Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11024/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nın nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(002)-2/2021 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar LPO İddiaçı ASC borclular Cavabdeh və Qarayev Əlipənah Ataxan oğluna qarşı “kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh və Qarayev Əlipənah Ataxan oğlundan 3.071 manat məbləğində əsas borc, 3.097 manat faiz olmaqla, cəmi 6.168 manat məbləğində kredit borcunun, kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq bank tərəfindən ödənilmiş 12 manat və 20 manat məbləğində dövlət rüsumunun tutulub kreditor LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(002)- 3037/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Həmin məhkəmə əmrinə borclu Cavabdeh etiraz təqdim etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(002)- 3037/2016 saylı qərardadına əsasən etiraz təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(002)-3037/2016 saylı məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. Bundan sonra, iddiaçı LPO İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5 onun hüquqi varisi- Hacıqabul rayonu Qızılburun kəndində qeydiyyatda olan X7 ilə əvəz edilməsi, cavabdehlər X1 və Cavabdeh 3.071 manat məbləğində əsas borc, 3.097 manat məbləğində faiz olmaqla, cəmi 6.168 manat məbləğində kredit borcunun, kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq bank tərəfindən ödənilmiş 12 manat və 20 manat dövlət rüsumunun tutulub LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəsatəti təmin edilərək, mərhum X9 onun hüquqi varisi X7 ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, kreditor İddiaçı ASC-nin Səbail filialı ilə borclu X9 arasında bağlanılmış 05.11.2012-ci il tarixli 1067SBFFK saylı kredit müqaviləsinə əsasən borcluya şəxsi məqsədlər üçün 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən kredit məbləği kreditin kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq, hər 30 gün müddətin bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə 4.1-ci bəndlə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Qeyd olunan kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 24 % dərəcəsi ilə faiz ödəyir. Müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. X9 ilə bank arasında bağlanmış 05.11.2012-ci il tarixli 1067SBFFK saylı kredit müqaviləsinin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh zamin durmuşdur. Bu məqsədlə, Cavabdeh ilə 05.11.2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, borclunun banka 21.04.2016-cı il tarixə olan borcu 3.071 manat məbləğində əsas borc, 3.097 manat məbləğində faiz olmaqla, cəmi 6.168 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə borclu və zaminə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(002)-2/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin ediərək, 3.071 manat məbləğində əsas borc, 3.097 manat faiz olmaqla, cəmi 6.168 manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 12 manat rüsumun cavabdeh X1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(002)-2/2021 saylı qətnaməsinin iddia tələbinin zaminə aid təmin edilməməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı bankın pul tələbi yalnız əsas borclunun hüquqi varisinə yönəldilə bilər. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarına istinad etmişdir. Hesab olunur ki, belə mövqe anlaşılan deyil və ümumiyyətlə qəbul edilməzdir. Belə ki, sözügedən Qərarda Konstitusiya Məhkəməsi əksinə, əsas borclunun öldüyü halda zaminin məsuliyyətini təsbit edir. Qərarda yazılır ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Mülki Məcəllənin müddəalarından çıxış edərək bu qənaətə gəlmişdir. Mülki Məcəllədə zaminlik öhdəliyin təminatı üsulu kimi göstərilmişdir. Məcəllənin 472.1-ci maddəsində qeyd olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 05.11.2012-ci il tarixli “Zaminlik müqaviləsi”nin 1.1-ci maddəsində isə əsas öhdəliyin icra edilməməsi halında zaminin tam məsuliyyət daşıması şərt kimi qeyd olunmuşdur. Başqa sözlə, zaminlik müqaviləsində zaminin məsuliyyətini istisna edən digər bir şərt yoxdur. Məhkəmə yuxarıda qeyd olunmuş Plenum Qərarını öz mövqeyini əsaslandırmaq üçün istifadə etsə də, düzgün hüquqi nəticəyə gəlməmiş və Mülki Prosessual Məcəllənin 386- cı maddəsinə qeyd olunmuş pozuntuya yol vermişdir. Məhkəmə hazırki iş üzrə Konstitusiya Məhkəməsinin Plenum qərarını düzgün təfsir etməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə ilə həm də ona görə razılaşmaq olmaz ki, məhkəmə borcun hazırda yalnız əsas borclunun hüquqi varisindən tutulmasını və zaminə qarşı gələcəkdə bankın iddia qaldırması imkanını qeyd edir. Yazılanlardan belə qənaətə gəlmək olur ki (məhkəmənin mövqeyi belədir), bank əvvəlcə əsas borclunun vərəsələrinə qarşı iddia qaldırmalı, onlar barəsində qətnamə çıxmalı, qətnamə icraya yönəldilməli, vərəsələr tərəfindən öhdəlik icra olunmasa yenidən zaminə qarşı iddia qaldırılmalıdır. Qeyd olunanlar isə, həm maddi, həm də prosessual cəhətdən iddiaçı kredit təşkilatının hüquqlarını pozur. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü bəndinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsinin 05.11.2012-ci il tarixdə 24 aylıq bağlandığını nəzərə alsaq, belə çıxır ki, bankın Cavabdeh qarşı iddia qaldırmaq üçün 05.11.2015-ci ilə tarixə qədər vaxtı olmuş və bu müddət çoxdan ötürülmüşdür. Əgər biz zaminə qarşı “məhkəmənin hesab etdiyi şəkildə” iddia qaldırsaq, ərizəyə baxan məhkəmə Mülki Məcəllənin 477.0.4-cü bəndini əsas gətirərək tələbi təmin etməyəcəkdir. Əsas borclunun öldüyü halda cür prosedurun tətbiq olunması bankın məhkəməyə vaxtında müraciət etmək hüququnu süni şəkildə məhdudlaşdırır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini, iddianın tam təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın zaminə aid təmin edilməyən edilməyən hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan : 05.11.2012-ci il tarixli, 1067SBFFK saylı kredit müqaviləsinin surətindən görünür ki, LPO İddiaçı ASC tərəfindən cavabdeh X6 24 ay müddətinə, illik faiz dərəcəsi 24 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir; 27.04.2016-cı il tarixli maliyyə arayışından görünür ki, mərhum X5 21.04.2016-cı il tarixə 3.071 manat məbləğində əsas borc, 3.097 manat faiz olmaqla, cəmi 6.168 manat məbləğində kredit borcunun olması göstərilmişdir; 05.11.2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə X9 LPO İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, X9 13.07.2016-cı il tarixdə Hacıqabul rayonu Qızılburun kəndində ağciyər xəstəliyindən vəfat etmişdir. Mərhumun hüquqi varisi X4r. Xəbərdarlıq məktubundan görünür ki, LPO İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdeh X3 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı rədd edərkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. 2.Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. 3. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.Məhz bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləği hazırda yalnız borclunun hüquqi varisindən tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, mülki iş materiallarına əsasən müəyyən olunun ki, borclu 13.07.2016-cı ildə vəfat etmiş, onun öhdəliyinin icrasını gecikdirməsi 21.04.2016-cı il tarixdə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Yəni, əsas borclunun öldüyü günə kimi öhdəliyi yaranmış, həmin öhdəlik əsas borclu və onun vərəsələri tərəfindən icra etməmiş və ya lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 477.0.4-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya hesab edir ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı 05 noyabr 2014-cü ildə başa çatdığı gündən bir il ərzində kreditor cavabdehlərə qarşı iddia irəli sürmədiyindən, tələb 03.05.2016-cı ildə məhkəməyə verildiyindən, qanunvericiliyin tələbinə əsasən zaminin - kreditor qarşısında öhdəliyinə xitam verilməlidir. Ona görə də, iddia tələbi zamin Cavabdeh aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(002)-2/2021 saylı qətnaməsi mübahisələndirilən- zamin Cavabdeh borcun tutulmasının təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi zamin Cavabdeh borcun tutulması hissəsində təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-11024/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11024/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver