Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11022/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 vəkili X5 iştirakları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 müştərək qaydada AN-İ № ******* saylı, 27.09.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilmiş, lakin X13 tərəfindən qoyulub və götürülmüş, ona çatmamış əmlakın qarşılığı olan, ödənilməyən pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə dəqiqləşmə verərək Cavabdeh1 evin dəyərinə görə 23.260 manat, yoldaşı X6 müalicəsinə çəkilən xərcə görə 3.250 manat, mənəvi ziyana görə 10.000 manat vəsaitin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, evi saxta yolla əlindən alınmış şəhid ailəsidir. Cavabdeh1 2019-cu ildə onu və ailəsini “mülkiyyətdən istifadəyə dair maneələrin aradan qaldırılması, zəbt olunmuş tikilidən çıxarılma, zəbt olunmuş sahənin sahə mülkiyyətçisinə qaytarılması, zəbt olunmuş sahədə qanunsuz inşa edilmiş tikililərin sökülməsi”nə dair iddia ərizəsi ilə 22 avqust 2019-cu ildə Suraxanı Rayon Məhkəməsinə vermişdir. Bütün tələbləri saxtakarlıq və mülahizələrdən ibarət olsa da, iddiaçının tələbləri qismən təmin edilmiş, 14 noyabr 2019-cu il tarixli, 2(010)-4701/2019 saylı iş üzrə qətnamə çıxarılmışdır. Qətnamədə cavabdehin tələbləri mülk hissəsində “Alqı-satqı müqaviləsi”nə istinadən təmin edilmişdir. O da eyni zamanda polisə müraciət etmişdir. Belə ki, 2(010)-4701/2019 saylı işdə sözü gedən AN-İ № ******* saylı, 27.09.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun etibarnaməsilə notariatın Bank Respublikada olan hesabından, 32260 (otuz iki min iki yüz altmış) manat bir, 12098 (on iki min doğsan səkkiz) manat bir, cəmi 44358 (qırx dörd min üç yüz əlli səkkiz) manat pul vəsaitini alan, lakin ona təqdim etməyən, Fəridənin tanışı olan Cavabdeh2 müəyyən etsinlər və cavabdehlərə cinayət işi açıb ona məxsus olan pulu onlardan alınıb verilməsini təmin eləsinlər. Polis müvafiq olaraq araşdırma aparmış, izahatlar almış, mülki iş olduğu, məhkəmə qaydasında həll edilməli olması barədə rədd qərarı çıxarmışdır. Həmin vaxt məhkəmə davam edirdi. Məhkəmənin yekun qərarı qüvvəyə minməmişdi. Hərçənd istintaqın qərarın birinci instansiya məhkəməsinin qətnaməsi verilənə qədər ala bilməmişdir. Fəridə sözü gedən formal alqısatqını, məhkəməyə həqiqi alqı-saqtı kimi təqdim etdi. Onillərlə yaşadığı mülkünü həmin müqaviləyə istinadən məhkəmə vasitəsi ilə alıb ələ keçirməyə çalışırdı. İşlə bağlı aidiyyatı üzrə apelyasiya şikayəti vermiş, 23 yanvar 2020- ci il tarixində, apelyasiya məhkəməsinə istintaqın rədd qərarın təqdim etsə də, məhkəmə “pulunuzu Qumşut apanb, Fəridəyə heç bir aidiyyatı yoxdur, gedin onu ayrıca pul tələbi ilə məhkəməyə verin” deyərək, hazırlıq iclasında heç bir araşdırma aparmadan, tərəfləri dinləmədən birbaşa qərar verərək 1-ci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan qətnamə çıxarmışdır. Hərçənd Qumşutu pul qoyub formal alqı-satqını həyata keçirməsi üçün Fəridə gətirmişdi. Buna heç kim baxmamışdır. Daha sonra Ali Məhkəməyə müraciət etmiş, eyni vəziyyətlə qarşılaşmışdır. Burada heç Qumşut məsələsinə toxunulmamışdır. Eləcə, formal alqı-satqı həqiqi alqı-satqı hesab edilmiş, qətnamələr dəyişdirilmədən saxlanmışdır. Mülkü əlindən alınıb sələmçi Fəridəyə verilməsi qərarla təmin edildi. Hal-hazırda o, mülkün qarşılığında Fəridənin onlara ödədiyi vəsaiti tələb edir. Rəsmi sənədlərlə faktiki ona ödənilmiş sayılan vəsaiti. Daha sonra o, polisin istintaqından əldə etdiyi sübutlarla Qumşutu pul tələbi ilə Suraxanı Rayon Məhkəməsinə vermiş, lakin Qumşut Sabunçu rayonunun qeydiyyatında olduğuna görə aidiyyatı üzrə iddia ərizəsini Suraxanı rayonundan geri götürərək Sabunçu Rayon Məhkəməsinə vermişdir. İcranın dayandırılması ilə bağlı məhkəməyə müraciəti icraata götürülmüş olsa da, bildiriş qəsdən ləngidilmişdir ki, icra həyata keçirilsin. Cavabdeh2 Sabunçu Rayon Məhkəməsi prosesə cəlb etmiş. Məhkəmə araşdırması zamanı Qumşut çıxışında Fəridəni əvvəllər yaxın münasibətdə olduğu Lətafət vasitəsi ilə tanıdığını bildirmişdir. Belə ki, Fəridəyə formal alqı-satqmı həyata keçirmək üçün pul lazım olduğunu Lətafət ona bildirmiş, Qumşut isə 200 manat qarşılığında alqı-satqının təmin olunması üçün tələb olunan vəsaitin onun tərəfindən Fəridəyə verildiyini bildirdi. Qumşut alqı-satqıdan sonra pulun notariat hesabından çıxarılmasını kimsəyə etibar etmədiyini, ona görə pulu alan tərəfdən, yəni ondan etibarnamə istədiyini Fəridəyə bildirmişdir. Beləliklə ona çatmalı olan pulu onun etibarnaməsilə, yəni, öz pulunu aldığını məhkəmədə bildirmişdir. Məhkəmə bu məqamda cavabdehin Fəridə olduğu qənaətinə gəlmişdir. Lakin, Fəridənin Suraxanı rayonu ərazində yaşadığına görə eyni zamanda əvvəlki qərarlara görə Suraxanının qərarlarını qurdalamamaq niyyəti ilə tövsiyyə etmişdir ki, Sabunçu məhkəməsindən ərizəni götürüb aidiyyatı üzrə Suraxanı məhkəməsinə verək. Onlar, minvalla işi Sabunçudan götürüb yenidən Suraxanıya vermişlər. Lakin, bütün məhkəmə instansiyaları Fəridənin xeyirinə qərar qəbul edilmişdir. Belə olduğu təqdirdə, onlar ödənmiş deyilən pul vəsaitini tələb edirlər. Pulu notariat hesabından çıxaran Qumşut Sabunçu məhkəməsində iddianı qəbul etdi və bildirdi ki, pulu götürüb doğrudur, amma öz pulunu götürüb. Bütün saxtakarlığı quranın isə Fəridə olduğunu bildirdi və onun məhkəməyə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq nörmaları pozulduğu, sübutların düzgün qiymətləndirilmədiyi və digər əsaslar göstərilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdeh Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini, iddianın təmin olunması barədə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinin 29.11.2019-cu il tarixli 100- 8423M-1219 saylı Nümayəndə ünvanlanmış məktubundan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. - Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli 2(010)- 4701/2019 saylı qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər İddiaçı, X8, Nümayəndə və X9 qarşı «iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən «A» tikilisindən çıxarılmaları, iddiaçının mülkiyyətində olan həmin tikilinin boşaldılaraq iddiaçıya boş vəziyyətdə təhvil verilməsi, həmin sahədən istifadəyə dair yaradılmış maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və mənəvi zərərin tutulması tələbinə dair ilkin və cavabdeh İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, evin alqı-satqı müqaviləsi üzrə müəyyən olunmuş dəyərinin ödənilməsi və pulun qanunsuz saxlanılması nəticəsində faizlərin hesablanaraq tutulması tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X10, Nümayəndə və X12 Bakı şəhəri, Suraxanı 'ayonu, Hövsan qəsəbəsində yerləşən 59/67-537/545 nömrəli bağ evinin paylı mülkiyyət nüququ üzrə X2 məxsus olan «A» tikilisindən çıxarılması, X2 məxsus olan «A» tikilisi cavabdehlər İddiaçı, X10, Nümayəndə və X12 tərəfindən boşaldılaraq iddiaçıya boş vəziyyətdə təhvil verilməsi və həmin tikilidən istifadəyə dair yaradılmış maneələr cavabdehlər tərəfindən aradan qaldırılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, İddiaçı X2 qarşı AN-İ № ******* saylı 27.09.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, evin alqı-satqı müqaviləsi, üzrə müəyyən olunmuş dəyərinin ödənilməsi və pulun qanunsuz saxlanılması nəticəsində faizlərin hesablanaraq tutulması tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə 2008-ci ildə bağlanmış və cavabdehə evin alqı-satqısından əldə olunmuş vəsaitin ona verilməməsi artıq həmin vaxt ona məlum olmuşdur. Lakin, buna baxmayaraq cavabdeh alqı satqı müqaviləsinin etibarsızlığını tələb etməmiş və buna heç bir cəhd göstərməmişdir. Bundan başqa, iş materallarından müəyyən olunur ki, cavabdeh İddiaçı Allahverdi qızı Cavabdeh2 Respublika Bankının **********1370 saylı depozit hesabında olan 12098 manat və 32260 manat pulu almağı, aldığına dair imza etməyi və tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hərəkətləri etməyi etibar etmişdir. Məhkəmə hesab etmişdir ki, evin dəyəri Cavabdeh1 tərəfindən notariat kontoruna mədaxil olunduğundan 34000 manat pulun tutulması hisəsində qarşılıqlı iddia tələbi əsassızdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli 2(103)- 2322/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli 2(010)-4701/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilmişdir. Ali Məhkəmənin 2(102)-4632/2020 saylı 15.10.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli 2(103)- 2322/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materillarına X6 Respublika Narkoloji mərkəzində asılılıq sindromu (Xr alkoqolizm) diaqnozu ilə qeydiyyatda olması və xəstəlikləri ilə əlaqədar müayinələrdən keçməsi ilə bağlı tibbi sənədlər əlavə edilmişdir. Beləliklə, işin müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilə imzalanmış, sonradan onların aralarında bununla bağlı məhkəmə mübahisələri olmuşdur. Məhkəmələr alqı-satqı müqaviləsi üzrə cavabdehin hüquqlarını tanımış, eləcə də, satış pulunun cavabdeh tərəfindən nümayəndə vasitəsi ilə verildiyi qənaətinə gəlmişlər. Hazırkı iddia tələbində iddiaçı əslində alqı-satqı pulunun onlara verilmədiyini, cavabdehin pulu mənimsədiyini iddia edirlər və bunun sübutu kimi CD disk və digər yazılı sübutlar təqdim edirlər. Cavabdeh tərəf bu məsələyə artıq əvvəlki məhkəmə aktları ilə münasibət bildirildiyini qeyd edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işdə preyudisiallıq prinsipi baxımından yuxarıda qeyd edilən məhkəmə qətnamələri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin qətnamələrlə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi etibarlı hesab edilmiş, həmçinin yaranmış müqavilə münasibətləri çərçivəsində İddiaçı Cavabdeh1 mübahisəli evin satışı ilə bağlı pul tələbi əsassız hesab edilmişdir. Ona görə də, hazırkı işdə iddiaçı tərəfin cavabdeh tərəfdən müqavilə münasibətlərindən yaranan əsaslarla mübahisəli evlə bağlı, pul tələb etməsi əsaslı hesab edilə bilməz. Çünki, işə daha əvvəl baxan məhkəmələr tərəfindən bu məsələlərə qiymət verilmiş və tərəflər arasında müqavilə etibarlı hesab edilmişdir. Alqı-satqı müqaviləsinin əsasını satıcının əmlakı alıcıya verməsi müqabilində alıcının həmin əmlakın dəyərini satıcıya verməsi təşkil edir. Belə olan halda, nə qədər ki, müqavilə etibarlı hesab edilmişdir, demək ki, iddiaçı tərəf də razılaşdırılmış satış pulunu qəbul etmiş sayılır. Birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının həyat yoldaşı X6 müalicəsinə çəkilən xərc hissəsini əsassız hesab edir. Belə ki, əvvəla iddiaçı X4 X6 adından iddia qaldırmaq səlahiyyəti iş materialları ilə müəyyən olunmur, bundan başqa, hazırkı mübahisə ilə bağlı cavabdeh tərəfindən O.N.Mustafayevin səhhətinə hər hansı bir ziyan vurulması halı da sübut olunmur. Birinci instansiya məhkəməsi tələbin mənəvi ziyan hissəsi ilə bağlı qeyd edir ki, mənəvi ziyan tələbi iddianın əsas hissəsini təşkil edən pul tələbi ilə bağlıdır və iddianın cavabdehlərə qarşı pul tələbinə dair hissəsi təmin edilmədiyinə görə mənəvi ziyan tələbi də əsaslı deyildir və təmin edilməməlidir. Çünki, mənəvi ziyan vurulması halı iş materialları ilə təsdiq edilmir və formal mülahizələrə əsaslanmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11022/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11022/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver