Məhkəmə qərarları › İş №2(103)-10962/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10962/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10962/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi İsrafil Şahverdiyevin iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borc tələbinə dair» 2(005)-2764/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3391,29 manat əsas, 1047,68 manat faiz, 21,41 manat cərimə, cəmi 4460,38 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 12.09.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 12 % ödəmək şərtilə 5739 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 23.04.2021-ci il tarixə "xxxx" KB ASC-yə 3391,29 manat əsas, 1047,68 manat faiz, 21,41 manat cərimə olmaqla, cəmi 4460,38 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, bankla onun arasında bağlanmış 12.09.2018-ci il tarixli müqavilənin bağlandığı vaxtdan etibarsız hesab edilməsini, bankla arasında olan 19.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə məhkəmə aktları ilə müəyyən edilmiş öhdəçiliyinin bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ixtisarla əlaqədar olaraq iş yeri bağlandığından 1 ilə yaxın işsiz qalmış və kredit üzrə ödənişləri məcbur olub dayandırmışdır. Barəsində 01.05.2015-ci il tarixdə məhkəmə əmri çıxarılaraq, borcun ondan tutulması qərara alınmışdır. Məhkəmə əmri icra olunması üçün icra şöbəsinə, oradan isə iş yerinə göndərilmiş, aybaay kredit ödənişinə başlanmışdır. İş icrada olarkən hər gün ona bankdan zənglər gəlmiş, ardıcıl surətdə hər gün zəng edib mənəvi təzyiqlər olunaraq, yeni müqavilə bağlamaq, ABŞ dolları ilə olan krediti Azərbaycan manatına çevirmək istədiklərini bildirmişlər. Bu səbəbdən onu banka gətizdirərək, yeni müqavilə bağlamağa nail ola bilmişlər. Ona ABŞ dollarının bahalaşacağına, bu barədə guya ona gizlincə məlumat verdiklərinə və kömək etmək istədiklərinə inandırmışlar. Bu sahədən məlumatsız olduğundan istifadə edərək, ona təkliflərini qəbul etdirmiş və 12.09.2018-ci il tarixdə yeni müqavilə tərtib olunmuşdur. Bununla da restrukturizasiyanın qarşısını kəsmişlər. Yeni öhdəçiliyini yerinə yetirməyəcəyi halda faizin hesablanacağını ona bildirməmiş və bank əməkdaşları ona bunu başa salmamışlar. Yəni, yeni müqavilənin nəticələri ona bildirilməmişdir. İlkin müqavilə üzrə məhkəmə aktı olduğundan faizin hesablanmasının dayandırılması və s. hallar ona məlum olmamış, bu haqda ona heç bir məlumat verilməmişdir. Onunla müqavilə bağlanarkən ona müqaviləni oxumamış imza etdirmişlər. Məhkəmə əmrindən sonra təsbit olunmuş borca yeni müqavilədə yenidən 12 % üzrə 1512 manat 90 qəpik yüklənmiş və onun bundan xəbəri olmamışdır. Ona bank əməkdaşları tərəfindən ABŞ dolları ilə olan borcu Azərbaycan manatına çevirəcəkləri bildirilmiş və o, bu səbəbdən müqaviləni oxumamış imzalamışdır. Buna həmçinin otağın yarıqaranlıq olması və müqavilənin kiçik şriftlərlə yazılması, əsas borcun üzərinə əlavə faiz yükləməyəcəklərini demələri olmuşdur. O, sabahkı gün, yəni 13.09.2018-ci il tarixdə və bundan sonra müqaviləni ləğv etdirmək üçün həmin banka getmiş, müqavilədəkilərlə razı olmadığını bank əməkdaşlarına bildirmiş, amma bankda işləyən kredit əməkdaşları və müdir onun sistemə işləndiyini, müqaviləni ləğv etməyin mümkün olmadığını bildirmişlər. Belə olan halda, krediti ödəməyəcəyini sonunculara demişdir. Bank əməkdaşları tərəfindən müqavilə özlərinin mənafeyinə uyğun hazırlanmış, 15 dəqiqə ərzində hazır şəkildə olan blanklara imza etdirməklə boynuna faiz öhdəlikləri ona izah edilmədən yüklənmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 12.09.2018-ci il tarixli, 3552nkBANK/18 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 12 % olmaq şərtilə 48 ay müddətinə 5739 manat kredit verilmişdir. 12.09.2018-ci il tarixli 3552nkBANK/18 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən Cavabdeh 5739 manat məbləğində vəsaiti illik 12 % olmaqla 48 ay müddətinə 152 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. 23.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 12.09.2018-ci il tarixli, 3552nkBANK/18 saylı kredit müqaviləsi üzrə 3391,29 manat əsas borc, 1047,68 manat faiz, 21,41 manat cərimə olmaqla, ümumilikdə 4460,38 manat məbləğində borcu yaranmışdır. 14.12.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun 3 iş günü müddətində banka ödənilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, Cavabdeh "xxxx" KB ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti və ondan istifadəyə görə faizin qaytarılması barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Beləliklə, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(005)- 2764/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar