Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11013/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə cavabdeh arasında Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1937 saylı məhəllə, bina 1, blok 1, 8 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.metr olan, 7 saylı mənzilin alqı-satqısına dair bağlanmış 19643 saylı, 05.04.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(008)-2981/21) iddia qismən təmin olunaraq "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1937 saylı məhəllə, bina 1, blok 1, 8 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.metr olan, 7 saylı mənzilə dair bağlanmış 19643 saylı, 05.04.2018-ci il tarixli müqavilə ləğv edilmiş və həmin mənzilin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küşəsi,1937 saylı məhəllə, bina 1, blok 1, 8 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.metr olan mənzilin alqı-satqısına dair 05.04.2018-ci il tarixli, 19643 saylı müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin dəyəri 80000 manat müəyyən edilmişdir. Cavabdeh həmin məbləğin 20000 manatını bu müqavilə imzalandıqdan sonra 5 gün müddətində, qalan 60000 manatı isə 60 ay müddətində, hər ay 1000 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək mənzili cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, mənzilə görə heç bir ödəniş etməmişdir. Cavabdehə edilmiş şifahi və rəsmi xəbərdarlıqlara baxmayaraq onun tərəfindən ödənişlər edilmir. Müqavilənin 3.1.1.3. və 3.1.1.6-cı bəndlərinə əsasən alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini pozduqda və ya 30 təqvim günü ödəniş etmədikdə satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC-də sürücü işləmiş, 05.04.2018-ci il tarixli, 19643 saylı müqaviləyə əsasən ailəsi ilə birlikdə mübahisəli mənzilə köçüb yaşamışdır. Şirkətin rəhbərliyinin dediyinə görə aylıq ödənişlər onun əmək haqqı hesabına ödənilməli idi, hazırda o, həmin şirkətlə əmək münasibətində deyil, işdən çıxmışdır. Heç bir ödənişin edilmədiyini o, icra məmurundan öyrənmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sabunçu Rayon Məhkəməsinin iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05.04.2018-ci il tarixli 19643 saylı müqaviləyə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1937 saylı məhəllə, bina 1, blok 1, 8 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.metr olan, 7 saylı mənzil satıcı tərəfindən alıcıya satılmış və alıcı öz növbəsində həmin mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 16.02.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh müqavilə üzrə 05.04.2018-ci il tarixdən 11.02.2021-ci il tarixinə qədər ümumiyyətlə ödəniş etməmiş və gecikmə müddəti 2 il 9 ay təşkil edir. İşdən həmçinin görünür ki, "xxxx" ASC 16.02.2021-ci il tarixdə Cavabdeh müqavilənin ləğvi barədə təklif göndərmişdir. Həmin təklifdə ASC 05.04.2018-ci il tarixli 19643 saylı müqavilə üzrə ödənişlər aparılmadığından müqaviləyə birtərəfli qaydada xitam verdiyini bildirmiş və ən geci 5 gün müddətində müqavilənin ləğv edilməsi barədə razılaşmanın bağlanmasını təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. "xxxx" ASC 12.03.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onun tələbi müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi barədədir. Birinci instansiya məhkəməsi qeyd olunan tələblər üzrə iddianı əsaslı saymışdır. Məhkəmə tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəalarının tətbiq edilməli olduğu qənaətinə gəlmiş və müəyyən etmişdir ki, tərəflər arasında Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1937 saylı məhəllə, bina 1, blok 1, 8 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv.metr olan, 7 saylı mənzilin nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh mənzilin dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetiməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə ilə müəyyənləşdirilmiş aylıq ödənişlər həyata keçirilməmiş, onun tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuş, iddiaçı cavabdehə müqavilənin ləğv edilməsi barədə təklif göndərmiş, lakin cavabdeh tərəfindən hər hansı cavab verilmədiyinə görə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan normalarda müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları kimi tərəflərin razılaşması, Mülki Məcəllədə və ya müqavilədə müəyyən edilmiş hallar və tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması nəzərdə tutulmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, cavabdehin 05.04.2018-ci il tarixdən etibarən müqavilə ilə müəyyənləşdirilmiş ödənişləri həyata keçirməməsi müqavilənin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmişdir. Bu baxımdan, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbi əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh "xxxx" ASC-də sürücü işləmişdir və Şirkətin rəhbərliyinin dediyinə görə mənzilə görə aylıq ödənişlər onun əmək haqqı hesabına həyata keçirilməli idi. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehin "xxxx" ASC-də sürücü işləməsinə dair işdə heç bir sübut yoxdur. Digər tərəfdən, cavabdeh həmin şirkətdə sürücü, yaxud hər hansı digər vəzifədə işləmiş olsa belə, bu hal onu müqavilə üzrə öhdəlikləri yerinə yetirmək, aylıq ödənişləri ödəmək vəzifəsindən azad etmir. Cavabdeh mənzilə görə aylıq ödənişlərin onun ASC-dən aldığı əmək haqqı hesabına həyata keçirildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 152, 157, 228-ci və Mənzil Məcəlləsinin 29, 30-cu maddələrinə istinad etsə də, həmin normaların hazırkı mübahisəyə hər hansı aidiyyəti olduğunu əsaslandırmamış, sadəcə həmin normaları sadalamaqla kifayətlənmişdir. Məhkəmə kollegiyası adı çəkilən normaların hazırkı iş üzrə mübahisəyə tətbiqini mümkün saymır və göstərilənlərə əsasən apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən göstərilən tələblərə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11013/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11013/2021
20.12.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver