Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1098/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2398/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 940.951,44 manat borc olmaqla – bundan 646.897,72 manat əsas, 221.814,32 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 72.239,40 manat faiz borcunun və iş üzrə ödənilmiş 1.230.95 (bir min iki yüz otuz manat 95 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2398/2024 nömrəli 01 oktyabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, icraatın dayandırılması üçün heç bir əsas olmadan məhkəmə iş üzrə icraatı dayandırmaqla tərəflərə verilmiş prosessual hüququ (məhkəmə araşdırmasını barışıq sazişi ilə tamamlamaq) məhdudlaşdıraraq düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallrına əlavə edilmiş “Barışıq Sazişi”ndən göründüyü kimi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında tərəflər öz aralarında razılığa gəldiklərini bildirərək, məhkəməyə barışıq sazişi təqdim etmişlər və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Bu da onu deməyə əsas verir ki, artıq tərəflər arasında borc tələbi ilə bağlı hər hansısa bir mübahisə qalmamış və tərəflər borcun hansı qaydada və hansı müddətdə ödənilməsini qəbul edərək öz aralarında razılığa gəlmişlər. Keçirilmiş məhkəmə iclaslarından da göründüyü kimi cavabdehin nümayəndəsi və vəkili borc məbləğini etiraf etmiş, iddia tələbinə qarşı hər hansı bir vəsatət və etiraz təqdim etməmişdir. Məhkəmə isə buna əhəmiyyət verməmiş tərəflərin iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə heç bir vəsatət olmadan və tərəflərin fikrini öyrənmədən iş üzrə icraatı dayandırmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında tərəflər buna etiraz etsə də, məhkəmə bu hala əhəmiyyət verməmiş və icraatın dayandırılması barədə qərardadında icraatın dayandırılmasının əsaslarını əsaslandıra bilməmişdir. Bu da onu deməyə əsas verir ki, məhkəmə qeyd edilən norma ilə yanaşı eyni zamanda MPM-in 5.4-cü bəndində nəzərdə tutulmuş halları nəzərə almadan düzgün olmayan nəticəyə gəlmişdir. İş üzrə icraatın dayandırılması məhkəmənin vəzifəsi yox, hüququdur. Tərəflər borcu mübahisələndirdiyi halda məhkəmə bu hüququndan istifadə etməklə icraatı dayandıra bilər. Əgər tərəflər arasında borcun məbləği barədə (ümumiyyətlə iddia tələbi üzrə) hər hansısa bir mübahisə yoxdursa, məhkəmənin bu hüquqdan istifadə etməsi tərəflər arasında yaranmış mübahisənin uzanmasına və işin uzun müddət hərəkətsiz qalması ilə yanaşı tərəflərə verilmiş prosessual hüququn məhdudlaşdırılmasına gətirib çıxarır. Məhkəmə Kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin edildikdə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, qanunvericilikdə ekspertiza təyin olunduğu halda iş üzrə icraatın dayandırılması imkanı nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə məhkəmə ekspertiza təyin edildiyindən icraatın dayandırılmasının zəruri olması qənaətinə gəlmişdir. İddiaçının şikayətinə münasibətdə kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin eyni tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiqindən imtina edilmişdir. Lakin bu imtina tərəflərin gələcəkdə barışıq sazişi bağlanması üçün onların iradəsinə hər hansı qaydada təsir etmir. Qərardadda qeyd edilən sazişin qanunauyğun olmayan şərtlərinin yenidən nəzərdən keçirilməsi və tərəflər arasında razılaşmanın əldə edilməsi üçün icraatın dayndırılması maneə hesab edilə bilməz. Tərəflər məhkəmədən kənar qaydada da barışıq sazişi bağlayıb, mübahisəni məhkəmədən kənar qaydada həll edə bilərlər. Məhkəmə Kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas görmür. Şikayətdə isə icraatın dayandırılması barədə qərardadın ləğv edilməsini zəruri edən hər hansı əsas göstərilməmişdir. Şikayətdə qeyd olunan səbəblər qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, Kollegiya hesab edir ki, şikayət əsaslı deyil, qərardad qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-2398/2024 nömrəli 01 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1098/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1098/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver