Məhkəmə qərarları › İş №2(103)-10949/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10949/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10949/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(006)-3547/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 18.000 ABŞ dolları, vurduğu ziyana görə 5.400 ABŞ dolları olmaqla, cəmi 23.400 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia dəqiqləşdirilmişdir). İddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 noyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh ondan 28.000 ABŞ dolları məbləğində borc pul almış və həmin pulu 30.01.2016-cı il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin puldan bu günə kimi cəmi 17.000 manatı, yəni 10.000 ABŞ dollarını qaytarmışdır. Axırıncı dəfə isə 2020-ci ilin yanvar ayında həmin puldan bir hissəsini ona ödəmişdir. Ondan sonra dəfələrlə cavabdehdən üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini tələb etsə də, o, 18.000 ABŞ dolları borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə qərəzli şəkildə yayınmışdır. 18.000 ABŞ dollarının illik 5 %-i 900 ABŞ dolları edir. Artıq cavabdeh 6 ilə yaxındır ki, ona olan borcunu qaytarmadığını nəzərə aldıqda, 6 il üçün borc 5.400 ABŞ dolları məbləğində maddi ziyan edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(006)-3547/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, məhkəmənin yanaşması tamamailə əsassız və qanunsuz olmuşdur. Belə ki, mülki iş üzrə məhkəmə baxışı zamanı o, cavabdeh tərəfindən axırıncı dəfə 2020-ci ilin yanvar avında 2000 (iki min) manat məbləğində ödəniş edildiyini və həmin pul vəsaitinin cavabdehin sürücüsü tərəfindən ona çatdırıldığını bildirmiş, həmin sürücünün şahid kimi məhkəməyə dəvət edilərək dindirilməsini məhkəmədən xahiş etmişdir. Amma məhkəmə tərəfindən bu vəsatəti təmin edilməmiş və işə daha obyektiv baxılması üçün şərait yaradılmamışdır. Həmçinin, məhkəmə tərəfindən onun təqdim etdiyi iddianın həcminin dəqiqləşdirilməsi barədə ərizəyə düzgün hüquqi qiymət verilməmiş və onun ərizəsi düzgün tövsif edilməmişdir. Həmin ərizədə o, cavabdeh tərəfindən götürülmüş borc pulun 6 ildən çoxdur ki, qaytarılmadığını, yəni pulun tam şəkildə qaytarılmadığını bildirmişdir. Belə ki, aralarında bağlanmış borc müqaviləsinə görə cavabdeh ondan götürdüyü pulu hissə-hissə yox, birdəfəlik bütöv şəkildə qaytamalı idi. Amma o, üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, 2015-ci ildən 2020-ci ilin yanvar ayına qədər hissə-hissə olmaqla, ümumlikdə 17.000 (on yeddi min) manat məbləğində pul ödəmişdir. 2015-ci ildən 2020-ci ilə qədər həmin borcun qaytarılması barədə qeydləri özündə əks etdirən dəftəri məhkəməyə təqdim etsə də, o da sübut kimi qəbul edilməmişdir. Bundan əlavə o, öz iddiasıni sübut etmək üçün şahidlərin məhkəmə prosesində iştirakını təmin etməklə bağlı məhkəmə iclasının təxirə salınmasını və həmin şahidlərin məhkəmədə iştirakının təmin edilməsini xahiş etsə də, məhkəmə tərəfindən bu vəsatəti təmin edilməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına surəti əlavə olunmuş 26 noyabr 2015-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında həmin tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış və Cavabdeh İddiaçı 30 yanvar 2016-cı il tarixədək qaytarmaq şərti ilə 28.000 ABŞ dolları borc almışdır. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin o hallarına istinad etmişdir iddiaçı onun tərəfindən iddia müddətinin ötürülmədiyini sübut edə bilməmişdir. Bundan başqa, iddiaçı özü iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində cavabdeh tərəfindən öhdəliklərin 6 ildir icra edilmədiyini bildirmiş və həmin dövr (6 il) üçün hesabladığı maddi ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir. Həmçinin, iddiaçı 2020-ci ilin yanvar ayında cavabdeh tərəfindən sonuncu ödəniş olduğunu bildirsə də, konkret olaraq məbləğ göstərməmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin yanvar ayında hər-hansı ödəniş olmamış və iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında borcun verilməsi notarial qaydada təsdiq edilmiş yazılı müqavilə ilə rəsmiləşdirilmiş və tərəflər qeyd edilən borcun verildiyini mübahisələndirməmişlər. Bununla yanaşı, iddiaçı həmin borcun bir hissəsinin (10.000 ABŞ dolları) cavabdeh tərəfindən qaytarıldığını bildirmiş, cavabdeh isə bunu mübahisələndirməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya həqiqətən də, iddia ərizəsində göstərilən məbləğdə borcu olmuşdur və iddiaçının bu borcu cavabdehdən tələb etməyə subyektiv hüququ olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. (373.1-373.4) Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm Mülki Məcəllənin 377.2 və 377.3cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.» «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında isə məhz bank-kredit münasibətlərinə iddia müddətinin tətbiqin mümkünlüyü nəzərdə tutularaq, aşağıdakı məzmunda şərh verilmişdir: «İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.» Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən göründüyü kimi, hazırkı iddia tələbinin əsaslılığının yoxlanılması zamanı digər məsələrlə yanaşı, iddiaçı tərəfindən iddia müddətinin ötürülüb ötürülməməsinə də qiymət verilməlidir. Bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edən iddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ona sonuncu dəfə 2020ci ilin yanvar ayında ödəniş edilmiş, bununla da borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Məhkəmə kollegiyası iddianın bu dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı məhkəmə araşdırması zamanı həmin halı – cavabdeh tərəfindən ona 2020-ci ilin yanvar ayında bu kredit müqaviləsi üzrə ödəniş edilməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Kollegiya iddiaçının digər dəlillərini də müzakirə edərək əsassız hesab edir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən şahidin məhkəmə iclasına dəvət edilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarında müəyyən edilir ki, “….hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. ...Hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.” Göründüyü kimi, mülki prosesin təməl prinsiplərindən olan dispozitivlik prinsipinə əsasən sübutların məhkəməyə təqdim edilməsi tərəflərin öz üzərinə düşür, məhkəmənin isə tərəflərdən birinin xeyrinə sübut toplamaq kimi öhdəliyi yoxdur. Əlavə sübutların (şahidlərin) təqdim edilməsi üçün vaxt istəməsinə baxmayaraq, məhkəmənin onun bu vəsatətlərini təmin etməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində aparılan icraatla bağlı məhkəmə iclasının protokollarından belə bir vəsatətin verilməsi görünmür. Əksinə, 23 iyul 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi hakimin sualına cavab olaraq məhkəmə təqdim edilmiş sübutlardan əlavə ödənişlə bağlı başqa sübutlarının olmadığını bildirmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc məbləğini tələb etmək üçün iddia müddətinin axımı müqavilə üzrə öhdəliyin icrası vaxtı kimi müəyyən edilmiş 30.01.2016-cı il tarixdən başlayaraq hesablanmalıdır. İddiaçı isə hazırkı iddia tələbini 19.04.2021-ci il tarixdə irəli sürməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mülki qanunvericiliyin tələblərinə görə, iddia müddətinin ötürülməsi iddianın rədd olunması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(006)-3547/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar