Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10980/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh2, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6048/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh2 qarşı “alimentin məbləğinin artırılması və əlavə xərclərin ödınilməsinə cəlb olunması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 10983/2016 saylı, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə 07.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 117 manat sabit pul məbləğində aliment məbləğinin 200 manatadək artırılması, hər ay əlavə xərclərə görə 100 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən 05.08.2021-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10983/2016 saylı, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə 07.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 117 manat sabit pul məbləğində aliment məbləğinin 200 manatadək artırılması, onun sağlamlığı üçün çəkdiyi xərclərin əvəzi olan 1926 manatın birdəfəlik ödəniş kimi tutulması, hər ay əlavə xərclərə görə 100 manat məbləğində pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 11.09.2010-cu il tarixdə ailə qurmuş, birgə münasibətlərindən 07.08.2011-ci il təvəllüdlü Onur adlı övladları dünyaya gəlmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.01.2013-cu il tarixli qətnaməsi ilə onların qeyri-rəsmi nikah münasibətlərindən doğulmuş 07.08.2011-ci il təvəllüdlü X2 Cavabdeh2 alınaraq ona verilməsi və uşağın saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin tutulması qət edilmiş, daha sonra o “alimentin artırılması” tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli 2(010)-10983/2016 saylı Qətnaməsi ilə Cavabdeh2 07.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 117 manat sabit pul məbləğində və uşaq altı yaşına çatana qədər (07.08.2017-ci il tarixinədək) hər ay cavabdehdən 100 manat məbləğində əlavə xərclərin tutulması qət edilmişdir. 117 manat ödənilən aliment uşağın tam sağlam və təminatlı tərbiyə olunmasına və böyüməsinə yetərli deyildir. Cavabdeh uşağın saxlanılması üçün alimentdən əlavə heç bir yardım göstərmir, atası və anası rəhmətə gediblər, heç bir kömək istəyəcək yeri yoxdur, bu səbəbdən də, övladının maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Uşaq bir sıra xəstəliklərdən əziyyət çəkir və bununla əlaqədar mütəmadi olaraq müxtəlif tibbi preparat və vasitələrin köməyi ilə müalicə qəbul edir, bütün bunlar böyük xərclər hesabına baş verir, uşağın nitqində, beynində və gözündə problem vardır. “SMklinika” tərəfindən tərtib olunmuş ödəmə cədvəlindən də görünür ki, təkcə 2020-ci ildə uşağın müalicəsi üçün 82.700 rubl, bizim pulla 1920 manat xərci çıxmışdır. Həmin pulu da övladı üçün borc götürərək ödəmiş, hələ də həmin borcu ödəyə bilməmiş, lakin ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilmir. Cavabdeh övladının 6 yaşından indiyə qədər heç bir ödəniş etməyib, saxlanması xərclərində iştirak etməyib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6048/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli 2(010)10983/2016 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarının dəyişdirilərək, 07.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh2 uşağa görə hər ay 175 manat, 15 yaşına çatanadək əlavə xərclərə görə hər ay 50 manat sabit pul məbləğində alimentin, uşağın sağlamlığı üçün çəkilən xərclərin əvəzi kimi 400 manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manatın alınaraq İddiaçı, 10 manat alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6048/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində əsassız olduğundan hesab edir ki, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Baxmayaraq ki, cavabdehin öz adına torpaq sahələri, maşınları vardır, övladına davamlı olaraq müalicə lazımdır, cavabdeh xərcləri qarşılamaqda köməklik etmir, təkbaşına o xərcləri qarşılaya bilmir. Bu səbəbdən cavabdehdən 200 manat aliment, əlavə xərclər görə 100 manat və çəkdiyi xərclərin ən azı yarısı yəni 960 manat tutularaq ona ödənilməli idi. Məhkəməyə 82700 rubl uşağın sağlamlığı üçün çəkdiyim xərclər barədə sənəd təqdim etsə də məhkəmə bu sənədi əsaslı hesab etməmişdir. Bu sənədin həqiqiliyi üzərindəki klinikanın adından və möhüründən də bəllidir. Bu 82700 rubl, yəni 1926 manat xərc əslində uşağının sağlamlığı üçün çəkdiyi xərclərin heç yarısı deyil. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6048/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6048/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsindən narazıdır. İddiaçı ilə münasibətləri pozulduqdan sonra 09.07.2013-cü ildə Qarabağlı (Məmmədova) Nərmin Elşad qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 26.02.2014-cü ildə Murad, 23.08.2015-ci ildə isə Yusif adlı iki övladı anadan olmuşdu. Baxmayaraq ki, məhkəmənin qərarı ilə hər həftənin şənbə və bazar günləri uşala görüş hüququ var, dəfələrlə övladı ilə əlaqə saxlamğa çalışsada iddiaçı buna mane olur. Övladında dil qüsuru olduğu üçün hər zaman onun müainə və müalicələrini etdirməyə çalışmış, lakin iddiaçı həkimlərdən səhv tutmağa çalışır. Maddi imkansızlıq ucbatından uşağı müalicə etdirə bilmir. Hazırda valideyinlərinin himayəsində yaşayır, heç bir yerdən maddi gəlir yeri yoxdur. Maddi vəziyyəti ağır olduğu üçün hətta atasını belə müalicə etdirə bilmir. Məhkəmədə verdiyi ifadələr təhrif olunmaqla qətnamə qəbul edilmişdir. Mən ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd olunmasını xahiş etmişəm. Lakin qətnamədə göstərilmişdir ki, guya iddianı qismən qəbul edərək ələvə xərc kimi 50 manat, uşağın müalicəsi üçün çəkilmiş məbləğdən 400 manat, 175 manat isə aliment ödəməyə razıyam. Məhkəmə ağır ailə şəraitimi, maddi imkansızlığımı və heç bir yerdən maddi gəlir yerimin olmamasını nəzərə almadan ədalətsiz qətnamə qəbul etmişdir. Bununla da məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6048/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və alimentin miqdarının 150 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, verdiyi apelyasiya şikayətinin təmin edilməsini, Cavabdeh1 apelyasiya şikayətinin isə təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6048/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh2 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirdi, verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, verdiyi apelyasiya şikayətinin təmin edilməsini, İddiaçı apelyasiya şikayətinin isə təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6048/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və alimentin miqdarının 150 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayəində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Cavabdeh1 isə apelyasiya şikayəində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin təyin olunmuş alimentin məbləği dəyişdirilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, həmçinin iddia tələbinin qismən qəbul edilməsini, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi imkanında yaxşılaşma hallarının müəyyən olunmamasını, həmçinin onun himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ondan uşağa görə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 81 və 112-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 07 noyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ № 648580 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 07 avqust 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin sentyabr ayının 18 günündə 3285 № ilə qeyd edilmişdir. Atası Cavabdeh2, anası İddiaçıdır.(İ.vər. 9) İş materiallarında olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 10983/2016 saylı, 02 dekabr 2016cı il tarixli Qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 14.01.2013-cü il tarixli 2(011)-404/2013 saylı qətnaməsi ilə Cavabdeh2 07.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, uşaq anası İddiaçı verildiyi tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, Cavabdeh2 07.08.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması və həmin uşaq altı yaşına çatana qədər (07.08.2017-ci il tarixinədək) hər ay Cavabdeh2 100 manat məbləğində əlavə xərclərə cəlb edilməsi qət edilmişdir.(İ.vər. 6 - 10) Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən: 75.1. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün əlavə xərclərin müəyyən edilməsinə münasibətdə, cavabdehin ailə və maddi vəziyyətini, onun öhdəliyində daha 2 azyaşlı uşaqlarının olmasını, rəsmi olaraq heç yerdə işləməməsini, iddia tələbini bu hissədə qismən qəbul etməsini və digər diqqətəlayiq halları nəzərə alaraq, ondan uşağın 15 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində pul vəsaitinin tutulmasını mümkün hesab etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi “uşağın sağlamlığı üçün çəkilən xərclərin əvəzinin tutulması barədə” iddia tələbinə münasibətdə hesab etmişdir ki, iddia tələbinin məbləği cavabdehin bu hissədə qəbul etdiyi 400 manat həddində müəyyənləşdirilməlidir, çünki sübutetmə yükündən asılı olan iddia tələbi üzrə daha çox məbləğdə əlavə xərclərin çəkilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi uşağın müalicəsi üçün çəkilmiş xərclərə dair iddiaçının istinad etdiyi “SM-klinikası”-nın tibbi xidmətlərin göstərilməsi üzrə Aktına münasibətdə qeyd etmişdir ki, əvvəla, həmin sübut rəsmi maliyyə sənədi olmamaqla bərabər, ödənişlərə dair həqiqi halları da özündə ehtiva etmir, ikincisi, uşağın ödənişli əsaslarla səhiyyə müəssisələrdə müalicə almasına görə çəkilmiş əlavə xərclərin təkcə iddiaçının vəsaiti hesabına başa gəlməsi, həmçinin belə xərclərin çəkilməsinə səbəb kimi uşağın ödənişli müəssisələrdə müalicə olunması zərurətinin tərəflərin qarşılıqlı razılığından, cavabdehin maddi imkanlarından və ya onun əməllərindən irəli gəlməsi halları müəyyən deyil, həmçinin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş həmin sübut kserosurətdən ibarətdir ki, bu da hazırkı iş üzrə həqiqi halların müəyyən olunması üçün mötəbər sübut kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, İddiaçı və Cavabdeh1 apelyasiya şikayətlərinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətində qeyd etdiyi, cavabdehin öz adına torpaq sahələrinin, maşınların olması barədə dəlilləri və Cavabdeh1 apelyasiya şikayətində qeyd etdiyi, hazırda valideyinlərinin himayəsində yaşaması, heç bir yerdən maddi gəlir yeri olmadığını, maddi vəziyyətinin ağır olduğunu, məhkəmədə verdiyi ifadələrin təhrif olunması barədə dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayətində qeyd etdiyi, məhkəməyə təqdim etdiyi 18.08.2021-ci il rarixli ərizədə müraciət edərək iddianın rədd olunmasını xahiş etdiyini bildirsı də, iş materiallarında olan həmin ərizənin məzmunundan gırünür ki, o, ərizədə iddia tələbini hər ay uşağa görə 175 manat aliment, 15 yaşına çatanadək əlavə xərclərə görə hər ay 50 manat sabit pul məbləğində aliment, uşağın sağlamlığı üçün çəkilən xərclərin əvəzi kimi 400 manatın ondan tutulması hissədə qəbul etmişdir. Odur ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası İddiaçı və Cavabdeh1 apelyasiya şikayətlərində sadaladığı dəlillərini işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6048/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6048/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10980/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10980/2021
14.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver