Məhkəmə qərarları › İş №2(103)-10973/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10973/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10973/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı "X1" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(004)-5906/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılması üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ünvan 2 ünvanda yaşamır. Belə ki, o Xudat şəhərində yerləşən orta məktəbdə müəllimə işləyir və hazırda da, faktiki olaraq həmin şəhərdə yaşayır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(004)- 5906/2021 nömrəli qərardadı ilə cavabdehin mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə dair ərizəsi rədd edilmişdir. Cavabdeh həmin məhkəmə qərardadından şikayət verib adı çəkilən məhkəmə qərardadının ləğv edilməsi, işin aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Xudat şəhərində yaşadığından və müəllim işlədiyindən məhkəməyə gəlib-getməkdə çətinlik çəkir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal, ev 14 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etdiyindən ərizənin təmin edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. Cavabdehin Xudat şəhərində yaşaması halı iddia ərizəsinin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilməsinə dəlalət etmir. Beləliklə, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi cavabdehin işin baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə dair ərizəsini əsaslı olaraq təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyatı qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(004)- 5906/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar