Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1100/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (“X5” MMC maraqlarına toxunan şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (“məhdudiyyətlərin aradan qaldırılması”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “X5” MMC maraqlarına toxunan şəxs qismində cəlb edilməklə “məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4023/2023 saylı işi üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Yasamal rayonu, Tbilisi prospekti, "Grand Hayat” yaşayış kompleksi, bina 2-də yerləşən 107-ci mənzilə getməsi üçün binaya giriş və liftdən istifadə ilə bağlı cavabdeh tərəfindən qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına (lift kartının verilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4023/2023 saylı işi üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Yasamal rayonu, Tbilisi prospekti, "Grand Hayat” yaşayış kompleksi, bina 2-də yerləşən 107-ci mənzildən istifadəsinə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qoyulan məhdudiyyətlərin aradan qaldırılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5, 135, 137; Mülki Məcəlləsinin 157, 157; Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş etirazdan görünür ki, iddiaçı tərəfindən yaşayış sahəsindən və kommunal xidmətlərdən istifadəyə görə haqqın ödənilməməsi səbəbindən iddiaçının binaya girişinə və liftdən istifadəsinə məhdudiyyətlər qoyulmuşdur. Halbuki yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən mənzil mülkiyyətçisinin və istifadəçisinin istifadə etdiyi yaşayış sahəsinə görə və faktiki istifadə etdiyi kommunal xidmətlərə görə xidmət haqqlarının ödənilməsi vəzifəsi olduğu nəzərdə tutulmuş, lakin bu vəzifənin yerinə yetirilməməsinin onun mülkiyyətindən maneəsiz istifadəsinə məhdudiyyətlər qoyulmasına əsas olması və ixtisaslaşmış istehlak kooperativlərinin belə bir hüququnun olması nəzərdə tutulmamışdır. İxtisaslaşmış istehlak kooperativinin göstərdiyi xidmətlərin əvəzi könüllü ödənilmədiyi halda həmin xidmətlərin əvəzinin məhkəmə qaydasında tutulması barədə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilərək İddiaçı Yasamal rayonu, Tbilisi prospekti, "Grand Hayat” yaşayış kompleksi, bina 2-də yerləşən 107-ci mənzildən istifadəsinə cavabdeh "Bakı təmizlik mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir : - xx.xx.2021-ci il tarixli "Grand Hayat” MTK (icraçı), X2 (əvvəlki sifarişçi), İddiaçı (yeni sifarişçi) arasında bağlanmış sazişə əsasən tərəflər qəbul etmişdir ki, "icraçı” ilə "əvvəlki sifarişçi” arasında bağlanmış (Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə, blok 2, mərtəbə l7-də yerləşən ümumi sahəsi İ78,50 kv.m. olan 107 saylı mənzilə dair) xx.xx.2014-cü il tarixli № A 02 / 125 saylı müqavilə üzrə "əvvəlki sifarişçi”-nin sahib olduğu bütün hüquq və öhdəlikləri bu saziş qüvvəyə mindiyi andan - "yeni sifarişçi”-yə keçir." - Grand Hayat” MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən "Grand Hayat” MTK-nın Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok , 17-ci mərtəbəsində ümumi sahəsi 178,50 kv.m., istifadə üçün yararlı sahəsi 157,59 kv.m. olan 4 otaqlı, 107 saylı mənzil İddiaçı məxsusdur və onun "Grand Hayat” MTK-ya borcu yoxdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4023/2023 nömrəli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2.3, 137.10; Mülki Prosessual Məcəlləsinin 77, 88. 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Tbilisi prospekti, "xxxx" yaşayış kompeksi, bina 2-də yerləşən 107-ci mənzil xx.xx.2021-ci il tarixdə Vidadi Həsənov tərəfindən Saziş əsasında İddiaçı satılmış və həmin sazişə əsasən bütün hüquq və öhdəliklər İddiaçı ötürülmüşdür. Həmin öhdəliklərindən biri də, kommunal ödənişlərlə bağlı öhdəlikdir. İddiaçı mənzili aldığı şəxslə arasında bağlanmış Sazişin 4-cü bəndində qeyd edilmişdir ki, "Bu saziş hüquqi qüvvəyə minəndən sonra müqavilə ilə tənzimlənmiş bütün münasibətlər üzrə mövcud hüquq və öhdəliklər, o cümlədən müqavilədən irəli gələn digər məsələlər (heç bir hissəyə ayrılmadan və ya əlavə izahat verilmədən) bu sazişi imzalayan "Yeni Sifarişçi" ilə "İcraçı"arasında yaranmış hesab olunacaq". İddiaçı "xxxx"MMC tərəfindən bir neçə dəfə mail ünvanına və faktiki yaşadığı ünvana məktub göndərilərək bildirilmişdir ki, kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi yaranmışdır. Lakin, qarşı tərəfdən heç bir reaksiya verilmədiyinə görə ona binaya girişlə və liftdən istifadə ilə bağlı məhdudiyyətlər qoyulmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu faktlara düzgün qiymət verməmişdir. Odur ki, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Qanunun tələbindən də, göründüyü kimi mülkiyyətçi həmin mənzildən isitfadə etməsə və ya yaşamasa belə komunnal xərcləri vaxtlı-vaxtında ödəməlidir. Lakin, İddiaçı həmin mənzildən istifadə edir. Amma buna baxmayaraq heç bir kommunal ödəniş etmir. Odur ki, iş materiallarında yer almış və tərəflərindən təqdim olunan sübutlar iddia tələbinin əsassız olmasını təsdiq etdiyi halda 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia tələbini təmin etmişdir. İddia tələbi tamamilə əsassız olduğu və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirdikləri halda 1-ci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan təmin etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayəti ilə eyniməzmunlu izahat verməklə şikayətlərini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, sazişin 4-cü bəndi ilə qeyd edilən tərəflərin bir-biri qarşısında öhdəlik götürdüyünü, MMC-nin sazişdə tərəf olmadığını qeyd etmiş, bundan əlavə məktubla kommunal xidmətlərin ödənilməsinin istənilməsini qanuni hesab etmədiklərini, kommunal xidmətlərə görə tərəflər arasında müqavilə olmalı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, iş materiallarından da görünür ki, iddiaçının 73 yaşı var, o , əmlakın mülkiyyətçisi deyil, ayda bir dəfə gedib mənzilə baş çəkir, mənzil 11-ci mərtəbədə yerləşir, onun liftdən istifadəsinin məhdudlaşdırılması Mənzil Məcəlləsinin 5-ci maddəsinə ziddir, kommunal xidmət haqqı ödənilmirsə qarşı tərəfin bunu məhkəmə qaydasında tələb etmək hüququ vardır. Kommunal xidmət haqqının yarısını ödəmək barədə cavabdeh tərəfə etdikləri təklifin sonuncu tərəfindən qəbul edilmədiyini bildirməklə, iddia tələblərini qanunvericiliyə müvafiq olaraq əsaslı hesab etdiklərini, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya qətnaməsinin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən maraqlarına toxunan şəxs “X5” MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
10. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 2.2. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 5.2. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq: 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 235.1. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: 235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; 235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; 235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. 235.2. əgər birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları, qurğular mülkiyyətin ayrı-ayrı tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə xidmət edirsə, bunu xərclərin bölgüsündə nəzərə almaq lazımdır. 235.3. Yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi xərclər üçün haqları üç il ərzində ödəmədikdə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı: 235.3.1. yaşayış binasının tərkib hissələrinə mülkiyyətdə onun payı üçün ipotekanı qeydə aldırmaq hüququna malikdir. İpotekanın qeydə alınmasını idarəçi və ya əgər o təyin edilməyibsə, əksəriyyətin qərarı ilə və ya məhkəmə tərəfindən vəkil edilmiş yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən hər hansı biri və ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb edə bilər; 235.3.2. yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında olan və onların avadanlıqla təchiz edilməsi və istifadəsi üçün nəzərdə tutulan daşınar əşyaları girov qoymaq hüququna malikdir.
12. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Mülki Məcəllənin 152-158; Mənzil Məcəlləsinin 135-140, 141-145; Mülki Prosesual Məcəlləsinin 14, 76, 77, 80-88, 119, 216-218, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin təməli idarəedicinin səlahiyyətlərinə və onun fəaliyyətindən irəli gələn narazılıqla bağlıdır ki, bununla əlaqədar tələb mövcud deyildir. Apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən qətnamə ilə müəyyən edilən halları təkzib edən sübutlar müzakirəyə təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, cavabdehin apellyasiya şikayəti üzrə dəlilləri iddiaçıya qarşı tələbin sürülməsi üçün əsas olsa da, ona məxsus əmlak hüquqlarından məhrum edilməsinə və ya məhdudlaşdırılmasına yönəlik iddianın rədd edilməsinə əsas ola bilməz.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
14. Apellyasiya şikayəti əsasız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.
15. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4023/2023 saylı işi üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.