Məhkəmə qərarları › İş №2(103)-110/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-110/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-110/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X6 Azərbaycan” QSC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “X6 Azərbaycan” QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və əmlakın açıq hərracda satılması” barədə ilkin, Cavabdeh1 “X6 Azərbaycan” QSC-nə qarşı “artıq ödənilmiş pulun qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-31/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsindən “X6 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı “X6 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada (birgə) 35 245,51 (otuz beş min iki yüz qırx beş manat 51 qəpik) manat əsas kredit borcunun, 8462,29 (səkkiz min dörd yüz altmış iki manat 29 qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 9945,91 (doqquz min doqquz yüz qırx beş manat 91 qəpik) manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 10,50 (on manat 50 qəpik) manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, dövlət büdcəsinə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun, ümumilikdə 53 694,21 (əlli üç min altı yüz doxsan dörd manat 21 qəpik) manat pulun xeyrinə tutulması (ödənilməsi), ipoteka (girov) qoyulmuş Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 48,61 kv.m, yaşayış sahəsi 29,01 kv.m., 19,6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 75 000 (yetmiş beş min manat) manat olmaqla açıq hərracdan satılması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri belə əsaslandırılmışdır ki, 14 aprel 2014-ci il tarixdə bankla Cavabdeh1 arasında 555 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə ona istehlak yönümlü 50 000 manat məbləğində pul ayrılmiş, o, 60 (altmış) ay müddətində kreditin əsas məbləği və illik 16 % faiz (on altı faiz) dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüş, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədilə Cavabdeh2 zamin durmuş, həmçinin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 48,61 kv.m, yaşayış sahəsi 29,01 kv.m., 19,6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmiş, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh1 isə “X6 Azərbaycan” QSCyə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankdan 17 784 manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, keçirilmiş ekspertizanın nəticələrindən onun Banka deyil, bankın ona borcunun olduğu aydın olmuşdur və artıq ödədiyi pul vəsaiti geri qaytarılmalıdır. Belə ki, əslində krediti götürərək pulu başqasına vermiş, sonradan həmin şəxslə tam əlaqə itirilmiş, gecikmələr yaranmasın deyə özü ödənişlər etmiş və işdən məlumatsız olduğuna görə belə artıq ödənişlər yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-31/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələblərinin rədd, qarşılıqlı iddianın isə təmin olunması, “X6 Azərbaycan” QSC-dən 17784 (on yeddi min yeddi yüz səksən dörd) manatın alınaraq Cavabdeh1 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın “X6 Azərbaycan” QSC-dən alınaraq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən “X6 Azərbaycan” QSC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin əsassız ekspert rəyinə istinad etməsi, ekspertin verdiyi rəylə iş materialları arasında ciddi fərqlərin olmasına, ekspertin yanlış hesablamalar aparmasına əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın “X6 Azərbaycan” QSC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1972/2020 saylı, 16 iyun 2020-ci il tarixli qərarı ilə “X6 Azərbaycan” QSC-nin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, 18.04.2014-cü il tarixində iddiaçı bank tərəfindən kredit müqaviləsində nəzərdə tutulmuş məbləğ Cavabdeh1 hesabına yatırılmışdır. İşin mübahisələndirilən halı isə Cavabdeh1 Ramiz oğluna kreditin verildiyi gün onun cari hesabına qoyulmuş 39.098 manat pul vəsaitinin kredit ödənişi kimi qəbul edilib-edilməməsidir. Lakin apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, 39098 manat pul vəsaiti cari hesaba daxil olduğu gün həmin gün də məxaric edilmişdir. Bundan əlavə 27 sentyabr 2019-cu il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş 3-cü sual üzrə cavablandırmada aşağıdakılar qeyd olunmuşdur: “... Bundan başqa bank tərəfindən təqdim edilən (səh.199-201) account statement sənədinə əsasən Cavabdeh1 Ramiz oğlu tərəfindən 21.04.2014-cü il tarixdə 39.098,00 manat məbləğində kredit ödənişi edilmiş və Cavabdeh1 Ramiz oğluna 18.04.2018-ci il tarixdə 39.098,00 manat məbləğində yeni vəsait verilmişdir.18.04.2018-ci il tarixdə 39.098,00 manat məbləğində yeni vəsaitin hansı səbəbdən verilməsi ilə bağlı iş materiallarında sənədlər (kredit müqaviləsi və s.) mövcud deyildir...”. Yəni həmin rəydə 18.04.2018-ci il tarixində 39.098,00 manat məbləğində pul vəsaitinin yenidən heç bir kredit müqaviləsi bağlanmadan cavabdeh tərəfindən götürüldüyü təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan əlavə hazırki mübahisə ilə bağlı Cavabdeh1 nümayəndəsi X5 oğlu tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətində qeyd etmişdir ki, cavabdehin hesablamasına görə onun “bugünə” banka cəmi 37.000 manat borcu qalmalı idi”. İşə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X6 Azərbaycan” QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə əlavə olaraq bildirdi ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmiş, bununla yanaşı təkrar apellyasiya baxışı zamanı cavabdeh banka müraciət edərək, kredit borcuna görə razılıq əldə etmək istəsə də, şərtlər qane etmədiyinə görə razılıq baş tutmamışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ilk iddia üzrə cavabdehlər, qarşılqılı iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına görə, bankla Cavabdeh1 arasında 14 aprel 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 50 000 manat kredit ayrılmış, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zamin qismində öz üzərinə məsuliyyət götürmüş, eyni zamanda o, bankla bağladığı 14.04.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında özünə məxsus ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 48,61 kv.m, yaşayış sahəsi 29,01 kv.m., 19,6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, kredit müqaviləsi əsasında 18.04.2014-cü il tarixdə 1 manat kredit reyestri üzrə, 320 manat sığorta komissiyası, 90 manat qiymətləndirmə komissiyası çıxılmaqla 49 589 manat Cavabdeh1 hesabına yatırılmış, həmin tarixdə 49 098 manat hesabdan nəğd qaydada çəkilmiş və nəğdləşdirmə əməliyyatı üçün 490,99 manat komissiya alınmış, eyni gün Cavabdeh1 hesabına 39 098 manat mədaxil, yenə eyni tarixdə (18.04.2014-cü il) hesabından 39 098 manatı məxaric etmiş, iddiaçı bank tərəfindən onun, 20.06.2018-ci il tarixinə 35 245,51 (otuz beş min iki yüz qırx beş manat 51 qəpik) manat əsas, 8462,29 (səkkiz min dörd yüz altmış iki manat 29 qəpik) manat faiz, 9945,91 (doqquz min doqquz yüz qırx beş manat 91 qəpik) manat cərimə borcunun olduğu hesablanmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin 16.05.2018-ci il tarixli rəyi ilə Cavabdeh1 15 may 2017-ci il tarixədək banka olan borcunun tam ödənildiyi və 17784,74 manat məbləğində artıq ödəməsinin olduğu müəyyənləşdirilmişdir. İddiaçı bankın apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq ilkin apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmuş, ekspertin verdiyi 27.09.2019-cu il tarixli təkrar rəydə də Cavabdeh1 “X6 Azərbaycan” QSC-yə 14.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödədiyi kredit məbləğlərinin hesab çıxarışına əsasən 28 431,61 manat, kassa mədaxil orderlərinə əsasən 67 530,40 manat, account statement sənədinə əsasən 67 529,60 manat olduğunun, 20 iyun 2018-ci il tarixinədək banka olan borcunun tam ödənildiyinin və 17 784,74 manat artıq ödəməsinin yarandığının müəyyənləşdirildiyi göstərilmişdir. Sonradan kasassiya instansiyasının qərarında şərh olunanları əsas götürməklə kollegiya iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspetiza Mərkəzinin verdiyi 17 mart 2021-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, bank tərəfindən təqdim edilmiş və iş materiallarında öz əksini tapmış hesabdan çıxarışlarda və “ACCOUNT STATEMENT” sənədlərində olan fərqliliklərə, mədaxil-məxaric orderlərindəki təyinatlara, sualda göstərilən 164-cü səhifədəki sənəd kassa məxaric orderi olduğundan bunlara məhkəmə tərəfindən qiymət verildikdən sonra verilmiş kredit üzrə silinmələr müəyyən edilə və borc məbləği hesablana bilər. Daha sonra 05 may 2021-ci il tarixli qərardadla mülki iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspetiza Mərkəzinin verdiyi 08 iyul 2021-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair kassa mədaxil orderləri, iş materiallarındaolan hesabdan çıxarış və 14.04.2014-cü il tarixli, 555 saylı kredit müqaviləinin şərtlərini əsas götürməklə 39.098 manat Cavabdeh1 20 iyun 2018-ci il tarixə “X6 Azərbaycan” QSC-nə olan borcu ümumilikdə 45.943 manat məbləğində müəyyən edilir, o cümlədən 20 iyun 2018-ci il tarixə əsas kredit borcu – 34.134.11 manat və faiz borcu 11.809,01 manat. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi əsasında 18.04.2014cü il tarixdə 1 manat kredit reyestri üzrə, 320 manat sığorta komissiyası, 90 manat qiymətləndirmə komissiyası çıxılmaqla 49 589 manat Cavabdeh1 hesabına yatırılmış, həmin tarixdə 49 098 manat hesabdan nəğd qaydada çəkilmiş və nəğdləşdirmə əməliyyatı üçün 490,99 manat komissiya alınmış, eyni gün Cavabdeh1 hesabına 39 098 manat mədaxil, yenə eyni tarixdə (18.04.2014-cü il) hesabından 39 098 manatı məxaric edilmişdir ki, həmin məbləğdə pul vəsaiti yenidən heç bir kredit müqaviləsi bağlanmadan cavabdeh tərəfindən geri çəkilmiş, kollegiyanın qənaətinə görə aparılmış əməliyyatlar bankdan kreditə götürülmüş eyni vəsaitin üzərində qurulmuşdur. Birinci instansiya məhkəməsi eləcə də əvvəlki apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəylərində isə Cavabdeh1 15 may 2017-ci il tarixədək banka olan borcunun tam ödənildiyi və 17784,74 manat məbləğində artıq ödəməsinin olduğu müəyyənləşdirilsə də təkrar apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında Cavabdeh1 18.04.2014-cü il tarixdə (iş səh 164) cari hesabına qoyulan (ödənən) 39 098 manat pul vəsaiti nəzərə alınmadan “X6 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında 14 aprel 2014-cü il tarixdə bağlanmış 555 saylı kredit müqaviləsi üzrə 20.06.2018-ci il tarixə əsas və faiz borcu nə qədər məbləğ təşkil etməsinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. Təqdim edilmiş rəylə Cavabdeh1 20 iyun 2018-ci il tarixə “X6 Azərbaycan” QSC-yə əsas kredit borcunun 34.134.11 manat, faiz borcunun 11.809,01 manat ümumilikdə isə borcun 45.943 manat məbləğində olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən “X6 Azərbaycan” QSC-yə hər hansı artıq ödənişindən söhbət gedə bilməz, əksinə Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında həyata keçirməmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, hazırki mübahisə ilə bağlı Cavabdeh1 nümayəndəsi X5 oğlu tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətində qeyd etmişdir ki, “cavabdehin hesablamasına görə onun “bugünə” banka cəmi 37.000 manat borcu qalmalı idi”. İş üzrə ekspert rəyi məhkəməyə daxil olduqdan sonra artıq ödəmənin geri qaytarılması barədə cavabdeh qarşılıqlı iddia verməklə bankın hesabına varlanmaq niyyətində olmuşdur. Belə ki, cavabdeh banka xeyli məbləğdə borclu qaldığını bilirdi, məhz yuxarıda qeyd edilən “çaşdırıcı əməliyytaların (yəni kredit məbləğinin bir neçə dəfə məxaric və mədaxil edilməsi)” nəticəsi olaraq kredit vəsaitinin ekspert tərəfindən artıq ödəmə kimi qeyd edilməsini bildikdən sonra hazırki iddianı qaldırmaqda haqsız olmuşdur. Bununla da ilkin iddia tələbinin mahiyyəti üzrə əsaslı, qarşılqlı iddianın isə əsassız olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 20 iyun 2018-ci il tarixə əsasən Cavabdeh1 “X6 Azərbaycan” QSC-nin xeyrinə əsas kredit borcu – 34.134.11 manat və 11.809,01 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə kollegiyası dəbbə pulunun tutulması ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini, cəriməni öhdəliyin icrasının təmini üsulu olmasını, həmçinin cavabdehin Bank qarşısında icra edilməmiş öhdəliyinin həcmini nəzərə alaraq hesab edir ki, dəbbə pulunu tələb olunan əsas borca mütənasib olaraq azaldılmaqla 2000 manat müəyyən edilməlidir. Həmçinin 10,50 (on manat 50 qəpik) manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, dövlət büdcəsinə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu da Cavabdeh1 “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddianın “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsinə dair aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə isə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından göründüyü kimi kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bankla bağladığı 14.04.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında özünə məxsus ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 48,61 kv.m, yaşayış sahəsi 29,01 kv.m., 19,6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur və iddia tələbi həmin hissədə təmin edilməklə tutma ipoteka predmetinə yönəldilməli və ünvan 1 ünvanında 4cü mərtəbədə yerləşən, ümumi sahəsi 48,61 kv.m, yaşayış sahəsi 29,01 kv.m., 19,6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzil hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 mənzildən çıxarılmaqla mənzil boşaldılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən müəyyən olunan ipoteka predmetinin likvid dəyəri olan 78000 manat əsas götürülməlidir. Belə ki, təkrar apellyasiya baxışı zamanı ipoteka müqaviləsinin bağlanmasından uzun müddət keçdiyindən və bu müddət ərzində ipoteka predmetinin dəyərində dəyişiklik olması istisna edilmədiyindən ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 48,61 kv.m, yaşayış sahəsi 29,01 kv.m., 19,6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilinin hazırki dövrə likvid qiyməti nin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 48,61 kv.m, yaşayış sahəsi 29,01 kv.m., 19,6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilin likvid dəyərinin 78000 manat olması müəyyən edilmişdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı 20.07.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İş materiallarından həmçinin görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zamin qismində öz üzərinə məsuliyyət götürdüyündən kredit borcu hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması hissəsi də təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olmuşdur. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış halları ilə Cavabdeh1 tərəfindən hər hansı artıq ödəniş etməsi müəyyən edilməmişdir əksinə yuxarıda qeyd edildiyi kimi Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında həyata keçirməməklə müqavilənin eləcə dəmülki qanunvericiliyin tələblərini pozmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə səhv nəticəyə gəldiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri – birinci instansiya məhkəməsi eləcə də apellyasiya baxışı zamanı həyata keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X6 Azərbaycan” QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-31/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X6 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və əmlakın açıq hərracda satılması” barədə ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14 aprel 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə əsas borca görə 34134,11 manat (otuz dörd min yüz otuz dörd manat, on bir qəpik), faiz borcuna görə 8462,79 manat (səkkiz min dörd yüz altımış iki manat, yetmiş doqquz qəpik) dəbbə pulu 2000 (iki min) manat, ümumilikdə 44596,4 (qırx dörd min beş yüz doxsan altı manat qırx qəpik) manat, 10,50 (on manat əlli qəpik) manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, dövlət büdcəsinə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinə görə 590 (beş yüz doxsan manat) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 300 (üz yüz manat) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 48,61 kv.m, yaşayış sahəsi 29,01 kv.m., 19,6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzili ilkin satış qiyməti 78000 (yetmiş səkiz min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən 44596,4 (qırx dörd min beş yüz doxsan altı manat qırx qəpik) manat, 10,50 (on manat əlli qəpik) manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, dövlət büdcəsinə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun “X6 Azərbaycan” QSC-nin hesabına, 590 (beş yüz doxsan manat) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və 300 (üz yüz manat) manat "xxxx" MMC-nin hesabına keçirilsin. ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 48,61 kv.m, yaşayış sahəsi 29,01 kv.m., 19,6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzil hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 mənzildən çıxarılmaqla mənzil boşaldılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulsun. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh “X6 Azərbaycan” QSC-nə qarşı “artıq ödənilmiş pulun qaytarılması” barədə qarşılıqlı iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar