Məhkəmə qərarları › İş №2(103)-1098/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1098/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1098/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, vurulmuş maddi ziyana görə 18.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində ünvan 1 ünvanında Cavabdeh2 məxsus “Volkswagen Passat B6” markalı, **- KB-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın baş vermişdir. Yanğın nəticəsində alov yayılaraq (hazırki iş üzrə tərəf olmayan) X2 məxsus “Volkswagen Passat B6” markalı, **- SB-*** dövlət qeydiyyat nişanlı və iddiaçıya məxsus “İnfinity FX 35” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinə keçərək avtomobillərin yanaraq yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən yoxlama başlanılmışdır. Araşdırmanın davam etdirilməsi üçün toplanmış materiallar həmin Nazirliyin Əməliyyat-İstintaq İdarəsinə göndərilərək araşdırma aparılmışdır. xx.xx.2022-ci il tarixdə material üzrə araşdırmanın davam etdirilməsi məqsədi ilə toplanmış materiallar Qaradağ Rayon Polis İdarəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdən həmin idarə tərəfindən araşdırmalar aparılmağa başlanmışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində avtomobilinə əyləşərək mühərriki işə salmış, mühərrikin səsindən nasazlıq olduğunu hiss etmişdir. Təxminən 3-4 dəqiqə sonra avtomobilin sağ arxa tərəfindən alov çıxdığını gördükdə dərhal avtomobili tərk etmiş, bu zaman alov avtomobili bürümüşdür. Alov yayılaraq Anar Həsənova və İddiaçı məxsus avtomobillərə keçmiş, nəticədə onların avtomobilləri yanaraq yararsız vəziyyətə düşmüşlər. Ümumilikdə dəymiş maddi ziyan 38.000 manatdır. Hadisə ilə bağlı iddiaçının avtomobilinin yararsız vəziyyətə düşməsi nəticəsində iddiaçıya vurulmuş maddi zərər 18.000 manat təşkil etmişdir. İddiaçı ona dəymiş ziyanın ödənilməsini cavabdehlərdən tələb etsə də ziyan ödənilməmişdir. "xxxx" ASC-nin 05/01-125 №-li, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, hadisənin baş verməsində Cavabdeh2 təqsiri müəyyən edilmədiyindən baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir və sığorta ödənişinin verilməsi qeyrimümkündür. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdeh tərəfin iddia tələbinə olan mövqeyi barədə məlumat

3. Cavabdeh ASC-nin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, yanğının baş verməsində heç bir təqsirli şəxs müəyyən olunmamışdır. Yanğının baş vermə səbəbi isə Cavabdeh2 məxsus avtomobilin yanacaq nasosu və elektrik naqillərində qısa qapanmanın baş verməsidir. Hadisə sığorta hadisəsi hesab oluna bilməz və ASC tərəfindən sığorta ödənişinin edilməsi qeyri-mümkündür.

4. Cavabdeh2 Rayon Məhkəməsinə verdiyi şifahi izahatında iddiaya etirazını belə əsaslandırmışdır ki, o, avtomobilin mühərrikini işə saldıqdan 10 dəqiqə sonra hərəkətə başlamaq istədikdə avtomobildə yüngül nasazlıq hiss etmişdir. Yanğın avtomobilin yanacaq hissəsində baş vermiş, arxadan yayılmağa başlamışdır. Benzin olan yerdə yanğın baş verdikdə onu söndürmək mümkün olmur. 20 dəqiqə ərzində 3 avtomobil ziyan çəkmişdir. Avtomobildə yanğın balonu var idi, lakin yanğını söndürmək mümkün deyildi. 20 dəqiqə ərzində yanğınsöndürənlər gəlmişdir. Hadisənin baş verməsində onun təqsiri olmamışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh2 16.585 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia cavabdeh ASC-yə aid hissədə təmin edilə bilməz. Çünki yanğının baş verməsində heç bir təqsirli şəxs müəyyən olunmamışdır. Yanğının baş vermə səbəbi isə Cavabdeh2 məxsus avtomobilin yanacaq nasosu və elektrik naqillərində qısa qapanmanın baş verməsidir. Buna görə də, bu hadisə sığorta hadisəsi hesab oluna bilməz və cavabdeh ASC tərəfindən hər hansı sığorta ödənişinin edilməsi qeyri-mümkündür. Odur ki, iddiaçı zərərin əvəzinin ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlıdır və "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli, 69 və 70 nömrəli mütəxəssis rəyləri əsas götürülməklə Cavabdeh2 16.585 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 hadisənin baş verməsində təqsiri olmadığı üçün iddia ona qarşı təmin edilə bilməz. Lakin Rayon Məhkəməsi sübutlara düzgün qiymət verməmiş, iddianın təmin edilməsi hissəsində iş üzrə səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

9. İşə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmiş Cavabdeh2 və cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak etməmiş və iclasa gəlməmələrinin səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

10. Göstərilənləri nəzərə alan Məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

11. Apellyasiya baxışı iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat

12. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh2 isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. Digər cavabdeh "xxxx" ASC, ona qarşı iddia təmin olunmadığından, qətnamədən apellyasiya şikayəti verməmişdir.

13. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni iddianın Cavabdeh2 qarşı qismən təmin edilməsi hissəsində yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, Cavabdeh2 məxsus avtomobilin yanacaq nasosu və elektrik naqillərində qısa qapanmanın baş verməsi səbəbindən baş vermiş yanğın nəticəsində iddiaçının avtomobilinə ziyan dəyməsi, "xxxx" MMC tərəfindən işə baxmış Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 70 nömrəli mütəxəssis rəyi ilə hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə 16.585 manat məbləğində ziyanın vurulması, hadisənin baş verməsində heç kimin qəsddə ifadə olunmuş təqsirinin müəyyən edilməməsi, yuxarıda təsvir edilmiş hadisənin sığorta hadisəsi olmadığı üçün həmin ziyana görə "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsinin qeyri-mümkün olması işin mübahisəsiz hallarıdır.

17. Cavabdeh2 apellyasiya şikayətində hadisənin baş verməsində onun təqsiri olmadığı üçün iddianın ona qarşı da rədd edilməsini xahiş edir.

18. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).

19. Cavabdeh2 hadisənin baş verməsində birbaşa təqsirkar olmasa da, iddiaçıya dəymiş maddi zərəri qarşılamaq vəzifəsini məhz cavabdeh, yuxarıda qeyd edilən yanğının baş verməsinə səbəb olmuş “Volkswagen Passat B6” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 daşıyır.

20. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinin 3-cü bəndinə görə, yol hərəkəti sahəsində fiziki şəxslər onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək vəzifəsi daşıyırlar. Həmin Qanunun 30 maddəsinin İİ hissəsinin 2-ci bəndinə görə, nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər.

21. Odur ki, göstərilənlərə əsasən qəbul edilməlidir ki, Cavabdeh2 qarşı iddianın təmin edilməsi hissəsində Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiya baxışının nəticəsi

22. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinə əsasən apellyatorun özünə aid edilməlidir.

24. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı və cavabdeh ASC tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, onlar hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

25. Cavabdeh2 apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən Cavabdeh2 MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

26. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 noyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh2 tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar