Məhkəmə qərarları › İş №2(103)-1091/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1091/2020

15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1091/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Cavabdeh Vəlı̇ağa oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-2462/2019 saylı qətnaməsindən Cavabdeh Vəlı̇ağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması qaydalırına müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 48-LD/15 nömrəli, xx xxxxx 2015-ci il tarixli Lizinq Müqaviləsinə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə müvafiq olaraq 16 baş “Holştin-friz” cinsli damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 9827,87 manat əvəvvəlcədən ödəmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İddiaçı ASC ilə bağladığı müqavilənin 2.2.2-ci bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərin qrafiki üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən 5881,87 manat əsas borcun, 2370,45 manat cərimənin və 20 manat dövlət rüsumunun, cəmi 8252,32 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-2462/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 5881,87 manat əsas borc, 100 manat cərimə və 20 manat dövlət rüsumu, cəmi 6001,87 manat pul vəsaitinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-2462/2019 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, həmin qətnamənin surətini xx xxxxxxx 2019-cu il tarixdə poçt vasitəsilə almışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydmlaşdırılmaması ilə qəbul edilmişdir. Mənimlə iddiaçı hüquqi şəxs arasında hüquq münasibətləri xx xxxxx 2015-ci il tarixli müqavilə ilə tənzimlənir. Məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, lizinq obyekti olan damazlıq heyvanları tələf olmuş, bu barədə lizinq alana müvafiq sübutlar verilmişdir. Onun lizinqə götürdüyü heyvanlar xəstəliklərdən ölmüşdür, buna dair sənədlər tərəfindən iddiaçıya təqdim edilmişdir. Əsaslı sübutlardan iddiaçı xəbərdardır. Hətta məhkəməyə bildirsə də, buna önəm verilməmişdir. Halbuki, qeyd edilən Qaydalarda vurğulanır ki, damazlıq heyvanlar məhz iddiaçı cəmiyyət tərəfindən sığortalanmalıdır. Lizinqə verən damazlıq hevvanlar sığortalanmış vəziyyətdə Lizinq alana verilməsini təmin etməlidir. Lakin buna baxmayarq, sığortalının iradəsindən asılı olmayan səbəblərdən sığorta obyektinə ziyan dəymiş, sığorta hadisəsi baş vermişdir. Sığorta predmeti tam məhv (tələf) edildikdə sığorta təminatı verilmişdir. İddiaçının tələb etdiyi pul məbləği əslində sığorta ödənişi ilə ödənilməlidir. İddiaçı heyvanların sığortası məsələsi ilə bağlı müqavilə üzrə vəzifələrini yerinə yetirməməsinə baxmayaraq, məhkəməyə borc tələbi ilə müraciət etmişdir. İddiaçının ilkin ərizəsi məhkəmə əmri formasında çıxarılmış, mənim tərəfimdən etiraz əsasında əmr ləğv edilmiş, iddia icraatına keçirilmişdir. Birinci instansiya məhkəməsi isə həmin məhkəmə əmrinin qəbul edilməsini işin müəyyən edilən halı kimi qeyd etmişdir. Bu məhkəmə əmrinin qəbul edilməsi mübahisənin müəyyən edilən halı və ya iş üçün əhəmiyyət kəsb edən amil olmadığından sübutlar siyahısında sadalanması başa düşülən deyildir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları birtərəfli qaydada təhlil etmiş, iddiaçının lizinq obyektini sığortalama barədə müqavilə öhdəliyinə heç bir diqqət etmədən qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Vəlı̇ağa oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini, Bakı Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-2462/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə iddiaçı “xxxxxxxxxxxx” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası cavadehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-2462/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Belə ki, iş materiallarında olan xx xxxxx 2015-ci il tarixli 48-LD/15 saylı müqavilənin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) Cavabdeh 3 ilə qədər müddətə ödəmək şərti ilə 16 baş “Holştin-friz” cinsli damazlıq heyvanları lizinqə vermişdir. İş materiallarında olan xx xxxxx 2015-ci il tarixli lizinq müqaviləsinin 1.2-ci bəndinə əsasən Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyəri nəzərə almaqla 9827,87 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə qrafikdə göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar Lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləği heç bir halda ona geri qaytarılmır. Həmin müqavilələrin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin tərkibindəki ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilələrin 2.1.9-cu bəndində göstərilir ki, lizinq alan tərəfindən müqavilənin şərtləri pozulduqda, o cümlədən ödəniş qrafik üzrə aparılmadıqda bu müqavilənin 5.2-5.4-cü bəndlərində göstərilən tədbirləri həyata keçirir. Həmin müqavilələrin 2.1.10-cu bəndində göstərilir ki, Lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə Lizinq verən ona lizinqə verilmiş heyvanları geri almaq, ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və damazlıq heyvanlara dəyən zərərin əvəzinin ödənilməsini tələb edir. Həmin müqavilələrin 5.2.-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda Lizinq verən Lizinq alanı yazılı şəkildə xəbərdarlıq etməklə, damazlıq heyvanları və onun yerləşdiyi tövləni (tikilini) kommunikasiyası ilə birlikdə sağlam vəziyyətdə təhvil götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 48- LD/15 saylı Lizinq müqaviləsinə görə ödəniş qrafik üzrə 9827,86 manat ilkin ödəniş etmiş, qalan 9827,87 manat məbləği üzrə isə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə xx.xx.2018-ci il tarixinədək 9827,87 manat ödəməli olduğu halda ödəniş etməmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixinə 5881,87 manat əsas, 2370,45 manat cərimə borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, cəmiyyət Cavabdeh borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İş materiallarından göründüyü kimi, iş üzrə xx xxxxxxxx 2018-ci ildə məhkəmə əmri verilmiş, Cavabdeh iddiaçının xeyrinə 5881,87 manat əsas borc, 2370,45 manat dəbbə pulu və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi əmr edilmiş, Cavabdeh həmin əmrə etiraz edərək onu mübahisələndirmiş, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə əmr ləğv edilmiş və işə iddia icraatında baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748.1, 748-10.1, 390.5, 390.1, 748-1.12. və 748-1.12.4-cü maddələrinə istinad edərək, hesab etmişdir ki, cavabdeh könüllü olaraq təsdiq etdiyi lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Buna görə də, iddia qismən təmin edilməli, Cavabdeh 5881,87 manat əsas borc, 100 manat cərimə və 20 manat dövlət rüsumu, cəmi 6001,87 manat pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, apellyator qeyd olunan dəlillərlə bağlı heç bir sübut təqdim etməmitşdir. Əksinə, tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli lizinq müqaviləsinin 3.3-cü bəndinə əsasən lizinq alan damazlıq heyvanları qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır. Lizinq alan təhvil-qəbul aktını imzaladıqdan sonra damazldıq heyvanları zərərin bütün növlərindən qorunması, həmçinin onun tələf olunması, itirilməsi məsuliyyəti onun üzərinə düşür və bu müqavilə üzrə öhdəliklərindən azad etmir. Göründüyü kimi, müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndiriln hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Vəlı̇ağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)- 2462/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar