Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10995/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit sazişinin ləğv olunması və kredit öhdəliklərinin tam icra olunmuş hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3995/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit sazişinin ləğv olunması və kredit öhdəliklərinin tam icra olunmuş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında olan 31.05.2018-cı il tarixli RD/88904/63 saylı kredit sazişinin ləğv edilməsi və həmin saziş üzrə kredit öhdəliklərinin tam icra olunmuş hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli (Müştərilərə Kreditləsmə və Xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirən) Kredit Sazişinə əsasən, Bank ona illik 29.87 (iyirmi doqquz tam yüzdə səksən yeddi) və FİFD 30.36 (otuz tam yüzdə otuz altı) faiz dərəcəsi ilə 60 (altmış) ay müddətinə ödənilməsi şərti ilə 7811.08 manat məbləğində kredit vəsaiti vermişdir. Həmçinin İB-RD/33556/53/18 nömrəli (Müştərilərə Kreditləşmə və Xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirən) Saziş bağlanmışdır. 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli Kredit Sazişinin Əlavə N1 əsasən, aylıq ödənişlər 252.09 (iki yüz əlli iki, 09 qəpik) manat təşkil etmişdir. İddiaçı 29 mart 2018-ci il tarixinə kimi kredit ödənişlərini vaxtında etmiş, lakin sonradan ödənişlərində gecikmələr yaranmışdı. Kreditin aylıq ödənişlərinin gecikməsinə səbəb iş yerinin bağlanması və işsiz qalmağı olmuşdur. Kredit ödənişləri gecikmə etdiyinə görə mütəmadi olaraq ona və ailə üzvlərinə Bankın Problemli kreditlərlə iş şöbəsindən əməkdaşlarının zəngləri başladı, onu məhkəməyə verəcəklərini, ev əşyalarını götürəcəklərini və barəsində daha ciddi tədbirlərin görürməsini bildirmişlər. O isə Azərbaycan dilini pis bildiyinə görə hər dəfə çağırış zaman Banka gedirdi, əməkdaşlarla ödənişlərin azaldılmasını və vaxtının uzadılmasını xahiş edirdi. Nəhayət uzun söhbətlərdən sonra Bank ona zaminlik saxlanmaqla borcun yeni ödəniş qrafikin açılmasını təklif etmişdir. Hətta ödənişləri vaxtında və lazımi qaydada ödəyəcəyi təqdirdə müvafiq güzəştlərin olunacağını bildirmişlər. İddiaçı da razılaşmışdır. Beləliklə, Cavabdeh ASC ilə İddiaçı arasında tərtib edilmiş və imzalanmış 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazişinə əsasən, ona 8015.12 (səkkiz min on beş, 12 qəpik) manat məbləğinin illik 26.87 faiz dərəcəsi ilə 60 (altmış) ay müddətinə ödənilməsinə dair öhdəlik yaradılmışdır. Cavabdeh ASC ilə İddiaçı arasında 31.05.2018-ci il tarixli Müştərilərə kreditləşmə və Xidmət şərtləri bağlanmışdır. O 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazışinə əsasən aylıq ödənişlərini başlamış və 22 aprel 2021-ci il tarixinə kimi aya 245 manat məbləği ilə ödənişləri həyata keçirmişdir. Sonradan ona məlum olmuşdur ki, Bank onu aldatmış və 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli Kredit Sazişi üzrə ödənilməyən əsas kredit borcunu və hesablanmış faiz borcunu kapitallaşdıraraq yeni illik faiz dərəcəsi ilə ona ödətdirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3995/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli və 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazişinin məzmumundan göründüyü kimi bank illik faiz dərəcəsini 29,87-dən 26,87-yə salmaqla restrukturizasiya adı ilə əsas borcla yanaşı faiz borcuna da faiz hesablamaqla iddiaçını aldatmışdır. Yəni iddiaçı 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli Kredit Sazişi üzrə götürdüyü 7811,08 manata görə 31 may 2018- ci ilədək ödədiyi 8318,97 manatdan əlavə həmin kreditlərin restrukturizasiya olunmasından sonra 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazişinə əsasən 60 ay müddətinə, əsas və faiz borcu olaraq 14.633,42 manat (cəmi 22.952,39 manat) pul ödəməlidir. İddiaçının 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli Kredit Sazişi üzrə 33 aya 8318,97 manat, 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazişi üzrə 8544,2 manat (cəmi-16863,17 manat) pul ödəməsi nəzərə alınmamışdır. Ona görə də iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilsə də, məhkəmə tərəfindən vəsatət təmin ediməmiş və yalnız cavabdehin nümayəndəsinin mülahizəsinə əsaslanaraq iddianın təmin ediməməsi qənaətinə gəlmişdir. Yuxarıda qeyd edilənlər təsdiq edir ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun nəticəyə gəlməmişdir ki, bu da həm Mülki Məcəllənin həm də, Azərbaycan Respublikası MPM-nin tələblərinin pozulmasıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh ASC ilə İddiaçı arasında 31 avqust 2015-ci il tarixdə bağlanmış kredit sazişinə əsasən, bank iddiaçıya illik 29.87 faiz dərəcəsi ilə 60 (altmış) ay müddətinə ödənilməsi şərti ilə 7811.08 manat məbləğində kredit vəsaiti vermişdir. Cavabdeh ASC ilə İddiaçı arasında 31 may 2018-ci il tarixdə bağlanmış kredit sazişinə əsasən, bank iddiaçıya illik 26.87 faiz dərəcəsi ilə 60 (altmış) ay müddətinə ödənilməsi şərti ilə 8015.12 manat məbləğində kredit vəsaiti vermişdir. Kredit sazişinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı 8015.12 manat məbləğində krediti illik 60 ay müddətinə hər ay 244.12 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 31.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilmiş 31.05.2018-cı il tarixli sazişinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi, Cavabdeh ASC tərəfindən iddiaçıya kredit pul vəsaiti verilməsi və iddiaçının bank qarşısında kredit müqaviləsi əsasında öhdəliklər daşıması işin mübahisəsiz hallarına aiddir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqailə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Kollegiya qeyd edir ki, 31.05.2018-cı il tarixli saziş bağlanan zaman qanunericiliyin tələblərinin pozulması halı müəyyən edilmir. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçı bank qarşısında olan öhdəliklərinin tam icra etdiyini qeyd etsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri apellyatorun subyektin mülahizələrinə əsaslanır və formal xarakter daşıyır. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertiza barədə vəsatət yazılı şəkildə məhkəməyə təqdim edilməlidir. Həmçinin, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3995/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-10995/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10995/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver