Məhkəmə qərarları › İş №2(103)-11015/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11015/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11015/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (keçmiş İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(008)-227/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (keçmiş İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 02.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10650.61 manat əsas, 7016.54 manat faiz, 349 manat cərimə borcu olmaqla, cəmi 18016.15 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X1 küçəsində yerləşən 1 otaqlı, 18,7 kv.m yaşayış sahəsindən ibarət 3 nömrəli evin 8 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Sabunçu Bakıxanov qəsəbəsi, X1 küçəsində yerləşən 1 otaqlı, 18,7 kv.m yaşayış sahəsindən ibarət 3 nömrəli evin 8 nömrəli mənzilinin hərracdan satışının hesabına əldə olunan vəsait hesabına İddiaçı-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X1 küçəsində yerləşən, 1 otaqlı, 18.7 kv.m yaşayış sahəsindən ibarət 3 nömrəli evin 8 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X1 küçəsində yerləşən, 1 otaqlı, 18.7 kv.m yaşayış sahəsindən ibarət 3 nömrəli evin 8 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02.07.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı-nin 1 saylı filialından illik 25 faizlə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X1 küçəsində yerləşən, 1 otaqlı, 18.7 kv.m yaşayış sahəsindən ibarət 3 nömrəli evin 8 nömrəli mənzili 02.07.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə görə, şərtləşdirilimiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən, hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 14.11.2019-cu il tarixədək Cavabdeh1 kredit müqaviləsi üzrə banka 10650,61 manat əsas, 7016,54 manat faiz, 349 manat cərimə borcu olmaqla, cəmi 18016,15 manat borcu qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borc ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibət bildirmir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə vermiş, ərizəni onunla əsaslandırılmışdır ki, hazırki iddia ərizəsi 22.11.2019-cu il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi 02.07.2014-cü ildə 60 ay müddətinə bağlanmışdır. 25.05.2016-cı il tarixdə cavabdeh Banka yenidən müraciət edərək, kredit müqaviləsinin müddətinin uzadılasını xahiş etmiş və bununla da kredit müqaviləsinin müddəti 02.10.2020-ci il tarixədək uzadılmışdır. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri vaxtında yerinə yetirilmədiyindən, 02.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 22.01.2020-ci il tarixədək hesablanmış 10650,61 manat əsas, 7519,44 manat faiz və 411,50 manat cərimə borcu olmaqla, cəmi 18581,55 manat tutulmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 02.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10650,61 manat əsas, 7519,44 manat faiz, 411,50 manat cərimə borcu olmaqla, cəmi 18581,55 manat məbləğində pul vəsaitinin, 30 manat məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutularaq, ümumilikdə 18641(on səkkiz min altı yüz qırx bir) manat, 55 (əlli beş) qəpik "xxxx" ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X1 küçəsində yerləşən, 1 otaqlı, 18.7 kv.m yaşayış sahəsindən ibarət 3 nömrəli evin 8 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmeti olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X1 küçəsində yerləşən, 1 otaqlı, 18.7 kv.m yaşayış sahəsindən ibarət 3 nömrəli evin 8 nömrəli mənzilinin ilkin satış qiymətinin 35000 (otuz beş min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitdən cəmi 18641,55 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASCyə ödənilməsi, satışdan əldə olunan vəsait ipoteka saxlayanın tələblərindən artıq olarsa, artıq məbləğin cavabdehə qaytarılması, Cavabdeh1 145 (yüz qırx beş) manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən əsas, faiz və cərimə borcları həddindən artıq şişirdilmiş və məhkəmə bu məbləğlərin yenidən hesablanması üçün heç bir hərəkət etmədən cərimə məbləğini azaldılmaqla kifayətlənmişdir. Bundan başqa məhkəmə iş ekspertiza mərkəzindən qayıtdıqdan sonra onu rəylə tanış etmədən müvafiq araşdırma aparmadan onun iştirakı olmadan qətnamə qəbul etmişdir. Cavabdehin ümumiyyətlə məhkəmə iclaslarından və məhkəmə qətnaməsindən məlumatım olmamışdır. Apellyasiya baxışı zamanı Cavabdeh1 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Cavabdeh bankla bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə onun məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqavilələrə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsinin bitmə müddəti 02.10.2020-ci il olduğundan artıq həmin müddət başa çatmış və müqavilənin ləğvinə ehtiyac qalmamışdır. Kredit müqaviləsi üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzilin satışından əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Cavabdeh1 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X1 küçəsində yerləşən, 1 otaqlı, 18.7 kv.m yaşayış sahəsindən ibarət 3 nömrəli evin 8 nömrəli mənzilə tutma yönəldikdə və açıq hərracdan satıldıqdan sonra onun mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia bu hissələrdə təmin edilə bilməz. İpotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatda mənzilin bazar dəyəri 40000 manat, likvid dəyəri isə 35000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehin Banka olan borcu isə cəmi 18581,55 manat təşkil edir. İpoteka predmeti olan mənzilin dəyəri cavabdehin Banka olan ümumi borcundan çox olduğundan, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Həmçinin, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan mənzilə yönəldildikdə əgər mənzilin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olarsa artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilmiş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu sübut edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iş materiallarında Cavabdeh1 məhkəmə iclaslarında iştirak etdiyi öz əksini tapmışdır, lakin işdə ekspertiza rəyinin ona təqdim edilməsi barədə hər hansı müraciəti mövcud deyildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(008)- 227/2021 saylı qətnaməsi mübahisələndirilən - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar