Məhkəmə qərarları › İş №2(103)-11011/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11011/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11011/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(008)-3612/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 25.02.2020-ci il tarixli, Baku2-32605-422 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 25.02.2020-ci il tarixli Baku2-32605-422 saylı razılaşmanın ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 25.02.2020-ci il tarixli, BAKU2-32605-422 saylı kredit müqaviləsi üzrə 15000 manat əsas, 2498,21 manat faiz, 550 manat cərimə borcu olmaqla, cəmi 18048,23 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə arasında imzalanmış 25.02.2020-ci il tarixli kredit müqaviləsinə və onun tərkib hissəsi olan həmin tarixli razılaşmaya əsasən, ikinciyə 20% faizlə 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə həmin tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. Borclu kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuş, 01.04.2021-ci il tarixədək verilmiş kredit üzrə 15000 manat əsas, 2498,23 manat cari faiz, 550 manat dəbbə borcu olmaqla, cəmi 18048,23 manat borcu yaranmış və ödənilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(008)- 3612/2021 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 25.02.2020-ci il tarixli, Baku2-32605-422 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 25.02.2020-ci il tarixli, Baku2-32605-422 saylı razılaşmanın ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 15000 manat əsas, 2498,23 manat faiz, 100 manat cərimə olmaqla, cəmi 17598,23 manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh1 qeyd edilən qətnamədən apellyasiya şikayəti (həmçinin apellyasiya şikayətinə əlavə) verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kredit borcunun düzgün hesablanmaması, ekspertiza təyin olunmalı olması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Cavabdeh apellyasiya şikayətində borcun artıq hesablanmasını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh gecikdirmələrlə cəmi 800 manat pul ödəmişdir ki, həmin pul vəsaiti də faizlərə silinmişdir. Cavabdeh aylıq ödənişləri həyata keçirməmiş, bu səbəbdən də faizlərin məbləği artmışdır. Əgər cavabdeh ödəniş qrafikinə uyğun olaraq ödənişləri etsə idi, o zaman qrafikə uyğun faizlər mövcud olardı. Cavabdehin məqsədi işi süni yolla uzatmaqdan ibarətdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 25 fevral 2020-ci il tarixli, BAKU2-32605-422 saylı kredit xətti müqaviləsindən görünür ki, sonuncuya 24 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmış və 25 fevral 2020-ci il tarixl, BAKU2-32605-422 saylı razılaşmaya əsasən 15000 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" MMC ilə Cavabdeh2 ilə arasında bağlanmış 25 fevral 2020-ci il tarixli, BAKU2-32605-422+BAKU2-32608 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun 25 fevral 2020-ci il tarixli, BAKU2-32605-422 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 bank qarşısında borclu ilə birlikdə tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan 01 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə banka olan borc - 15000 manat əsas, 2498,21 manat faiz, 550 manat cərimə borcu olmaqla, cəmi 18048,23 manat təşkil edir. İşdə olan kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit hesabı üzrə qrafikdən görünür ki, ödəniş məbləği hər ay 754 manat təşkil edir. İşdə olan 18.02.2021-ci il tarixli, 356/HO-OUT nömrəli bildirişin surətindən görünür ki, cavabdehlər müqavilə üzrə öhdəliklərin icrasının həyata keçirilməsi, əks təqdirdə qanunla müəyyən olunmuş qaydada müqaviləyə xitam veriləcəyi və məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişlər. Cavabdeh apellyasiya şikayətində kredit borcunun məbləğini (apellyasiya şikayətində yalnız faizləri, apellyasiya şikayətinə əlavədə isə həm də əsas borcu) mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda, işdə olan sübutlardan da (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Həmçinin, işdən görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunmuş cəriməni azaldaraq, 100 manat həddində təmin etmişdir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(008)-3612/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(008)-3612/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar