Məhkəmə qərarları › İş №2(103)-1101/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1101/2025

28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1101/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı ASC-nin buna səlahiyyətli olan nümayəndəsi ASC-nin adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, sığorta ödənişi məbləğinin ödənilməsi məqsədi ilə 1.395,60 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,96 manat məbləğində pul vəsaitinin cavabdehdən ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Sığorta müqaviləsinə” əsasən cavabdeh özünə məxsus “Kia Optima” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili sığorta etdirmiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Bu barədə PAA********** saylı “Sığorta şəhadətnaməsi” verilmişdir. Sığorta müddəti xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. Sığorta müddətində, yəni xx.xx.2019-cu il tarixdə cavabdeh həmin avtomobili idarə edərkən Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil X2 məxsus olan “Kia Sportage” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə Rəna Qasımovaya məxsus avtomobil zədələnmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün ASC tərəfindən Rəna Qasımovaya 1.395,60 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, aparılmış araşdırmanın nəticəsi ilə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirlidir və o, hadisəni törətdikdən sonra hadisə yerindən yayınmışdır. Nəticədə cavabdeh qeyd edilən hadisə və hadisə yerindən yayınmağı ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Bunları nəzərə almış ASC tərəfindən cavabdehin ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/1002 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilmiş, lakin cavabdeh tələb olunan pulu ASC-yə ödəməmişdir. Bu səbəbdən də, ASC, hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddianın məhkəməyə verilməsi üçün 33,96 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı və iddiaçının iddiaya qarşı verilmiş etiraza dair münasibəti barədə məlumat

3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçı ASC qarşısında öhdəliyi reliktdən deyil, müqavilədən əmələ gəlir. Yəni yekunda iddiaçı ASC-nin subroqasiya hüququnun yaranmasının kökündə müqavilə durur. İddiaçı delikt nəticəsində zərərçəkən tərəf deyil, müqavilə əsasında subroqasiya hüququnu əldə edən tərəfdir. Bununla da məlum olur ki, ASC-nin tələb hüququ cavabdeh ilə bağlamış “Sığorta müqaviləsi” əsasında yaranıb. Bu kimi tələb üzrə iddia müddəti 3 il təşkil edir. Avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortası şirkətdə 1 il müddətinə sığortalanıb. Bununla da iddiaçı 1 il ərzində qeyd olunmuş nəqliyyat vasitəsinin istismarı nəticəsində üçüncü şəxslərin əmlakına maksimum 5.000 manat məbləğində dəymiş zərər üzrə sığorta ödənişinin ödənilməsi ilə bağlı öhdəlik götürüb. Sığortalanmış nəqliyyat vasitəsini kimin idarə etməsindən asılı olmayaraq onun istismarı nəticəsində üçüncü şəxslərin əmlakına zərər dəyməsi halında avtomatik olaraq sığorta ödənişinin həyata keçirilməsi sığorta müqaviləsi əsasında nəzərdə tutulub. Odur ki, cavabdehin verdiyi “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsi təmin edilməli və iddia tələbi rədd edilməlidir.

4. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə əsassızdır. Çünki, ASC, cavabdehin ona qarşı etdiyi deliktdən yaranan ziyanın ödənilməsi ilə bağlı subroqasiya qaydasında pul tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də mövqeyi vardır, iddia müddəti hazırkı mübahisəyə münasibətdə 10 ildir. Odur ki, cavabdehin verdiyi “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsi təmin edilməməli və iddiaçı ASC-nin iddia tələbi təmin edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 1.295 manat sığorta ödənişi məbləğinin və iddianın məhkəməyə verilmiş dövlət rüsumunun bir hissəsinin əvəzinin ödənilməsi məqsədi ilə 27,96 manat məbləğində pulun cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmasını, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertizası tədqiqatının xərci olan 50 manat məbləğində pulun 5 manat hissəsinin ASC-dən, qalan 45 manat hissəsinin isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ASC tərəfindən sığortalanmış cavabdeh, özünə məxsus avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil Rəna Qasımovaya məxsus olan avtomobil ilə toqquşmuş, nəticədə Rəna Qasımovaya məxsus avtomobil zədələnmiş, cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə sığorta müddətində baş verdiyindən sığortaçı olan ASC Rəna Qasımovaya dəymiş 1.395,60 manat məbləğində zərərin əvəzini ödəmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhər BPİ DYPİ tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş vermişdir və cavabdeh, hadisə yerindən yayınmışdır. Cavabdeh, törətdiyi əməllər ilə bağlı Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdehin təqsiri təsdiq edildiyindən iddiaçı ASC, onun tərəfindən zərərçəkmiş şəxsə ödədiyi sığorta məbləğinin subroqasiya qaydasında cavabdehdən tutulmasını “İcbari sığortalar haqqında” Qanununun 63.1-ci maddəsinə əsasən tələb etməkdə haqlıdır. Lakin ASC-nin cavabdehdən onun xeyrinə tutulmasını tələb etdiyi məbləğ (1.395,60 manat) qismən real hesab edilməlidir, çünki Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi rəydən görünür ki, zərərçəkmiş şəxsə məxsus avtomobilin zədələnməsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərər 1.395,60 manat deyil, 1.295 manat məbləğindədir. Buna görə də, cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında yalnız 1.295 manat məbləğində pul tutula bilər. Cavabdeh “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə ilə bağlı qeyd edilməlidir ki, ərizənin dəlilləri əsassızdır. Çünki iddia ərizəsində qeyd olunan zərər delikt öhdəliyindən yaranan zərərdir və sözügedən mübahisələr üzrə iddia müddəti 10 il təşkil edir, belə olan halda, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi üçün əsaslar yoxdur. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına, “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizənin dəlillərinə səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat.

9. İşə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.

10. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

11. İddiaçı ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Sığorta müqaviləsinə” əsasən cavabdeh özünə məxsus avtomobili sığorta etdirmiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Bununla bağlı ASC tərəfindən cavabdehə PAA********** saylı “Sığorta şəhadətnaməsi” verilmişdir. Sığorta müddəti xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. Sığorta müddətində, yəni xx.xx.2019-cu il tarixdə cavabdeh özünə məxsus avtomobili idarə edərkən Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil (hazırkı iş üzrə tərəf olmayan) Rəna Qasımovaya məxsus olan avtomobil ilə toqquşmuş, nəticədə Rəna Qasımovaya məxsus avtomobil zədələnmişdir. Rəna Qasımovaya məxsus avtomobilə “Kia Motors” Avtomobillərin təmiri şirkətinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 1.395,60 manat vəsait tələb olunur. Sığortalı şəxs – cavabdeh tərəfindən Rəna Qasımovaya vurulmuş zərərin ödənilməsi məqsədi ilə həmin məbləğ iddiaçı ASC tərəfindən Rəna Qasımovaya ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhər BPİ DYPİ tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş vermişdir və cavabdeh, hadisə yerindən yayınmışdır. Cavabdeh, törətdiyi əməllər ilə bağlı Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir.

14. İddiaçı ASC hesab edir ki, cavabdehin yol-nəqliyyat hadisəsi yerindən yayınması təsdiq edildiyindən onun (ASC) tərəfindən zərərçəkmiş şəxsə ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında cavabdehdən sını “İcbari sığortalar haqqında” Qanununun 63.1-ci maddəsinə əsasən tutulmalıdr (daha ətraflı məlumat üçün bax: hazırkı qətnamənin 2-ci bəndinə).

15. İddiaçı ASC xx.xx.2023-cü il tarixdə cavabdehə “geriyə tələb (subroqasiya)” məktubu göndərilmiş, lakin cavabdeh tələb olunan pulu ASC-yə ödəməmişdir.

16. Cavabdeh hesab edir ki, iddiaçı ASC iddia müddətini ötürdüyü üçün iddia rədd edilməlidir (daha ətraflı məlumat üçün bax: hazırkı qətnamənin 3-cü bəndinə).

17. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (maddə 936.5.). Mülki hüququ pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.). Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır (maddə 1114.1.).

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

19. Qeyd edilənlərə əsasən, Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı ASC dəymiş ziyana görə edilmiş sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır. Çünki cavabdehin hadisə yerindən yayınması işin mübahisəsiz halıdır.

20. “İddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” cavabdehin ərizəsinə gəldikdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin tələblərinə görə, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir (maddə 376). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2.). Ümumi iddia müddəti 10 il təşkil edir (maddə 377.2.).

21. ASC-nin iddia ərizəsindən (iddia ərizəsi Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur) görünür ki, ASC, ödənilməsini cavabdehdən tələb etdiyi zərər cavabdehin törətdiyi deliktin nəticəsində yaranmış və sözügedən tələb üzrə iddia müddəti 10 il təşkil edir. Bu baxımdan qəbul edilməlidir ki, iddia müddətinin tətbiq edilməsi səbəbindən iddia tələbinin rədd edilməsi üçün əsaslar yoxdur.

22. İddiaçı ASC “Kia Motors” Avtomobillərin təmiri şirkətinin mütəxəssisləri tərəfindən verilmiş “Qüsur aktına” və onun tərəfindən həmin “Qüsur aktı” əsasında 1.395,60 manat pul vəsaitinin Rəna Qasımovaya ödənilməsinə əsaslanaraq həmin məbləğin subroqasiya qaydasında cavabdehdən tutulmasını xahiş etmişdir.

23. Rayon Məhkəməsi həmin məbləğin real olub-olmamasını araşdırmaq məqsədi ilə cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertiza tədqiqatının həyata keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

24. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi 9/5961 saylı, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş və Rəna Qasımovaya məxsus avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 1.295 manat pul vəsaiti tələb olunur.

25. İşə baxmış Rayon Məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi rəyi nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçı ASC-nin xeyrinə subroqasiya qaydasında yalnız 1.295 manat məbləğində pul tutula bilər.

26. Cavabdeh apellyasiya şikayətində tutulmalı olan məbləği mübahisələndirməmiş, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir.

27. Məhkəmə həmin rəyin şübhə altına ala biləcək sübutların (məsələn: avtomobillərin təmiri sahəsində təcrübəsi olan fiziki və ya hüquqi şəxs tərəfindən verilmiş “Qüsur aktının” və s.) və halların olmadığını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslıdır. f) apellyasiya baxışının nəticəsi

28. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

32. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar