Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11026/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(008)-4472/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və X5ma qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2422,35 manat məbləğində əsas kredit borcu, 953,13 manat məbləğində faiz borcu və 924,74 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4300,22 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 07 fevral 2018ci il tarixdə bağladığı 361A********** saylı kredit müqaviləsi əsasında həmin bankdan aylıq 2,4167 faiz dərəcəsi ilə 15 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. 07 fevral 2018-ci il tarixli zaminlik müqaviləsinə görə X4 həmin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun 06 may 2020-ci il tarixinə 2422,35 manat məbləğində əsas kredit borcu, 953,13 manat məbləğində faiz borcu və 924,74 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4300,22 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(008)- 4472/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 kredit müqaviləsi üzrə 2422,35 manat məbləğində kredit borcu, 242,84 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2765,19 manat məbləğində borcun İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi X3 qarşı hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini X3 qarşı hissədə rədd edərkən ona istinad etmişdir ki, kredit müqaviləsinin müddəti 08 may 2019-cu il tarixdə başa çatmış, iddiaçı bundan 1 il keçdikdən sonra---29 iyul 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməlidir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin zaminə qarşı münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin zaminə qarşı hissədə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə zaminlik müqaviləsinin 4.1-ci bəndinə düzgün qiymət verməmişdir. Belə ki, zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətində, yəni 08 may 2022-ci il tarixinədək qüvvədədir. Bu səbəbdən X4 08 may 2022-ci il tarixinədək Cavabdeh1 İddiaçı QSC-yə olan borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun olaraq izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(008)-4472/2021 saylı qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi zaminə qarşı hissədə qismən təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnamənin iddia tələbinin zaminə qarşı hissədə təmin edilməməsi hissəsini mübahisələndirərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini zaminə qarşı hissədə rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, X4 ilə İddiaçı QSC arasında bağlanmış 07 fevral 2018-ci il tarixli 061G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, müqavilənin 4.1-ci bəndinə əsasən əsasən bu müqavilə kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətində qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin faktiki hallarından görünür ki, zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətində, yəni 08 may 2022-ci il tarixinədək zaminlik müqaviləsi qüvvədədir. Bu səbəbdən X4 08 may 2022-ci il tarixinədək Cavabdeh1 İddiaçı QSC-yə olan kredit borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Buna baxmayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi bu hala düzgün qiymət verməmiş, kredit müqaviləsinin 08 may 2019-cu il tarixdə bitdiyini qeyd edərək zaminlik müqaviləsinin 4.1-ci bəndini nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad edilsə də, həmin maddə düzgün tətbiq edilməmişdir. Belə ki, sözügedən maddənin məzmununa görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. İddiaçı ilə cavabdeh-zamin arasında bağlanmış müvafiq müqavilədə müddət müəyyən edilmiş və iddiaçı tərəfindən irəli sürülən tələb isə həmin müddət daxilində olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yenə həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İddiaçı QSC apellyasiya şikayətində iddianın zaminə qarşı münasibətdə tam təmin edilməsini xahiş etsə də, kollegiya hesab edir ki, əsas borcluya qarşı münasibətdə iddia qismən təmin olunduğuna görə zaminə qarşı da iddia həmin həcmdə təmin olunmalıdır. Hazırkı iş üzrə mübahisələndirilə bilən iddianın qiyməti 5000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(008)- 4472/2020 saylı qətnaməsi qismən, yəni iddia tələbinin X3 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada kredit və zaminlik müqavilələri üzrə 2422,35 manat məbləğində əsas kredit borcu, 242,84 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2765,19 manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11026/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11026/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver