Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1100/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3443/2021 saylı işi üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "Bakı Şərab-1”ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ATSC-nin xeyrinə 10730,60 manat məbləğində pulun tutulması barədə iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3443/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh 28 dekabr 2016-cı ildə "Bakı Şərab 1” ATSC-nin təchizat və salış şöbəsinin sürücüekspeditor vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Cavabdeh "Bakı Şərab-1” Açıq Səhmdar Cəmiyyətində təhcizat və satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işlədiyi dövrdə cavabdehlə xx.xx.2016- cı il tarixli, 22 saylı və xx.xx.2017-ci il tarixli, 22 saylı tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İddiaçı təqdim etdiyi sənədlərə əsaslanaraq Cavabdeh 10730,60 manat borcunun olmasını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir.
2. İşin mübahisə edilməyən halları ondan ibarətrdir ki: tam maddi məsuliyyətin daşınması barədə 28 dekabr 2016- cı il tarixli və 25 dekabr 2017-ci il tarixli 22 saylı müqavilələr ilə, Cavabdeh "Bakı Şərab-1” Açıq Səhmdar Cəmiyyətində təhcizat və satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işlədiyi dövrdə məhsul və satışdan əldə etdiyi pulların qorunub saxlanılmasına cavabdeh olmuş və tam maddi məsuliyyət daşımışdır;- 12 aprel 2021-ci il və 22 aprel 2021-ci il tarixli pretenziya məktubu ilə, Bakı Şərab-1”ASC Cavabdeh xx.xx.2021-ci il tarixinə onun 10730.60 borcu olduğunu bildirmiş,borcun 10 gün ərzində onlarla əlaqə saxlanılması və cəmiyyətin inzibati binasına yaxınlaşması xahiş edilmişdir (iş.səh.9,10,29, 32 )
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iş üzrə iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şikayətdə qeyd edilmişdir ki, işdə olan, eləcə də hazırkı apelJyasiya şikayətinə əlavə edilən təhvil alındığı cavabdehin imzası ilə müəyyən edilən qaimə-fakturalardan görünür ki, cavabdehə satış məqsədi ilə ümumilikdə 60130.60 manat dəyərində alkoqollu içkilər təhvil verilmiş və cavabdehin hazırkı vaxta müəssisəyə 10730,60 manat məbləğində borcu qaldığı göstərilmişdir. Cavabdeh məhkəməyə verdiyi izahatında iddiaya etirazının əsası kimi heç bir hüquqi əsas olmadan göstərmişdir ki, guya o, işdən azad edilərkən təhvil təslim aktı tərtib edilmiş və guya bu akt müəssisədə saxlanılmaqla ona təqdim olunmamışdır. Cavabdeh müəssisəyə 10730.60 manat borclu olduğundan və bu borcunu ödəməkdən yayındığından onunla hər hansı təhvil təslimin aparılması mümkün olmamış və bu səbəbdən də heç bir akt tərtib edilməmişdir Nəzərə alınmalıdır ki, cavabdeh iddiaya etirazının əsası kimi iddia etdiyimiz borcunun olmadığını göstərdiyindən, iddiaya etirazının əsası kimi istinad etdiyi halı sübut etməlidir İşə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəyə istinad etdiyi prosessual hüquq normalarını tətbiq edərkən kobud səhvə yol vermiş və Məcəllənin 80-ci, 81-ci, 88-ci və 217-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. İş materiallarından mübahisəsiz qaydada görünür ki, tərəfimizdən irəli sürdüyümüz iddia tələbini əsaslandırdığımıza və iddia tələbimizin əsaslandığı hallar işdə olan sübutlara, eləcə də digər sübutlarla təsdiq olunmasına, cavabdehin iddiaya etirazının isə işdə olan sübutlarla təsdiq edilməməklə yanaşı, onun iddiaya etirazlarının əsaslarının məhkəmədə təsdiq edilməməsinə baxmayaraq, işə baxan birinci instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 80-ci, 81-ci, 88-ci və 217-ci maddələrinin tələblərini kobud şəkildə pozmuş, özünün formal və subyektiv mülahizələrinə istinad etməklə, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir məhkəmə cavabdehin 10730,60 manat məbləğində borclu qalmasına dair işin faktiki hallarını araşdırmamışdır. Cavabdehin iddiaya etirazının əsaslarını olmadığını nəzərə almamışdır. Məhkəmə hazırkı iş üzrə prosessual normaların tələblərini pozmaqla yanaşı mühüm əhəmiyyəti olan bütün faktiki halları, xüsusən işin qrafası hallarında cavabdehin imzası ilə təsdiq edilmiş qaimə fakturaları nəzərə almamışdır.Cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi hal, yəni 10.730,60 manat məbləğində borcunun olmadığını və onun borcunun qalmadığına dair aktın tərtib edildiyini sübut etməli olmuşdur. Lakin o, bu halları sübuta yetirə bilməmişdir Məhkəmə cavabdehin iddiaya etirazının əsasları kimi istinad etdiyi halların sübut olunmadığına əhəmiyyət verməmiş, iddianın əsası kimi istinad etdiyimiz halların sübut etdiyimizi nəzərə almamışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, iş materiallarında olan qaimələr və kassa mədaxil orderlərinə əsasən Cavabdeh "xxxx" ASC-də işlədiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrün xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü üzrə Cavabdeh "xxxx" ASC-yə olan borcu 10730,60 manat məbləğində müəyyən edilir.Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, "xxxx" ASC-də həm məsul şəxs olduğunu, həm də avtomobillər vasitəsilə malların daşınmasını həyata keçirdiyini, malların təhvili zamanı hər zaman təhvil-təslim aktının imzalanmadığını, bəzi malların akt olmadan təhvil verildiyini bildirmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması (xahiş edildiyindən) mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri:
8. (Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011ci il tarixli Qərarına əsasən) apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 324, 385-389, 421-441, 560; Mülki Prosessual Məcəlləsinin 77, 81-82, 88, 372, 385 - 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Mülki Məcəllənin 441.1- 441.4-cü maddələrinə əsasən: - Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; - Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; - Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.
Mülki Məcəllənin müddəalarına görə :
10. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
11. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
12. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
13. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
14. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
15. 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir:
16. 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə;
17. 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə;
18. 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə.
19. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır.
20. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin.
21. 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. 22.850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
23. 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
24. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.
25. 852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir.
26. 852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.
27. 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir:
28. 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə;
29. 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması;
30. 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi;
31. 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər;
32. 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ;
33. 854.1.6. daşıyıcının yükə girov hüququ.
34. 854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir.
35. 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.
36. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
37. Diqqətə çatdırılmalıdır ki, iş üzrə maddi məsuliyyəti müəyyən edən sazişlərin və mal dövriyyəsi münasibətləri mübahisələndirilməmiş, habelə ixtisaslı mütəxəssisin tərtib etdiyi ekspert rəyinə (apellyasiya şikayətinə) etiraz təqdim edilməmişdir. 38.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin, qətnamə ləğv və məhkəmə mühasibatlıq sənədləri üzrə aparılmış ekspert rəyini istisna edən hallar müəyyən edilmədiyindən iddia təmin edilməlklə iş üzrə yeni qətnamə qəbul edilməli, tələb olmadığından məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərin özlərinə aid edilməli, ekspertiza üzrə məhkəmə xərci cavabdehdən tutulmalıdır. 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3443/2021 saylı işi üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "Bakı Şərab-1”ASC iddiası təmin edilsin. Cavabdeh 10730,60 manat (on min yeddi yüz otuz manat altmış qəpik) məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.