Məhkəmə qərarları › İş №2(103)-1103/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1103/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1103/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(001)-5769/2017 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2017-ci il tarixinə təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-5769/2017 saylı qərardadına əsasən baxılmamış saxlanmışdır. İddiaçı Bank of Baku ASC-nin nümayəndəsi S.S.Qasımov xx.xx.2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim edərək, təyin edilmiş məhkəmə iclaslarından ümumiyyətlə məlumatlı olmadıqlarını bildirərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(001)-5769/2017 saylı qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(001)- 5769/2017 saylı qərardadına əsasən, İddiaçı ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci ii tarixli 2(001)-5769/2017 saylı qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasına dair ərizəsi təmin edilməmişdir. İddiaçı ASC tərəfindən həmin qərardaddan şikayət verilmişdir. Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(001)-5769/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin sənədlərindən müəyyən olunur ki, tərəflərə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş, tərəflər məhkəmə iclasının təyin edildiyi vaxtda məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi 5 ildən çox vaxt keçdikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etsə də, buna əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İstinad olunan prosessual normaların tələbindən müəyyən olunur ki, iddia ərizəsi MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla baxılmamış saxlanıldığı halda hakim iddiaçı və ya cavabdehin vəsatəti üzrə onun məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edildiyi halda öz qərardadını ləğv edə bilər, digər hallarda isə tərəf ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verildiyindən, məhkəmə iclasına gəlməyən iddiaçı 5 ildən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etdiyindən ərizə əsassızdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(001)-5769/2017 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(001)-5769/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar