Məhkəmə qərarları › İş №2(103)-10921/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10921/2021

17.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10921/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Cavabdeh2 MMC-nin nümayəndəsi Vahid Məmmədovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi və tikilinin sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub: 1) Cavabdeh2 MMC-nin rəhbərinin ünvan 1 ünvanında dağıntı, söküntü, qazıntı və tikinti fəaliyyəti qanunvericiliyə zidd hesab olunsun və özbaşınalıq kimi qiymətləndirilsin; 2) iddiaçının mülkiyyəti hesab edilən, ümumi sahəsi 118,4 kv.m olan, 4 otaqlı “B” tikilisinin (mənzil 4) giriş dəhlizinin qəsdən qəzalı vəziyyətə gətirilməsi nəticəsində iddiaçıya dəyən maddi zərərin məbləği ekspertiza vasitəsilə müəyyən edilərək Cavabdeh2 MMC-nin rəhbərindən tələb edilsin; 3) həyətin ortasında yerləşən tut ağacının məhv edilməsinə görə Cavabdeh2 MMC-nin rəhbərinə qanunvericiliyin müvafiq maddəsinin ən yüksək sanksiyası tətbiq edilsin və barəsində cinayət işi başlansın; 4) Cavabdeh2 MMC tərəfindən inşa edilən çıxıntılı binanın iddiaçıya aid torpaq sahəsindəki tikilinin (“B” tikilisinin) altında və üstündə inşa edilən qanunsuz üst tikililər və alt tikililər qanunvericiliyə zidd hesab edilsin və Cavabdeh2 MMC-nin rəhbəri tərəfdən təcili olaraq sökülməsi tələb edilsin; 5) iddiaçının “B” tikilisindən (mənzil 4) istifadə hüququnu tam məhdudlaşdıran, mənzilə gediş-gəlişə mane törədən (mümkünsüz edən), Cavabdeh2 MMC-nin inşa etdiyi qanunsuz çıxıntılı bina qonşu tikilidən (Təbriz küçəsi 32 (60) ünvanda yerləşən tikilidən) və iddiaçıya məxsus “B” tikilisindən qanunvericiliyə uyğun ara məsafəsi boyunca sökülərək iddiaçının daşınmaz əmlakdan istifadə hüququ bərpa edilsin; 6) Təbriz küçəsi, 34 ünvandakı həyəyanı torpaq sahəsininin "xxxx" MMC, sonra isə Cavabdeh2 MMC-nin istifadəsinə verilməsi barədə sərəncamlar imzalayan Nərimanov RİH Başçısının qanunvericiliyə zidd əməllərinə görə məsuliyyətinin müəyyən edilməsi üçün prokurorluğa müraciət edilsin və iddiaçıya dəymiş maddi zərərin müəyyən edilmiş məbləğinin iddiaçıya ödənilməsi Nərimanov RİH Başçısından tələb edilsin. Nərimanov Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh Cavabdeh2 MMC-nin nümayəndəsi Vahid Məmmədov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh Nərimanov RİH-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Nərimanov rayonu, Təbriz küçəsindəki 34 nömrəli ev ümumi paylı mülkiyyətdədir. İddiaçı həmin evin paylı mülkiyyətçilərindən biridir. Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,884 ha torpaq sahəsi Cavabdeh2 MMC-nin daimi istifadəsində verilib. Bu barədə Nərimanov RİH Baçşısının 01.06.2019-cu il tarixli, 161 nömrəli sərəncamı var. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09.04.2021-ci il tarixli, 10/3941 nömrəli rəyinə görə iddiaçıya məxsus yaşayış evinin üzərində çatların olduğu müəyyən edilmişdir. Lakin evin köhnə tikili (uzun müddət istismarda) olduğuna və baxış zamanı konstruktiv elementlərə bilavasitə təsir göstərə bilən faktorlar (mexaniki zərbə, vibrasiya və s.) olmadığına görə həmin çatların Cavabdeh2 MMC tərəfindən Nərimanov rayonu, Təbriz küçəsində aparılan tikinti işləri nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün olmadı. Rəydə daha sonra qeyd olunub ki, Təbriz küçəsində Cavabdeh2 MMC tərəfindən inşa edilmiş hüdrümərtəbəli yaşayış kompleksi ilə həmin küçədə iddiaçıya məxsus yaşayı evi arasında ara məsafəsinin 1,25 m təşkil etdiyi nəzərə alındıqda Cavabdeh2 MMC tərəfindən hündürmərətəbəli yaşayış evinin inşasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1 və 69.4-cü maddələrinin tələbinə uyğun olmadığı müəyyən edilir. İddia ərizəsindəki 1-ci tələb təmin oluna bilməz. Belə ki, iddiaçı tələb edir ki, Cavabdeh2 MMC-nin rəhbərinin ünvan 1 ünvanında dağıntı, söküntü, qazıntı və tikinti fəaliyyəti qanunvericiliyə zidd hesab edilsin və özbaşınalıq kimi qiymətləndirilsin. Lakin hər hansı fəaliyyətin “qanunvericiliyə zidd” və “özbaşınalıq” kimi qiymətləndirilməsi barədə tələb mülki-hüquqi tələb hesab olunmur. Mülki-hüquqi tələbdə iddiaçının konkret hüquq, azadlıq və ya qanuni mənafeyinin müdafiəsi üçün cavabdehin hərəkət etməsi (məs., zərərin əvəzini ödəməsi) və ya hərəkətdən çəkinməsi (məs., tikinti fəaliyyətini dayandırması) tələb olunmalıdır. Şərti olaraq hesab olunsa ki, cavabdehin həmin fəaliyyəti məhkəmə tərəfindən “qanunvericiliyə zidd” və “özbaşınalıq” kimi qiymətəndirildi. Lakin belə qiymətləndirmə deklarativ xarakter daşıyacaq və öz-özlüyündə iddiaçının hüquq, azadlıq və ya qanuni mənafeyinin müdafiəsi ilə nəticələnməyəcək. Ancaq bu tələb iddia ərizəsində iddia tələbi kimi göstərildiyinə görə məhkəmə Mülki Məcəllənin 18-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, tələb təmin oluna bilməz. İddia ərizəsində irəli sürülən 2-ci tələb təmin edilə bilməz. Belə ki, iddiaçı tələb edir ki, ümumi sahəsi 118,4 kv.m olan, 4 otaqlı “B” tikilisinin (mənzil 4) giriş dəhlizinin qəsdən qəzalı vəziyyətə gətirilməsi nəticəsində iddiaçıya dəyən maddi zərərin məbləği ekspertiza vasitəsilə müəyyən edilərək Cavabdeh2 MMC-nin rəhbəri Sahib Cavadovdan tələb edilsin. Lakin iş üzrə keçirilmiş ekspertizanın rəyində cavabdeh MMC tərəfindən iddiaçıya maddi zərər vurulduğu təsdiq edilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, tələb əsassızıdır. İddia ərizəsində irəli sürülən 3-cü tələb təmin edilə bilməz. Belə ki, iddiaçı tələb edir ki, həyətin ortasında yerləşən tut ağacının məhv edilməsinə görə Cavabdeh2 MMCnin rəhbərinə qanunvericiliyin müvafiq maddəsinin ən yüksək sanksiyası tətbiq edilsin və barəsində cinayət işi başlansın. Bu, mülki-hüquqi tələb deyil. Odur ki, 1-ci tələbə münasibətdə yuxarıda qeyd edilənlər bu tələbə də aiddir. İddia ərizəsində irəli sürülən 4-cü tələb təmin edilə bilməz. Belə ki, iddiaçı tələb edir ki, Cavabdeh2 MMC tərəfindən inşa edilən çıxıntılı binanın iddiaçıya aid torpaq sahəsindəki tikilinin (B” tikilisinin) altında və üstündə inşa edilən qanunsuz üst tikililəri və alt tikililəri qanunvericiliyə zidd hesab olunsun və Cavabdeh2 MMC-nin rəhbəri tərəfidən təcili olaraq sökülsün. Bu tələblə iddiaçı ilkin vəziyyətin bərpa edilməsini tələb edir. Mülki Məcəllənin 459.5-ci maddəsinə görə əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. İlkin vəziyyətin bərpası üçün tənasübsüz surətdə böyük xərclər zəruridir. Çünki iddiaçının sökülməsini tələb etdiyi tikili hündürmərtəbəli çoxmənzilli binadır, həmin binada artıq sakinlər yaşayır. Ona görə də Mülki Məcəllənin 459.5-ci maddəsi iddiaçının hazırkı tələbinə şamil olunmalıdır, yəni o, müvafiq əsasla pul əvəzinin verilməsi barədə tələb irəli sürə bilər. İddia ərizəsində irəli sürülən 5-ci tələb təmin edilə bilməz. Belə ki, iddiaçı tələb edir ki, Cavabdeh2 MMC-nin inşa etdiyi çıxıntılı bina qonşu tikilidən (Təbriz küçəsi 32 (60) ünvanda yerləşən tikilidən) və iddiaçıya məxsus “B” tikilisindən qanunvericiliyə uyğun ara məsafəsi boyunca sökülsün. İş üzrə keçirilmiş ekspertizanın rəyi ilə təsdiq olunub ki, ara məsafəsinə dair qanunvericiliyin tələbi pozulub. Bu tələblə iddiaçı ilkin vəziyyətin bərpa edilməsini tələb edir. Lakin ilkin vəziyyətin bərpası üçün tənasübsüz surətdə böyük xərclər zəruridir. Çünki ara məsafəsinin təmin edilməsi üçün hündürmərtəbəli çoxmənzilli bina sökülməlidir, həmin binada isə artıq sakinlər yaşayır. Ona görə də Mülki Məcəllənin 459.5ci maddəsi iddiaçının bu tələbinə də şamil olunmalıdır, yəni o, müvafiq əsasla pul əvəzinin verilməsi barədə tələb irəli sürə bilər. İddia ərizəsində irəli sürülən 6-ci tələb təmin edilə bilməz. Belə ki, iddiaçı tələb edir ki, Təbriz küçəsi, 34 ünvandakı həyəyanı torpaq sahəsininin "xxxx" MMC, sonra isə Cavabdeh2 MMC-nin istifadəsinə verilməsi barədə sərəncamlar imzalayan Nərimanov RİH Başçısının qanunvericiliyə zidd əməllərinə görə məsuliyyətinin müəyyən edilməsi üçün prokurorluğa müraciət edilsin və iddiaçıya dəymiş maddi zərərin müəyyən edilmiş məbləğinin iddiaçıya ödənilməsi Nərimanov RİH Başçısından tələb edilsin. Bu tələbin birinci hissəsi mülki-hüquqi tələb deyil. Tələbin ikinci hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Nərimanov RİH-nin iddiaçıya maddi zərər vurduğu müəyyən edilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, tələb əsassızdır. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar