Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10958/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2828/2021 saylı, 27.09.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları X1 və X2 yetkinlik yaşına çatanadək alimentin artırılaraq hər birinə 175 (bir yüz yetmiş beş) manat olmaqla 350 (üç yüz əlli) manat alimentin sabit aliment tutularaq ona ödənilməsinə, İlkin Mediasiya sesiyasında iştirak etməkdən imtina etdiyi üçün ödəniş etdiyi 50 (əlli) manat xərcin yarısının 25 (iyirmi beş) manatın tutularaq ona ödənilməsinə, İddia ərizəsinin yazılması üçün ödədiyi 60 (altmış) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 1998-ci ildə rəsmi nigaha daxil olmuşdur. 29.06.2009-cu ildə oğlu X3 və 18.11.2010-cu ildə isə qızı X5 anadan olmuşdur. 22.07.2015-ci il tarixində Qaradağ Rayon Məhkəməsinin iş №2(002)-1210/2015 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdeh əvvəllər yaxşı maaş alırdı və onlara yaxşı aliment ödəyirdi. Təxminən 2-3 ay əvvəl 2 uşağa görə 90 (doxsan) manat ödəyib və növbəti aylarda azalma olubdur. Alimentin tutulması əmək haqqından tutulmalıdır və kəsirini isə sabit aliment olaraq ödəməlidir. O təkbaşına çətinlik çəkir, uşaqlara lazımi maddi baxım göstərə bilmir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2828/2021 saylı, 27.09.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Gülnar Əhmədova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2828/2021 saylı, 27.09.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda yaşayış minumumu 175 manat təşkil edir. İddiaçı alimentin artırılaraq həmin məbləğə uyğunlaşdırılmasını xahiş edir. Məhkəmə isə qeyd edilən qanunun tələblərini pozmuşdur .Cavabdeh məhkəmə iclasında 700 manat əmək haqqı aldığını bildirmişdir. 700 manatın 1/3 hissəsi təxminən 230 manat təşkil edir. Həmin məbləğdə iki uşağa görə nəzərdə tutulan yaşayış minumumuna görə çox aşağıdır. Məhkəmə öz qətnaməsində MPM-nin 82.3-cü maddəsinə istinad etmişdir. Aliment dəyişən tələbdir və əvvəlki alimentin müəyyən edilməsi barədə qətnamənin qanuni qüvvəyə minməsindən 6 ildən çox vaxt keçmişdir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qətnaməni qəbul edərkən yaşayış minimumunun məbləği 117 manat təşkil edirdi, hazırda isə 175 manat təşkil edir. Lakin bu hallara məhkəmə diqqət yetirməmiş, əvvəlki qətnamənin qəbul edilməsindən keçən müddətdə yaşayış minumuni nəzərə almamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22.07.2015-ci il tarixli 2(002)-1210/2015 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, 29.06.2009-cu il təvəllüdlü X3 və 18.11.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05 fevral 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının 1/3 hissə miqdarında aliment tutularaq Səmədova (İsrəfilova) Təranə Gülxan qızına verilməsi,qarşılıqlı iddia təmin edilərək, X4 və Cavabdeh arasında 21 aprel 2008-ci il tarixdə bağlanmış və Qaradağ rayon Qeydiyyat şöbəsində 203 nömrə ilə qeyd edilmiş nikahın pozulması, həmin nikahdan olan X1 və X2 anaları Səmədova (İsrəfilova) təranə Gülxan qızının yanında qalmaları müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş 27.09.2021-ci il tarixli 9 nömrəli arayışın məzmunundan görünür ki, Cavabdeh N.Nərimanov adına NQÇİ-nin NKHS-də maşınist vəzifəsində işləyir və sonuncu dəfə 2021-ci ilin avqust ayında 772.10 manat əmək haqqı almışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkməsi cavabdehin qazancında hər hansı bir dəyişikliyin olmaması səbəbindən iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və işin hallarına, tərəflərin izahatlarına, apellyasiya şikayətinin dəlillərinə məcmu halda qiymət verərək, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq vurğulayır ki, cavabdehdən qazancının 3/1 hissəsi miqdarında alimet tutulması ilə bağlı məhkəmə qətnaməsindən 6 ilə yaxın vaxt keçmişdir. Həmin müddət ərzində uşaqların yaşının artması ilə bərabər maddi tələbatlarının da artmasının nəzərə alınması həmin uşaqların mənafeyi baxımından vacibdir. Belə ki, cavabdeh 772.10 manat məbləğində aliment aldığından, onun 2 uşaq üçün ödədiyi alimentin cəmi 257.36 manat təşkil edir ki, bu da yaşayış minimunun 175 manat müəyyən olunduğu dövr üçün kifayət hesab edilə bilməz. Sadalanan hallara və hüquq normalarına əsasən kollegiya hesab edir ki, cavabdehdən X1 və X2 yetkinlik yaşına çatanadək iddiaçının xeyrinə hər uşağa görə hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması həm uşaqların, həm də tərəflərin mənafeyi baxımından məqsədəmüvafiqdir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda iddiaçı 257 manat olan alimentin məbləğinin iki uşağa görə 350 manata qaldırılmasını xahiş edir. belə olan halda, iddianın qiyməti 1116 manat təşkil edir (93x12=1116). Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2828/2021 saylı, 27.09.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2828/2021 saylı, 27.09.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh tərəflərin birgə nikahından doğulmuş 29.06.2009-cu il təvəllüdlü X1 və 18.11.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10958/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10958/2021
10.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver