görə, bundan başqa, oğlunun başına iş gəldiyinə görə, ona inanaraq yenidən cavabdehə 3.000 (üç min) manat borc pul vermişdir. Cavabdeh yenidən ona söz vermişdir ki, əvvəlki götürdüyü 3.000 (üç min) manat borcunu və indiki götürdüyü 3.000 (üç min) manat pulu, ümumillikdə 6.000 (altı min) manat borcunu yaxın müddətə qaytaracaq. Bir müddət keçdikdən sonra, ona məlum olmuşdur ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayon ərazisində olan evini satmış, lakin ona olan 6.000 (altı min) manat borcunu ödəməmişdir. O, dəfələrlə ona zəng edib borcunu istədikdə, cavabdeh ona müxtəlif bəhanələr gətirərək, borcunu ödəməkdən yayınmışdır. Qısa müddət keçmişdir ki, onun mobil telefonuna 37-ci Polis Bölməsindən zəng gəlmiş və ona bildirilmişdir ki, Cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir ki, güya o, onun qızının ailəsini dağıdır və özünü də, ölüm ilə hədələyir. O, dərhal 37-ci Polis Bölməsinə gedib izahatını vermiş, izahatında göstərmişdir ki, cavabdehin ona 6.000 (altı min) manat borcu olduğundan ona şər və böhtan atır ki, ona olan borcunu qaytarmasın. Həmin 37-ci Polis Bölməsində şikayət əksini tapmadığı üçün Cavabdeh şikayəti rədd edilmişdir. Cavabdeh ona qarşı belə bir şər və böhtan atdığına görə, işini qanunla tutaraq, pulunu qaytarmadığı üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh həmin Polis Bölməsinə çağırılmış və izahatı alınmışdır. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin xx xxxxx 2019-cu il tarixli, 089- 5577E nömrəli məktubuna əsasən ona bildirilmişdir ki, onun xx xxxxx 2019-cu il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nə ünvanlandığı müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 6000 manat pulun alınaraq ona geri qaytarılması və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-5168/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 3000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qismən təmin edildiyi üçün 30 manat dövlət rüsumunun 50%, yəni 15 manat Cavabdeh İddiaçı xeyrinə tutulması, qalan 50%, yəni 15 manatın iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5168/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin qismən, yəni təmin olunmayan hissədə ləğv edərək, təmin edilməyən 3000 (üç min) manat hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə işə baxan zamanı işin həqiqi hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə əsaslandırılmış hallarla uyğunluq təşkil etməmişdir. Digər tərəfdən məhkəmə öz qərarı ilə maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuşdur. Belə ki, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə tərəfindən rəsmi lazımı qaydada məhkəməyə çağırılsa da, lakin Cavabdeh üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməyi bir daha onu sübut edir ki, Cavabdeh məndən aldığı pulu almış olur. Amma işə baxan birinci instansiya məhkəməsi, həm Cavabdeh məhkəməsinə üzürsüz səbəbdən gəlməməsinə, həm də, məhkəmə iclasında şahid qisməində dindirilmiş X1 ifadəsinə qiymət verməmişdir. Məhkəmə iclası zamanı məhkəməyə düzgün ifadə verdiyinə görə, iltizama imza atmaqla və yalan ifadəyə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdaq etdikdən sonra, şahid X2 ifadə verərək bildirmişdir ki, 2017-ci ilin oktyabr ayında Cavabdeh oğluna 3000 (üç min) mcınat pul lazım olduğunu, İddiaçı tərəfindən həmin məbləğin cavabdehin qızına onıın iştirakı ilə verilməsini, həmin vaxt cavabdehin aşağıda avtomobildə gözlədiyni təsdiq etmişdir. İşə baxan məhkəmə gərək şahid qismində ifadə verən X1 qətnamədə ifadəsinə hüquqi qiymət verərdi, çünki şahid X2 diizgiin ifadə vermək üçün iltizama qol çəkdirilmiş və bu məsuliyyəti elan edilmiş, yalan ifadə vediyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə cəlb edilməsi bildirildmişdir. Buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi ümumiyyətlə şahid ifadəsinə qiymət verməmişdir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarına qiymət verməmiş, qətnamədə iddia tələbinin 3000 (üç min) manat hissəsinin hansı əsaslara görə təmin edilməməsi barədə izahı verməmişdir. Bunula da, hesab edir ki, birinci instansiya məhkəməsindən çıxarılan qətnamə qismən, yəni 3000 (üç min) manat hissəsi ədalətsiz və əsassız qətnamədir. Hesab edir ki, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni təmin olunmayan 3000 (üç min) manat hissəsində ədalətsiz, qeyri-obyektv olduğundan qismən ləğv edilməli, iddia tələbində təmin olunmayan 3000 (üç min) manat hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni təmin olunmayan hissədə ləğv edərək, təmin edilməyən 3000 (üç min) manat hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Nizami RPİ-nin 24-cü PB-si tərəfindən verilmiş arayışın təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 2019-cu il tarixdə İddiaçı şöbəyə ərizə ilə müraciət edərək, vətəndaş Cavabdeh 3000 manat və onun qızı Səbinətə 3000 manat borc pul verməsi və pulların qaytarılmasından imtina edilməsini bildirmişdir. Araşdırma zamanı vətəndaş Cavabdeh izahatında bildirmişdir ki, 2016-cı ilin fevral ayından ümumilikdə 3000 manat pul götürərək həmin borcu illik ümumi 8 faiz olmaq şərtilə hər ay 240 manatdan 16 ay ərzində ödəmişdir və hazırda onun İddiaçı heç bir borcu qalmamışdır. Bununla yanaşı ərizədə göstərilən xüsusatların mülki xarakterli olması əsas tutularaq vətəndaş İddiaçı aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Nizami RPİ-nin 24-cü PB-si tərəfindən verilmiş Cavabdeh izahatının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, 2016cı ilin fevral ayından ümumilikdə 3000 manat pul götürərək həmin borcu illik ümumi 8 faiz olmaq şərtilə hər ay 240 manatdan 16 ay ərzində ödədiyini bildirmişdir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mövcüd mübahisənin həlli borc müqaviləsinin qaydaları tətbiq edilməlidir. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı, şahid ifadəsi və Nizami RPİ-nin 24-cü PŞ-də cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, Cavabdeh iddiaçıya 3000 manat məbləğində borcunun olduğunu polisdə verdiyi izahatında etiraf etmişdir. Həmin qərardakı izahatında Cavabdeh 3000 manat məbləğin geri qaytarılmasını bildirsə də, bununla bağlı sübutları nə polis orqanına, nə də məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən borc məbləği qismən etiraf edilməklə qismən sübut edildiyi üçün iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 3000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-5168/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar