Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10908/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1729/2021 saylı, 18 avqust 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 12.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 12.724,70 ABŞ dolları əsas borc, 7.501,76 ABŞ dolları faiz borcu və 14.203,77 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 12.03.2019-cu il tarixdən 10.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.209,45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 35.639,68 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 12.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə, 36 ay müddətinə 15.360 ABŞ dolları məbləğində kredit götürmüşdür. 10.04.2015-ci il tarixli əlavə sazişinə əsasən kreditin müddəti 12.03.2019-cu il tarixədək müəyyən edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəmir. 10.02.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 12.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 12.724,70 ABŞ dolları əsas borc, 7.501,76 ABŞ dolları faiz borcu və 14.203,77 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 12.03.2019-cu il tarixdən 10.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.209,45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 35.639,68 ABŞ dolları borcu vardır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1729/2021 saylı, 18 avqust 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 12.717,26 ABŞ dolları məbləğində əsas borc, 7.501.76 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, 1.209,45 ABŞ dolları gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 21.628,47 ABŞ dolları (iyirmi bir min altı yüz iyirmi səkkiz dollar qırx yeddi sent) məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş xərc olan 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ölkə başçısının dolların mübadiləsi barədə sərəncamına əsasən ona bank tərəfindən qanunsuz adına olan borca heç bir təsiri olmamışdır. Yəni bank onun adına olan borcun dollar mübadiləsini nəzərə almalı idi. Əgər 6-7 il müddətində banka borcu var idisə bank ona xəbərdarlıq etməli idi. Suraxanı Rayon Məhkəməsi qanunsuz olaraq məhkəmə prosesini tam araşdırmadan qətnamə çıxarmışdır. Məhkəmənin mübahisəni həl edərkən gəldiyi nəticə qanuni və əsaslı deyildir. Məhkəmə mübahisənin maddi hüququ əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqahisəli şəkildə tətqiq etməmiş bununlada işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1729/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1729/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1729/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə xaxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 22-A-1-0-1508-14 saylı, 12 noyabr 2014-cü il tarixli “Kredit müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" İKB ASC borcalan Cavabdeh illik 18 dərəcəsi ilə 36 ay müddətinə 15.360 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İ.vər. 18 - 19) İşin materiallarında olan 12.12.2014-cü il tarixli kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-dən 15.360 ABŞ dolları məbləğində kredit vəsaiti qəbul etmişdir.(İ.vər. 13) İş materiallarında olan, 22-A-1-0-1508-14 saylı, 12.11.2014-cü il tarixli kredit müqaviləsinə 10.04.2015-ci il tarixli əlavədən görünür ki, 22-A-1-0-1508-14 saylı, 12.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin bağlanma tarixi 12.03.2019-cu il müəyyən edilmişdir.(İ.vər. 14) İş materiallarında оlan, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 22-A-1-0-1508-14 saylı, 12 noyabr 2014-cü il tarixli müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh 14.367,13 ABŞ dolları məbləğində əsas bоrc və 5.961,60 ABŞ dolları faiz məbləği оlmaqla hər ay 428,19 ABŞ dolları оlmaqla banka 20.328,73 ABŞ dolları məbləğini 10.04.2015-ci il tarixdən 12.03.2019-cu il tarixə kimi ödəməli idi.(İ.vər. 15 - 16) İş materiallarında olan, İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış PAİHTD-794 saylı, 26.01.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı Banka ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir.(İ.vər. 20) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin əsas və faiz borcunun az hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1948 saylı, 25.05.2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 12.11.2014-cü il tarixli, 22-A-1-0-1508-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 12.03.2019-cu il tarixə 12717.26 ABŞ dolları əsas borc, 7509.54 ABŞ dolları faiz borcu, 10.02.2021-ci il tarixə 12717.26 ABŞ dolları əsas borc, 8724.75 ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarında olan, 10.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh hazırki müqavilə üzrə İddiaçı ASC-yə 12.724,70 ABŞ dolları məbləğində əsas, 7.501,76 ABŞ dolları faiz və 14.203,77 ABŞ dolları cərimə, 12.03.2019-cu il tarixdən 10.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 1.209,45 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə borcu vardır.(İ.vər. 11) Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 22-A-1-0-1508-14 saylı saylı, 12 noyabr 2014-cü il tarixli krеdit müqaviləsinin 1.11-ci bəndinə əsasən bоrcalan kreditdən istifadəyə görə 36 ay müddətinə illik 18 % ödəməyi öhdəsinə görürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın “gecikdirilmiş vaxt üçün 12.03.2019-cu il tarixdən 10.02.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış əldən çıxmış faydaya görə 1.209,45 ABŞ dolları borcun tutulması” hissədə də əsaslı hesab etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehin kredit müqaviləsi öhdəliklərinin icra müddətinin sonuncu günü 12.03.2019-cu il müəyyən edilmişdir. Həmin tarixdən iddiaçının tələb etdiyi 10.02.2021-ci il tarixə gecikdirmə müddəti 22 ay, 28 gün olmuşdur. Cavabdehin əsas borcunun 12.717,26 ABŞ dolları olduğunu nəzərə aldıqda, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla əldən çıxmış faydaya görə borcun məbləği 1.209,45 ABŞ dolları müəyyən edilir. Odur ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 1.209,45 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla əldən çıxmış faydaya görə borc tutulmalı olduğu nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin cərimə borcunun çox hesablanması ilə bağlı dəlilinə də münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış 22-A-1-0-1508-14 saylı saylı, 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən bu müqavilə üzrə gecikdirilən borc məbləğinə cərimə kimi hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 54 (on altı) % dərəcəsi ilə faiz hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, 22-A- 1-0-1508-14 saylı, 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin 1.14-cü bəndinə uyğun olaraq əsas kredit məbləği üzrə tələb olunan 14.203,77 ABŞ dolları dəbbə pulunun 200 ABŞ dolları həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin əsas, faiz, cərimə borcunun və illik 5 faizlə hesablanmış əldən çıxmış faydaya görə borcun çox hesablanması, işin hallarının tam və hərtərəfli aydınlaşdırmaması, işdəki sübutların müqahisəli tətqiq edilməməsi barədə dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1729/2021 saylı, 18 avqust 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1729/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-10908/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10908/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver