Məhkəmə qərarları › İş №2(103)-10968/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10968/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10968/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, iddiaçı "Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə iddianın təmini tədbirinin ləğv edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2(001)- 5546/2021 saylı qərardadından İddiaçı "Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı 12 iyul 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus "X5" markalı (buraxılış ili - 2006, boz metallik rəngli), **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyularaq, Azərbaycan Respublikası DİN-nin X6 cərimə meydançasında saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(001)- 5546/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh məxsus "X5" minik markalı (buraxılış ili - 2006, boz metallik rəngli), 90TY190 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmuşdur. Cavabdeh 23.09.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(001)-5546/2021 saylı qərardadının surətini rəsmi qaydada almış və 30.09.2021-ci il tarixdə həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin həcmi cəmi 1100 manatdır, üzərinə həbs qoyulmuş avtomobilin isə bazar dəyəri 11000 manatdan çoxdur. Belə olan halda 1100 manata görə həmin məbləğdən 10 dəfə çox olan əmlak üzərinə həbs qoyulması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018ci il tarixli qərarında müəyyən olunmuş hüquqi mövqeyə ziddir. Eyni zamanda ona qarşı irəli sürülmüş iddia ümumiyyətlə qanuni və əsaslı deyil və rədd edilməlidir. 10.06.2021-ci il tarixdən 08.09.2021-ci il tarixədək həbsdə olduğu səbəbindən, qərardadı vaxtında alaraq mübahisələndirmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, ... məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(001)-5546/2021 saylı qərardadı ləğv edilməli, iddianı təmin etmə tədbiri barədə ərizə rədd edilməli, Cavabdeh məxsus "X5" minik markalı (buraxılış ili - 2006, boz metallik rəngli), 90TY190 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərindən həbs götürülməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2(001)- 5546/2021 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(001)-5546/2021 saylı qərardadı ləğv edilmiş, Cavabdeh məxsus "X5" minik markalı (buraxılış ili - 2006, boz metallik rəngli), 90TY190 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərindən həbs götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.10. 2021-ci il tarixli, 2(001)- 5546/2021 saylı qərardadından iddiaçı "Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(001)- 5546/2021 saylı qərardadı ilə iddiaçı "Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməmiş, iş şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı "Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 oğlu şikayəti müdafiə edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.10. 2021ci il tarixli, 2(001)-5546/2021 saylı qərardadının ləğv edilməsini və Cavabdeh məxsus "X5" minik markalı (buraxılış ili - 2006, boz metallik rəngli), 90TY190 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh şikayətə etiraz edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.10. 2021-ci il tarixli, 2(001)-5546/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cəmi 1100 manat iddia tələbi ilə əlaqədar cavabdehin taksi kimi istifadə etdiyi və ailəsinin maddi təminat mənbəyi olan "X5" minik markalı (buraxılış ili - 2006, boz metallik rəngli), 90TY190 dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmasını, cavabdehin iddia tələbi təmin olunacağı təqdirdə onu icra etməyə hazır olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında əksini tapan müddəalara əsaslanaraq düzgün nəticəyə gəlmişdir. Ona görə də şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.10. 2021-ci il tarixli, 2(001)-5546/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRA RA ALİR: İddiaçı "Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2(001)- 5546/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərərdad dərhal qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar