Məhkəmə qərarları › İş №2(103)-11023/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11023/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11023/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3367/2021 saylı, 05 avqust 2020ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini “maraqlı şəxs” kimi göstərməklə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Əli Kərim küçəsi, 120 saylı fərdi yaşayış evinin 1-ci mərtəbə, 74.0 kv.m, 2 otaq, 4 saylı mənzilin və 1-ci mərtəbə, 77.0 kv.m, 2 otaq, 2 saylı mənzilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mənzilə dair çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3367/2021 saylı, 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 120 saylı fərdi yaşayı evinin 1-ci mərtəbə, 74.0 kv.m, 2 otaq, 4 saylı mənzilə və 1-ci mərtəbə, 77.0 kv.m 2 otaq, 2 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3367/2021 saylı, 05 avqust 2020ci il tarixli qərardadı ilə iddia tələbinin mənzilə dair çıxarışın verilməsi hissəsi üzrə icraata xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, hazırki iddia yolverilməz iddia olduğu halda məhkəmə iddia ərizəsin qəbul etmişdir. Məhkəmənin qətnaməsindən də göründüyü kimi, iddiaçı sözügedən dasınmaz əmlak üzərində həbs olduğu üçün əmlakla bağlı notarial qaydada müqavilə baqlana bilməməsi səbəbindən məhkəməyə müraciət etmis və alqı-satqı müqaviləsinin bağlanmıs hesab edilməsini xahiş etmişdir. İddianı təmin etmək ücün tədbir olaraq Sabunçu Rayon Məhkəməsinin 8(008)- 755/2019 nömrəli. 12.09.2019-cu il tarixli qərardadına əsasən Cavabdeh oqlunun Bakı səhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim kücəsi, 120 saylı fərdi yasayıs evindəki payı üzərinə həbs qoyulmusdur. İddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etməsinin heç bir normativ əsası yoxdur. Belə ki, hazırki işə hüquqi əhəmiyyəti olan fakt kimi yanassa belə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmis sənədlərin bərpası mümkün olmasın. İşin hallarından da göründüyü kimi əmlak üzərində həbs olduğu üçün alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamısdır. Digər tərəfdən isə, hazırki işə xüsusi icraat qaydasında yox, iddia icraatı qaydasında baxılmışdır. Beləliklə, qanunvericiliyə əsasən sözügedən dasınmaz əmlakın alqı-satqısı yalnız notariat qaydasında təsdiqlənə bilərdi. Yuxarıda qeyd edilənlərə əsasən məlum olur ki, is məhkəmədə baxılmalı olmadığı halda, məhkəmə iddia ərizəsini qəbul etmis və işə mahiyyəti üzrə baxmıs, məhkəmə araşdırması zamanı belə əmlak üzərində həbsin olmasının məhkəməyə məlum olmasına baxmayaraq is üzrə icraata xitam verilməmisdir. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən dasınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə yolverilməz iddianı icraata qəbul etməkdən əlavə, həmçinin, Cavabdeh sözügedən fərdi yaşayıs evində onun hissəsinin naturada bölünməsinin mümkünlüyü əsaslandırmamıs, ekspertiza təyin edilməmişdir. Göründüyü kimi, məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almamış və müvafiq mülki işə dair qətnamə qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin, müvafiq qətnamə qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş və məhkəmənin istinad etdiyi hallar qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı hüquq norması ilə əsaslandırılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 07.07.2018-ci il tarixdə yaşayış binasında mənzil tikintisi haqqında müqavilələr bağlanmışdır və həmin müqavilələr əsasında icraçı Cavabdeh, öz mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 120 saylı fərdi yaşayış evinin 1-ci mərtəbə, 74.0 kv.m, 2 otaq, 4 saylı mənzilə və 1-ci mərtəbə, 77.0 kv.m 2 otaq, 2 saylı mənzilləri payçı İddiaçı verməyi öhdəsinə götürmüş, öz növbəsində iddiaçıda həmin mənzillərin dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 07.07.2018-ci il arayışlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 120 saylı fərdi yaşayı evinin 1-ci mərtəbə, 74.0 kv.m, 2 otaq, 4 saylı mənzil və 1-ci mərtəbə, 77.0 kv.m 2 otaq, 2 saylı mənzillər üçün 63.000 və 65.000 manat ödəniş etməsinə baxmayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)- 755/2019 saylı, 12.09.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 120 saylı fərdi yaşayış evinin Cavabdeh aid hissəsinə həbs qoyulduğundan tərəflər arasında bağlanmış müqavilə qanunvericliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 120 saylı fərdi yaşayış evinin 1-ci mərtəbə, 74.0 kv.m, 2 otaq, 4 saylı mənzilə və 1-ci mərtəbə, 77.0 kv.m 2 otaq, 2 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi tam, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməsi hissəsində iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), hansısa maddi hüquq normasının dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların hansısa maddi hüquq normalarının dispozisiya şərtləri uzlaşması müəyyən edilmir. Ancaq birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1-ci, 567, 568.1,646.1, 648.1-ci maddələrinə istinad etsə də bu normaların tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi üçün hansı əhəmiyyəti malik olduğunu açıqlamamış yaxud bu normaların iddia tələbinin qanuni əsası kimi çıxış edə bilməsinin mümkünlüyü barədə də heç bir arqument göstərməmişdir. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumuнун 22 mart 2006-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqeyə görə … əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır….Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir…Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması;notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumuнун 31may 2006-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə … qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır.Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. İşdən görünür ki, iddiaçı ilə cavabdeh arasında 07.07.2018-ci il tarixdə yaşayış binasında mənzil tikintisi haqqında 2 müqavilə bağlanmış, müqavilələrin şərtlərinə görə cavabdeh ünvan 1 ünvanda yerləşən binada dəyəri 65000 manat, ümumi sahəsi 77 kv.m olan 2 nömrəli və dəyəri 6300 manat, ümumi sahəsi 74 kv.m olan 4 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixli maliyyə arayışlarına əsasən iddiaçı qeyd olunan mənzillərə görə həmin məbləğləri ödəmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa və məlumata əsasən(bax.i.v.64;97)Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Kərim küçəsindəki 120 nömrəli evdəki payı “qalan hissə” kimi 07.04.2017-ci ildə qeydə alınmışdır. Lakin bu payın naturada bölgüsü aparılmamışdır. Başqa sözlə Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Kərim küçəsindəki 120 nömrəli evdəki payı mənzil 2 və 4 kimi qeydiyyatdan keçməmişdir. Buna baxmayaraq, birinci instansiyası məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)- 755/2019 saylı, 12.09.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 120 saylı fərdi yaşayış evinin Cavabdeh aid hissəsinə həbs qoyulduğundan tərəflər arasında bağlanmış müqavilənin qanunvericliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilə bilmədiyini əsas götürüb üzərində həbs olduğunu və konkret olaraq 2 və 4 nömrəli mənzillər kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını bilə-bilə alqı-satqı müqaviləsini bağlanmış hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələbini və Konstitusiya Məhkəməsi Plenumunun hazırki mülki işin xarakterinə uyğun formalaşdırdığı mövqeyini də nəzərə alıb hesab edir ki, şikayətdə göstərilən dəlillər əsaslı olduğundan təmin edilməlidir. Əvvəla, ona görə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən daşınmaz əşyanın üzərində həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilmişdir. Ancaq birinci instansiya məhkəməsi bunu bilə-bilə alqı-satqı müqaviləsini bağlanmış hesab etmişdir. İkincisi, daşınmaz əşyalarla bağlı alqı-satqı müqavilələri yazılı qaydada bağlanmalı və notarial qaydada təsdiq olunmalı olması qanunun imperativ tələbidir və bu tələblərə riayət edilməməsi həmin əqdin etibarlı olmasını istisna edir. Tərəflərin bu müqavilələrin notarial qaydada təsdiq olunmasını reallaşdırıla bilməməsi də bəlli idi, çünki, üzərində həbs olmuşdur. Ancaq birinci instansiya məhkəməsi bunları nəzərə almamış, müqavilələri bağlanmış hesab etməklə, sanki tərəfləri düşdükləri “çətin vəziyyətdən” xilas etmişdir. Üçüncüsü, qanuna riayət edilmədən cavabdehin mənzili iddiaçıya verməsi iddiaçının mənzil üzərində mülkiyyət hüququnun yaranması üçün əsas ola bilməz. Çünki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yarana bilər. İddiaçının mülkiyyətçisi olan mənzilə qanunun tələblərinə əməl olunmadan faktiki sahibliyinin yaranması isə özü-özlüyündə hazırki, iddianın təmin olunması üçün hələ nəisə demək deyil. Çünki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən dasınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 394-cü maddəsinin tələbinə əsasən də bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göstərilənlərdən əlavə, hazırki iş üzrə məhkəmənin iddianı rədd etməməsi düzgün olmamışdır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun tərəflər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Hazırki iş üzrə də tərəflər alqı-satqı müqavilələrinin bağlanmış hesab olunmasına həm də ona görə nail olmaq istəyirlər ki, üzərində həbs olan daşınmaz əşyanın hansısa hüquqdan və qanundan kənar yolla yüklülükdən azad etsinlər və öhdəliklərinin icra olunmasına bu yolla nail olsunlar. Əlbətdə ki, bu hallar yolverilməzdir. Çünki, qanunvericiliyə uyğun bağlanması tələb edilən əqdlərin bu cür üsullarla bağlanılmasına nail olunması özü hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir. Əks halda mülki hüquqda daşınmaz əşyalarla bağlı əqdlərin notarial qaydada təsdiq edilməsi institutunun da əhəmiyyəti də qalmazdı. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3367/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3367/2021 saylı, 05 avqust 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar